Azərbaycan cəmiyyətində baş verən proseslər, ictimai dəyişiklər insani münasibətlərdə də müəyyən dəyişikliklərə yol acmışdır.
Adətlər, yüz illərə dayanan ənənələr, dinin də müəyyən dərəcədə adətlərə uyğunlaşdırılması, kişilərin üstün haqlara malik olduğu bir cəmiyyətdə qadınların kimliyi, yaşam tərzi, eyni zamanda özlərinın özlərinə münasibəti onların daima əzilməısinə, sanki ikinci dərəcəli insan müamiləsini hər an hiss etməsinə yol acır. Qadınların bütün Şərqdə olduğu kimi Azərbaycanda da əzilməsi başqa Şərq ölkələrindən fərqli olaraq zahirdə o qədər də nəzərə carpmır, belə ki, qadınlar işləyir, təhsil alır, istədiyi şəxslə ailə qura bilir və s… Amma bu dediklərimiz zahiridir, cünki qadınların bu haqlara sahiblənməsi göründüyü qədər də asan deyil, hər tində tabular, qadağalarla rastlaşan qadın son nəticədə ya sınıb barışır, hamı kimi yaşamaq yolunu tutur, ya da tək-tənha ömrünü başa vurur. Tək qalan qadınlarımızın əksəriyyətini elm və ictimai işlərlə məşğul olan qadınlar təşkil edir, regionlarda isə bu daha cox sosial məsələ kimi dəyərləndirilməlidir, çünki iş dalınca başqa ölkələrə getmiş oğlanların bir daha geri dönməməsi, yaxud da geri döndükdə də “ geridə qalmış” hesab etdiyi qızlarla ailə qurmaması bu kimi hallara yol acır. Ümumiyyətlə, Azərbaycanda qadınlarımızın problemlərini şərti olaraq belə bir sıralama ilə dəyərləndirmək olar…
1. Sosial- siyasi vəziyyətin və cəmiyyətin yaratdığı problemlər
2. Adətlər, kişilərə tanınmış haqqların qadınların haqqını tapdamaq üzərində qurulması.
3. Əslində qadının aşağılanmasına xidmət edən adətlərimizə uyğunlaşdırılıb din adı ilə bizə sırınmış qaydalar
4. Qadınların özlərinə münasibəti
Bu sadalıdığımız halların hər biri qadınlarımızın həyatında daha kiicik yaşlarından hiss etdikləridir. Bir qız uşağının ailədən başlayaraq az qala hər gün eşitdiyi “sən qız uşağısan, sənə olmaz” qadağası bir şəxsiyyət kimi onun formalaşmasına, özünə güvənməsinə, eyni zamanda bir qadın kimi hisslərini anlamaqda, incan kim özünü bilməsində əngəldir. Özünə güvənməyən, qadın və insan kimi özünü bilməyən qadınlarımız yaşadığı həyatdakı mövqeyini də tam dərk edə bilmədiyi üçün indi Azərbaycanda qadınların həyat tərzində də bir- birinə bənzəməyən və hətta bir-birini rədd edən vərdişlər formalaşmaqdadır. Bir kəsim, bu daha cox gənclərin arasında rast gəlinir ki, həyatı gündəlik həzzlərin əhatəsində yaşayır, həyatın sərhədləri bununla da məhdudlaşır. İkinci kəsimsə özünü bilir, insanca, qadınca yaşamanın belə olmadığını, belə olması gərəkmədiyinin fərqindədir, amma ətrafla savaşdan ya yorulub tənhalığına cəkilmişdir, ya da savaş şəraitində yaşamını sürdürür və hər iki halda tənha, məyusdur. Digər bir kəsim də var ki, onlar indiyə kimi yaşayanların yolunu tutmuş, “biz belə gördük” deyib bir kişinin arvadı, bir övladın anası olmaqla razılaşıb oturanlardır. Cəmiyyətdə belələri daha cox təqdir alır, hətta “ağıllı” hesab olunurlar. Əslindəsə tənhalardan hec də az bədbəx olmayıb, ərinin xəyanətinə də “ nə edim uşaqlarım var”deyə boyun əyən bu qadınlar coxluq təşkil edirlər və ən qəribəsidə budur ki, cəmiyyət, adətlər, kişilər tərəfindən ən cox əzilən bu kəsim necə deyərlər “dikbaş” həmcinslərinə nəinki bu qadağaların dəyişməsində yardımcı olurlar, əksinə onlara qarşı hər kəsdən daha aqressiv yanaşırlar. Nədən… Birincisi, “dikbaşlar”, yəni özlərini bilənlər onların illərə dayanan, artıq “daşlaşmış””rahatlığını” pozur, cünki zahirən Azərbaycanda kişilər ənənəvi qadın tipinə üstünlük verdiyini cəmiyyətə necə deyərlər attıq” sübut etsələr də əslində kişilər ənənəvi qadınları arvad kimi secməyə üstünlük verirlər, “sevgililərsə” ənənəvilərin deyil, digər kəsimlərin arasından secilir…Bu ənənəvi qadın tiplərinin rahatlığını pozur. Cünki onlar dəyişməyə meyilli deyil, bir qədər rahibə tipində olan bu mühafizakarlar ənənəvi Şərq qadınının əgər belə demək mümkünsə,“haqlarını” qoruyurlar. Cəmiyyətin mühafizakar kişi və qadın kəsimi ücün əslində qaydaların dəyişməməsi rahatlıqdır ki, onlar da bunun fərqində olduqları üçün əllərində olduqları hər nəsə onu kimsəyə güzəştə getmək istəmirlər.
