Bakıda hava 18°
USD AZN
EUR AZN

MƏN Fenomeni. Qanunauyğunluq və onun strukturu

MƏN Fenomeni. Qanunauyğunluq və onun strukturu

(elmi-kütləvi fəlsəfi-psixoloji məqalə)

MƏNə maraq və ya insanın niyə yaranması fəlsəfədə vacib tezis olaraq uzun illər onun əsas tərkib hissəsi kimi aktuallığını saxlayır. MƏN probleminin əsas predmet kimi psixologiyaya daxil olması isə XIX əsrin ikinci yarısına təsadüf edir. Fəlsəfə və psixologiyanın tarixində MƏNin təbiətinə müxtəlif nöqteyi-nəzərlərdən yanaşılır. Bu fenomenin yeganə anlamı heç bu gün də mövcud deyil. Sözü gedən anlayışa dünyanın müxtəlif alimləri müraciət etmişlər: Ananyev, İ.S.Kon, V.V.Stolin, S.R.Pantilyev, S.L.Rubinşteyn, E.T.Sokolova, A.Q.Spirkin, T.Şibutani, U.Ceyms, K.Rocers, R.Berns, H.Olport, Z.Freyd, K.Horni, E.Erikson, M.Kun, T.Makpartlend və başqaları.

İlk dəfə Uilyam Ceyms XIX əsrdə MƏNi konsepsiya kimi təqdim edir. O, MƏNin strukturunu reflektiv (dərk edən) və empirik (dərk edilən) olaraq iki hissəyə bölüb, onu səbəb və nəticə şəklinə salır. Nəticənin səbəbə təsirindən MƏNin konsepsiyası, yəni özünüdərk yaranır. Özünüdərk prosesi sanki ikibaşlı kimi – həm dərkedənin, həm dərkedilənin və ya obyekt və subyektin bir hissəsi kimi – fəaliyyət göstərir. Bu səbəbdən də Ceyms bu prosesi iki istiqamətdə təqdim etməyə çalışır: şəxsiyyət və MƏN. Bir az da incələsək, o, bu prosesi “mövcudluğun ikiləşməsi” kimi yox, “eyniliyin iki istiqaməti” kimi anlaşılması metodunu işləyir.

XX əsrin birinci yarısında özünüdərkin və ya insan MƏNinin psixi xəstəliklərin müalicəsi, psixoterapiya və s. kimi praktik suallara cavab axtaran müxtəlif konsepsiyaları meydana çıxır. Bu əsrin ilk onilliyində yaranan ən tutarlı qanunauyğunluğun müəllifi psixoanalitik Ziqmund Freyddir. 

MƏN Fenomeni. Qanunauyğunluq və onun strukturu

MƏN anlayışına psixoanalitik yanaşma, bir şəxsiyyətdəki ruhi proseslərin təşkilatlanma rabitəsi vasitəsiylə dərk edilən adaptasiyaya nəzarət mərkəzi kimi təqdim olunur. Bu MƏN birbaşa dərketməylə bağlıdır, hərəkətin yaranmasını təmin edir və xarici aləmlə əlaqədəki oyanış rolunu oynayır. Freyd bu mövzuda üç komponentin münasibətindən danışır; bu həm super-eqo, həm o – yəni MƏN və üstün-MƏNdir. Psixi proseslərdə özünüdərkin və dərkedilənin anlaşılmayan və impulsivliyi ilə heç də az vacib olmayan rolunu qeyd edən Freyd, bu iki psixi sferanın qarşılıqlı münasibətlərini ikilaylı fəaliyyətdə öyrənməyi təklif edir.

Karen Horni gerçək özündən, MƏNdən – real insandan mərkəzləşmiş daxili güc kimi danışır. Bu təkrarolunmaz və unikal qüvvə öz mənbəyinin ən dərinliyindən özünütəsdiqə istiqamətlənir.

Karl Yunqun analitik psixologiyasında tamlıq və vahidlik olan MƏN simvolik olaraq sanki mandalanın bitkin fiquru kimi ifadə olunur. Ona yuxular, fantaziyalar, miflər, dini və mistik təcrübələrdə rast gəlmək olar. MƏN və ya ÖZÜM bizim mövcudatda olduğumuzu ifadə edə bilən psixi anlayışdır, hansı ki, özünün dərk edilə bilinməməsinə baxmayaraq, bizim düşünə biləcəyimizi mümkün edir. Yunq onu “içimizdəki Allah” adlandırır. Bu nöqtədən bütünlüklə bizim ruhi həyatımız doğulur, elə orada da bütün nəcib və rəzil məqsədlərimiz birləşir. Yunq güman edir ki, yetkin MƏNin uğuru əbədlilk, qərarlılıq, intellekt və zəngin həyat təcrübəsi tələb edir. Ekzistensial və ya humanist psixologiya “gerçək MƏN”i birinci planda görür.

Dispozisiya nəzəriyyələr təqdimatçısı Qordon Olport proprium anlayışını pozitiv, yaradıcı və inkişafa meylli olaraq ortaya çıxan insan təbiətinin məxsusiliyi kimi təqdim edir. Proprium – insanın ÖZü və ya MƏNidir. O, bir təşkilatlanmış və birləşmiş qüvvədir ki, insan həyatının bitkinliyini formalizə edir.

Robert Berns eyni mövzuda belə bir qərara gəlir: MƏN – özünə verdiyin qiymətlərlə bütün individual yanaşmaların ümumi qanunauyğunluğudur. O, MƏN-qanunauyğunluğunun tərkibinin təsvirində “MƏN obrazı” və ya “MƏN şəkli” terminlərindən istifadə edir. Özünə və yaxud məxsusi keyfiyyətlərinə münasibətlərini isə “ÖZqiymət” və ya “ÖZünü qəbul etmə” adlandırır. Bernsə görə, MƏN-qanunauyğunluq mövcudatda nəinki şəxsiyyətin xarici təsəvvürləri, eləcə də özü barədə, öz yaradıcı başlanğıcı və gələcəyinin inkişaf imkanları barədə düşünür.

Tomas Kun və Makpartlend hesab edirlər ki, MƏN- qanunauyğunluğun obyektiv (yetərincə ciddi sosial bağlılığı olan) komponenti xeyli ifadəlidir. Eləcə də obyektiv sosial tətbiqetmə sığınacaqları özünətətbiq iyerarxiyasından yüksəkdə yerləşir. Digər tərəfdən, insanlar MƏN-qanunauyğunluğa aid obyektiv və subyektiv cəhətlərə görə kifayət qədər fərqlənirlər.

Rauste fon Vrixt MƏNə dünyanın əhəmiyyətli bir hissəsi kimi baxır. O, öz MƏNini digər MƏNlər və onu əhatə edən həqiqətlərə münasibətdə öyrənməyə üstünlük verir.

Psixikanın hazırki mərkəzinin aydınlaşmasında istifadə olunan psixosintezdə “insanın ruhi ürəyini”nin tərkibindəki “qabıq altında gizlənən şəxsiyyət”in (Roberto Assacioli) öyrənilməsində “fövqəlMƏN” terminindən istifadə olunur. “Psixosintezdəki fövqəlMƏN antoloji reallıq kimi müəyyənləşir, Varoluş kimi özünün sabit Həyat Mərkəzindən onun enerji yayan mənbəyi obrazında çıxış edir.” MƏN-qanunauyğunluğunun müasir tədqiqetmə üsulu özünüdərk prosesi (MƏN-subyekt) və onun məhsulunun (MƏN- obyekt) fərqləndirilməsiylə əlaqəlidir.

Sergey Rubinşteynə görə, MƏN – hərəkətverici “sima”dır. O, proses (“Nə isə baş verir” tipli obrazsız forma təklifi) və yaradıcılıq (“Hazırda insan nəsə edir”) fərqlərilə əlaqəli təzahür edir. İkincisi insanın könüllü fəaliyyətini və ya baş verənlərə şüurlu nəzarətini müəyyən edir. Dərrakə subyektinin siması (şüurlu xüsusi nəzəri fəaliyyəti) kimi insan ikinci istiqamət müəyyənləşdirir; birincidə isə o – praktik fəaliyyətdə hərəkət subyektidir. Deməli, MƏN – insan, şüuru idarə və zəbt edə bilən, daha dəqiqi, bütün dünyanı, başqaları və özünü dərk edə bilən bir varlıqdır.

Tamotsu Şibutani MƏNə əxlaq və davranış nöqteyi-nəzərindən yanaşır. MƏN- qanunauyğunluq insanla özü arasında sağlam qarşılıqlı münasibətdəki hərəkətverici qüvvə kimi görünə bilər. Qanunauyğunluq insanın özü özünə təsir etmək kimi xarakterik xüsusiyyətlərində yaranmağa başlayır. Şibutaninin fikrincə, MƏN- qanunauyğunluq hər insan üçün unikaldır və ola bilsin ki, insanın özünə qarşı münasibətdə ən sağlam yol kimi öyrənilməlidir. Şibutani 5 əsas kriteriya təklif edir ki, bunlar da sosial psixoloqların fikrincə, müxtəlif insanların MƏNinin fərqləndirir: uyğunlaşma dərəcəsi, dərketmə səviyyəsi, stabillik, özündənrazılıq və razılaşma dərəcəsi. Şibutaniyə görə, MƏN-qanunauyğunluq vahidinin formalaşması sərhədini aşıb ona aidiyyatı olan bütün şəxsi nöqteyi-nəzərləri çıxaraq insanın təcrübə və təxəyyülünün inkişafına xidmət edir. Əhatə edən digər insanların sağlam reaksiyası nəticəsində insanın özünəinam hissi inkişaf edir və onun MƏN-qanunauyğunluğu bu gözlənilən reaksiyaların müntəzəmliyini dəstəkləyərək müdafiə olunur.

İqor Kon hərəkətverici, fəal və ekzistensial MƏNi həm nizamlayıcı başlanğıc və psixikanın qayda təşkilatçısı, həm reflektiv, fenomenal və kateqorial, həm də insanın özünüdərkində özü özünün təqdimatçısı kimi izah edir. Müəllif təəssüflə qeyd edir ki, nədənsə müxtəlif elmi istiqamətlərin – şəxsiyyət psixologiyası, ümumi psixologiya, psixofiziologiya, sosial psixologiya – araşdırmalarında MƏN anlayışına yanaşmalar kifayət qədər fərqlidir.

Dmitriy Leontev MƏNi insanın öz-özünü ifadə edə bilən şəxsiyyətinə qarşı narahatçılığı kimi təqdim edir. Lakin MƏNə müxtəlif baxış bucaqlarını analiz edərkən biz ən işlək forma kimi Artur Reanın nəzərini qəbul edirik: “…bu vahid məxsusi MƏN obrazı insanın özü haqqında çox və ya az, eləcə də sağlam şüurlu təsəvvürlər sisteminin təqdimatçısıdır”.

MƏN mövzusuna toxunan bir çox psixoloqlar həm də onu polimodallıq kimi qeyd edirlər. Növbəti modallıq həmişə gerçək və həqiqi (hazırda olduğum) MƏN kimi qəbul olunur. Rollo Ris Mey hesab edir ki, gerçək MƏNi təhtəlşüurun müxtəlif laylarına şüurlu müraciət etməklə axtarmaq lazımdır. Bu alimə görə, sınmış güzgü həqiqətin parçalanmış şəklini göstərə bildiyi kimi, gerçək MƏN də insan dərrakəsinin uzaq sərhədlərini aşaraq şüurun ən dərin qatlarını zəbt edir. Mey konsultasiya tapşırığını pasientin həqiqi MƏNinə sahib olması və ona çevrilməyə cəsarətini tapmasına kömək etməkdə görür. Erix Fromm isə belə hesab edir ki, gerçək MƏNə sahib olmaq üçün insani münasibətlərin əsas forması olan sevgi ən yaxşı üsuldur. İnsan şəxsiyyətinin inkişafı onun reallığa uyğun şəkildə özü barədəki təsəvvürlərilə bağlıdır. Hal-hazırki özünün keyfiyyətlərini tədqiqetmə sistemi barəsində danışarkən Fromm qeyd edir ki, insanın öz fiziki, əsasən də psixi keyfiyyətləri barədə təsəvvürləri heç də həmişə gerçəkliyi əks etdirmir. Şəxsiyyətin məxsusilik və keyfiyyətləri onun şüurunda qırıq-qırıq şəkildə tez-tez əks oluna və ya əksinə, ümumiyyətlə onda olmayan keyfiyyət təlqin edilə bilər. MƏNin mövcud şəxsiyyəti tamamilə dərk etməsi onun gerçək həyati fəaliyyətində böyük uğurlara səbəb olar.

“MƏN konsepsiyasının inkişafı problemləri üzrə psixoloji-pedaqoji ədəbiyyat” silsiləsindən.

Tərcümə: Səbuhi Şahmursoy

Səslərin sayı: 2
2
1450
loading...
Şərhlər
Offline
Sebuhi Shahmursoy
Minnetdaram, Ceylan xanim!
22 mart 2016 22:44
Offline
Ceylan Mumoğlu
Çox qiymətli bir məqalədir. MƏN-in müxtəlif alimlər tərəfndən izahını ana dilimizdə oxumaq xoş oldu. Hələ bir də tərcüməçi gözəl tərcümə edibsə. Təşəkkürlər.
22 mart 2016 22:38
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış