Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.
Milli geyimli oğlanlar və qızlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim etdilər, dövlətimizin başçısına və xanımına Novruz bayramı münasibətilə təbriklərini çatdırdılar.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəldilər.
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.
Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram konsertinə baxdılar.
Dövlətimizin başçısı və xanımı Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi "Novruz" yarmarkası ilə tanış oldular. Burada bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsullar nümayiş etdirilir. Yarmarkada ölkəmizin 10 iqtisadi rayonundan 42 şirkət məhsullarını təqdim edir. Son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da mühüm nailiyyətlər əldə olunub. Bu gün Azərbaycan özünü keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edir. Azərbaycanın ekoloji cəhətdən təmizliyi ilə seçilən kənd təsərrüfatı məhsullarına dünyada da tələbat artır.
Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində qoyulan qadağalar digər milli mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi. Hər bir xalqın milli mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasına Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələ də var. Çünki məhz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi, milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər də onun milli mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.
Qeyd edək ki, 2010-cu ildə BMT-nin qərarı ilə martın 20-si Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
Prezident İlham Əliyev və Mehriban Əliyeva "Natiq" ritm qrupunun və aşıqların ifalarını dinlədilər, Azərbaycan xalçalarının nümunələri ilə tanış oldular.
Milli Parkda təşkil edilən "Şərq bazarı" bayram şənliyinin iştirakçılarında xüsusi maraq doğururdu. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə baxdılar.
Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurdu.
Prezident və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə baxdılar. Burada dövlətimizin başçısına və xanımına çempionatın açılış mərasiminin biletləri təqdim olundu.
Qeyd edək ki, çempionatın ölkəmizdə keçirilməsi ilə bağlı qərar 2012-ci ilin martında İstanbulda UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Çempionatın 16 komandanın qatılacağı final mərhələsinin bütün oyunları Bakıda keçiriləcək. Bu mötəbər yarışların təşkilinə 800 könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülərin fəaliyyət sahələrinə biletlərin yoxlanılması, media, protokol, marketinq, qeydiyyat, qonaqpərvərlik, tibb, nəqliyyat və digər məsələlər daxildir.
İyunun 19-da Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-prisinin başlanmasına bu gün düz üç ay vaxt qalır. Bununla bağlı "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti Novruz bayramı günlərində dənizkənarı bulvarda "Formula-1" əyləncə zonası yaradıb. Simulyasiya oyunlarına, azyaşlı uşaqlar üçün əyləncə məkanına, könüllülərin və marşalların fəaliyyətini işıqlandıran xüsusi guşələrə yer veriləcək bu zonada konsert proqramlarının təşkili də nəzərdə tutulub.
Burada da Prezident İlham Əliyevə və Mehriban Əliyevaya yarışları izləmək üçün biletlər təqdim olundu.
Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.
Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli.Az
XƏBƏR LENTİ
Xoşbəxt cütlüklərin sirri
Koronavirusa yoluxmuş şəxslə eyni binada qalanlar müayinədən keçməlidir? - AÇIQLAMA
HAVA necə olacaq?
Qeyri-adi milyonçular
Bu günün hava proqnozu
Maksim Şevçenko onu öldürməklə hədələyən ermənilərin adlarını açıqladı - VİDEO
Ən gözəl üzə sahib olan qadınlar
"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu
Dollar yenə bahalaşdı
Türkiyə yığması millimizə qarşı bu heyətlə oynayacaq
Blinçik tortu (foto resept)
İdman görmə qabiliyyətini qoruyur
Aviabiletlər ucuzlaşaq - AZAL-dan reaksiya
Rayondan Bakıya gələnlər belə saxlanılır
Dondurmaya vurulan bu qatqıdan xəbəriniz var?
Nəfəs kəsən istilər qayıdacaq?
Qarpızı alanda kəsdirməyin! - ZİYANLARI
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Xəzəri Bakıda böləcəklər
İrem Dericidən gözlənilməz etiraf
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
"Hercai"dən yeni Rekord
İŞİD Türkiyəyə müharibə elan etdi
Noutbuk satışları artacaq
Üzdə mimik qırışları təmizləyən maskalar
Bu sezon makiyajda minimalizm dəbi
Ekranın mavi işığı korluğa səbəb ola bilər
Finlandiya futbolunda tarixi qərar
Meymun sərnişin avtobusu sürdü – VİDEO
Sellofan torbalar sağlamlığımıza ziyandır
Gəlin buketləri-2
Cəbhə xəttində təxribat
Ürəyi xəstə olanlar, yayda diqqətli olun!
Bu zalım dünyada doğulma...
Baş Nazirdən ŞAD XƏBƏR: Rüsum ləğv edildi
Çavuşoğlu: “Ermənistan başqa ölkənin torpaqlarına göz qoymağa davam edərsə...” - VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib - FOTO
Damla şokoladlı türk paxlavası (foto resept)
Sirli pilləkən
Pensiya xərcləri artıb
Bu şəhərlərdə hər şey var, insan yoxdur-FOTO
Britaniyada türk əsilli koronavirus xəstəsi 222 gün xəstəliklə mübarizə apararaq “qəhrəman” oldu
Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb
Kişilər aşiq olarsa
Bakıya giriş-çıxış bağlanır? -AÇIQLAMA
Məşhur serialda azərbaycanlı obrazı olacaq-FOTO
Sürücülər bu xəbəri mütləq izləsin
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
Evlilikdə maddiyyat
Göz laynerini asan çəkmə üsulları