Azərbaycanda zahirdə bütün qanunlar qadınların hüququnu qoruyur. Amma dediyimiz kimi bu ancaq zahiridir, mahiyyətdəsə reallıqla qanunlar, imkanlarla qanunlar arasında böyük boşluq var. Həm inzibati, həm də toplumun yanaşmasına görə bu qanunlar əslində donmuş vəziyyətdədir. Cünki Azərbaycanda cox hallarda qadın azad, maneəsiz, sərbəst şəkildə öz istedad, arzu, savad, istəyini reallaşdıra bilmir. Bir tərəfdən qadına şəxsiyyəti ilə deyil, cinsiyyəti ilə yanaşma, bir tərəfdən rüşvət, bir tərəfdən gizli “sən qadınsan” aşağılanması, digər yandan da ailə və toplumun basqısı qadının həyatının sıxıntılara girməsinə səbəb olur… Bir qədər daha da geniş şərhə ehtiyac duysaq, qadına şəxsiyyəti ilə deyil, cinsiyyəti ilə yanaşılması deyiminə nəzər salsaq, aydın olur ki, inkişaf etmiş Qərb ölkələrində belə bu məsələ köklü həll olunmamışdır. Aparılmış bir sörğunun nəticəsinə görə bunu qətiyyətlə demək mümkündür. Belə ki, Amerikada bir sosial araşdırma mərkəzinin apardığı sorğuya görə, eyni yazı ilə müxtəlif adamlara müraciət olunmuş, eyni yazının “qadın tərəfindən yazılmışdır” deyilən adamlar onu yüksək dəyərləndirməmiş, amma həmin yazının kişi tərəfindən yazıldığı söylənilən kimi münasibət müsbətə doğru dəyişilmişdir.
Qadın daha cox sevgili, məşuqə, arvad kimi qiymətləndirildiyindən sanki hər şeyə, bütün dünyaya sahibmiş kimi davranan kişilər qadını “zəifdir” damğası ilə damğalamış və bu damğanın tarixin səhvələri arasında itməsini istəmirlər. O isə ki, qadın artıq coxdan sübut etmişdir ki, nəinki zəifdir, hətta qolunun zoruna güvənən kişilərdən daha güclü, daha da həssas, daha da uzaqgörən və daha vəfalıdırlar. Bu fikirlərin qarşısına kişilər həmişə “ bu qədər güclüsünüzsə, nədən dünyanı kişilər idarə edir” məntiqi ilə cıxmaq istəyirlər ki, onda eyni sualı başqa formada geri də qaytarmaq olar… Nədən sizin idarə etdiyiniz dünya bu gün bu qədər dəhşət və vəhşət icərisindədir..
Nədənsə qadın haqqından danışanda adətlərimiz, dinimiz , qaydalarımız var deyilir, amma kişi ləyaqət, sözübütövlüyündən, başqasınım əmanətinə yan göslə baxmamaqdan danışanda bu sadalananların hec biri yada düşmür. Hər gün yüzlərlə qadın şəhərin kücələrində işlərinin arxasınca getmək üçün hərəkət edir və belə demək mümkünsə bu kişilərin öz qadınlarını bir –biriunə əmanət etməsidir, amma elə ləyaqətdən danışan kişilərin coxu da o əmanətə xəyanət edir, gözlərini zinadan qormayaraq. Budurmu adətlər, budurmu din… Yox!
Anlamağa calışaq… Əgər bir vaxtlar başqasının cavan arvadını götürüb qacmış, bu cavan arvada görə də bütün ailəsini məhv etmiş Cahandar ağaya “əsil Azərbaycan kişisi” statusunu verib “zəhimli” olmağı ilə tərif etmişlərsə onda bu günkü Azərbaycan kişilərinin əksəriyyətinin əmanətə xəyanətini anlamaq olar, amma Cahandar ağanı Azərbaycan kişisi kimi simvollaşdıranlara kicik bir xatırlama yerinə düşərdi… Düzdür, Azərbaycanda coxarvadlılıq olub, amma başqasının kəbinli arvadını qacırmaq kimi adətimiz olmayıb. Başqa bir yöndən, məsələyə sevgi məsələsindən də yanaşsaq onda Cahandar ağanı ümumiyyətlə, “ittiham” etmək mümkündür, çünki onun bir qadını qaçırmasında sevgi yoxdur, sadəcə “cavan arvad qaçırmaq” əməli var və buiğ əməlin adı sevgi yox, başqadır… Beləcə, Cahandar ağa Azərbaycan kişisinin simvolu ola bilməz, amma nə yazıq ki, bu simvolun “törəmələri” indi coxdur.
Qadının özləri tərəfindən əzilməsindən başqa tərəfdən bir qədər yuxarıda danışmışdıq, amma bəzən qadına əzab verənə yardım edən məhz elə qadının öz həmcinsi olur. Kişi xəyanəti deyilən dönüklük halı əslində tək kişilərin əməli deyil, burada qadınlar da iştirak edir və bu zaman öz həmcinsinin əzilməsinin fərqində olsa da bu ləyaqətsizlikdən vaz kecmir… Təbii ki, bu hal Böyük sevgilərin mövcud olduğu yerdə dəyişir ki, bu yazıda bundan bəhs etməyəcəyimiz ücün yan kecək, amma qısa olaraq onu deyə bilərik ki, hər bir stuasiyada fərqliliklər var.
Başqa bir məsələ də əxlaq məsələsidir ki, bu dəyərin indiyə qədər ancaq qadına aid olduğu cəmiyyətdə elə kök salmışdır ki, sanki əxlaq deyəndə kişilərin bu məsələyə hec bir aidiyyatı yoxdur. O isə ki, dinimizdə bu məsələdə kişi və qadın eyni dərəcədə məsuliyyət daşıyırlar. Azərbaycan cəmiyyətində ümumən, əxlaqın özünə yanaşmada bir qədər dayaz yanaşma var. Əxlaqı ancaq
biryönlü dəyərləndirmək adət halını almışdır, amma əxlaq cox şaxəlidir, məsələn, düşünmək belə əxlaq və qeyri-əxlaqi ola bilər…
Əxlaq məsələlərini qadınlarımızın üzərinə yükləmiş cəmiyyət, adətlərimiz xüsusən də kişilər bundan tamamən məmnundur, cünki məsuluyyətdən yayınmaq işlərinə yarayır. Amma unutmaq
olmaz ki, bir cəmiyyətin sağlam olması üçün bir tərəfli fəaliyyət hec bir zaman nəticə verə bilməz, ya da əzilmişlər bir vaxt özləri bacardığı kimi üsyana qalxarlar. İndi Azərbaycan qadını üsyan halındadır, amma nə yazıq ki, bütün “kütləvi hərakatlarda “ olduğu kimi bu “üsyanda” da xoşagəlməz, hətta toplumun sağlamlığını sarsıda biləcək hallar mövcuddur. Azərbaycanda əslində indiyə qədər, toplumun sağlamlığı bir mənalı şəkildə qadınların ciynində olmuşdur və qadınlar bu “vəzifələrini” ləyaqətlə yerinə yetirmişlər, amma son dönəmlər bu vəziyyət mənfiyə doğru xeyli dəyişmişdir. Qısa şəkildə ifadə etsək bir cox hallarda azadlıq istəyənlər ifrata qacaraq azadlığın sərhədlərini aşaraq azğınlığa yuvarlanmışlar. Bu Azərbaycan cəmiyyətinin tamlığına, ailə institunun zəifləməsinə, sağlam nəslin yetişməsinə təhlükədir. Qadın ləyaqətinin kimsəyə və zamanın şərtləruinə görə bəlirləməlidir, yaxud da qadın kimsə və nələr ücün öz kimliyini kirlətməməlidir. Hər kəs öz həyatını yaşayır və hər kəs də öz kimliyi ilə bilinir.
Zümrüd YağmurEləcə də baxa bilərsiniz: