2
Küçə soyuqdur. Tutqun göyüzü axırıncı ümidləri də öldürür. Özümə yer tapa bilmirəm, nə uzana bilirəm, nə otura bilirəm, otaqda gəzə-gəzə başım fırlananacan siqareti siqaret dalınca çəkirəm.
Dünən yanıma heç kim gəlməyib və mən heç nə bilmirəm. Xua haqda fikirlər mənə əzab verir.
Dostların nəsə xəbər gətirəcəyini gözlədim, amma heç kim qapımı döymədi. Xuanın evinə gedib evin yanında bir az gəzişdim, sonra qayıtdım. Bütün gecəni yuxuda Xuanı, onun simasını, incə bədənini gördüm.
Amma yuxudan durandan sonra onu həmin dəqiqliklə xəyalımda canlandıra bilmədim.
Yenə otaqda gəzişdim, yorulub stolun dalında oturdum. Hansısa kitabı vərəqlədim, bir neçə cümlə oxudum, amma oxuduqlarımın mənasını anlamadım.
Qapı yavaşca cırıldadı. Başımı qaldırdım, Xua sakitcə otağa girib adəti üzrə gülümsədi.
– Xua! – sevinclə qışqırıb ayağa durdum.
Amma qapı bağlı idi. Yox, Xua gəlməyəcək!
Mən qızı xatırladan nəsə tapmaq üçidiylə stolun çəkməcələrində, şkafda eşələndim. Hər şeyi qurdalasam da heç nə tapmadım. Nə kağız, nə məktub. Düzdür, gündəliyimdə onun haqqında az yazılmayıb və mən gündəliyi vərəqləyəndə o qabağımda canlanırdı; tez-tez gülə-gülə ona deyirdim ki, sən mənim gündəliyimdə yaşayırsan. Amma gündəlik də məhv edilmişdi. Onun xəyalını necə canlandırmaq olar?
Köhnə kitabların birinin içindən gözlənilmədən köhnə bir şəkil tapdım. Şəkildə Xua, mən və başqa iki yoldaş çəkilmişdik. Adətən qrupla şəkil çəkdirmirdik, amma onda – səbəbini bilmirəm – parkda çəkdirmişdik. Bu iki il əvvəl olmuşdu, onda hələ Xuanın hörükləri vardı.
Həmin xoşbəxt anı xatırlamaq üçün şəkilə xeyli baxdım, amma rəngi getmiş şəkildə Xuanı tanımaq çətin idi. Şəkili əlimdə saxlayıb qəmli dayanmışdım, bilirdim ki, onu məhv eləmək lazımdır.
Gecəni güclə gözlədim, Yuy gəldi. Görüşmədiyimiz iki gün ərzində saçında ağ tüklər çoxalmışdı.
– Nə xəbər var? – qorxa-qorxa soruşdum.
– Qorxuram, artıq hər şey qurtarıb, – deyib yorğun adamlar kimi çarpayıya uzandı.
Mən bu cavabı gözlədiyim üçün daha heç nə soruşmadım, otaqda gəzib siqaret çəkdim.
– Xuan, – Yuy çarpayıdan durub məni səslədi. – Deyəsən ümid yeri yoxdur. Onlar Xuanın orda olduğunu təkzib edirlər. Deyirlər bizdə belə adam olmayıb. Çox güman o artıq həyatda yoxdur. Sən haqlı idin.
O gözlərini mənə dikmişdi, elə bil bu saat hönkürəcəkdi. Amma o özünü saxladı, sadəcə ağrıdan üzünü turşutdu.
Yuy həmin gecə onlarda dediyim sözü təsdiqlədi, amma bu dəfə mən qorxdum.
– Xuanın anası nə olacaq? – soruşdum.
– Evə qayıdacaq.
– Evə? Qızını gözləməyəcək?
– Elə səninlə bu haqda danışmaq istəyirdim. – O yaxınlaşıb stola oturdu. – Mən dözə bilməyib hər şeyi ona danışdım. Dünən gecə gec qayıtdım, onun otağında qaranlıq idi. Elə bildim yatıb. Bu vaxt içəri girdi. Saçları dağınıq idi, yorğunluqdan ayaq üstdə dayana bilmirdi. Dedi neçə gecədir yata bilmir, qızının başına nəsə gəldiyini hiss edir. Düzünü deməyim üçün yalvardı. Çox şeydən şübhələnmişdi. Ona demək istəmirdim, onda o ağladı. Sən ki, bilirsən, Xuan, mən onun yanında böyümüşəm, o mənə analıq edib. O hər şeyi olduğu kimi bilmək istəyirdi. Onun yalvarışlarına necə dözə bilərdim? Yadımdadır, Xua institutda oxumağa gələndə xala mənə ondan göz-qulaq olmağı tapşırmışdı, hər dəfə onlara gedəndə də buna görə mənə təşəkkür edirdi. Indisə… Xuan, ona yalan danışa bilərdim? Sözlərimin onu öldürə biləcəyini unutmuşdum… Hər şeyi ona danışdım…
Yuy ölü kimi idi, özünə nəzarəti itirmişdi.
Onu anlayırdım və içimdəki alovun təzədən qızışmağa başladığını hiss edirdim; nəzərlərimlə “bəs sonra?” soruşdum. Bir az susandan sonra Yuy davam etdi:
– Qeyri-adi heç nə eləmədi. Heç qışqırmadı da. Ancaq bütün bədəni əsdi, elə bil bu saat yıxılacaqdı. Yaş dolu gözləri təəssüflə mənə dikilmişdi. “Mən bunu çoxdan gözləyirdim” dedi, “çoxdan. Baxmayaraq ki, bütün bu iyirmi ili bunun olmamasını arzulayırdım”. O küncdəki stula çöküb hönkürdü, onun hönkürtüsündə həm gülüş, həm də nərilti vardı. Ağlının yerindən oynayacağından qorxdum. Yaxınlaşıb kədər əks olunmuş üzünə baxdım, dəlilik əlaməti yox idi, yanaqlarından su axırdı. Nə deyəcəyimi fikirləşəndə o dedi: “Məni sakitləşdirmək lazım deyil. Hər şeyi başa düşürəm və çoxdan buna hazır idim. Xuanın xasiyyətdə atasına çəkib, onun da axırının atasının aqibəti kimi olacağından qorxurdum. Onu Jo-xua* çağırırdım, ona kitab oxumurdum, istəyirdim ancaq toxumağı öyrənsin və böyüyəndə ərə gedib sakit və xoşbəxt yaşamağını arzulayırdım. Elə olsaydı çəkdiyim əziyyət bada getməzdi. Amma onu çox sevirdim – onu sevməmək olmazdı. Elə yalvardı ki, onu oxumağa buraxım, imtina edə bilmədim. Ona istədiyini etməyə icazə verirdim. Ürəyiyumşağam axı. Onu oxumağa buraxmasaydım bütün bunlar da olmazdı. Sən əminin – onun atasının başına nə gəldiyini bilmirsən. Bunu Jo-xuadan da gizlətmişəm. O həbsxanada öldü, heç iki ay da davam gətirmədi. Bu 1911-ci ildə olmuşdu, ana olmağa hazırlaşırdım. Həbsxanadakı görüşlərdə bunu nə üçün etdiyini danışdı. Özü üçün qorxmurdu, mənə və körpəmizə görə. O oğlu olacağına əmin idi, istəyirdi ki, o da böyüyüb atasının yolunu davam etdirsin. Soruşdum ki, qız olsa onda necə? Kefi pozulmuş halda dedi ki, istədiyin kimi böyüdüb ərə verərsən. O öləndən iki ay sonra Jo-xua doğuldu. Qız olduğu üçün sevinirdim, düşünürdüm ki, onu qoruya biləcəyəm… Onun da atasının dalınca gedəcəyini kim deyə bilərdi ki?” O susdu. O vaxt başa düşdüm ki, o hər şeyi məndən daha yaxşı dərk edir. Danışdıqları məni həyəcanlandırdı, bununla bərabər axırıncı ümidimi də öldürdü. Gözlənilmədən başa düşdüm ki, olanlar hamısı qanunauyğundur, bundan qaçmaq mümkün deyildi. Xala ayağa durub mənə yaxınlaşdı: “Səni günahlandırmıram, heç nədə günahlandırmıram” dedi. Öz otağına getdi. Bu gecə yəqin ki, gözünü də yummayıb, bütün gecəni öskürüb. Onun öskürəyi ağır həyatını xatırladırdı. Öz dərdimlə bərabər onun da dərdini çəkməyə başlamışdım. Mənim də yuxum gəlmirdi. Səhər evdən çıxmağa hazırlaşırdım. Xalanın otağından səs gəlmirdi, elə bildim yatıb. Amma mən otağımdan çıxanda o öz otağının qapısını açıb məni səslədi. Üzü ağarmışdı. Zəif səslə dedi: “Bir gün də gözləyəcəyəm. Sabah nahardan sonra evə qayıdacağam.” Cavabımı gözləmədən qapını bağladı. Pilləkanda dayanıb düşünürdüm ki, yanına gedib söhbət edim ya yox. Bu vaxt ağladığını eşitdim, halım pisləşdi. Ona mane olmamaq üçün tez uzaqlaşdım. Işdən sonra bir-iki yerə dəydim, sonra da bura gəldim. Hamı deyir xəstələnmişəm. Bu iki gün ərzində xəstələnməyə bilərdimmi? Bu vəziyyətdə çox davam gətirməyəcəyəm.
Yuy durub çarpayıya yaxınlaşdı, ölü kimi uzandı. O danışanda mən onun üzünü görmürdüm, o da mənimkini görmürdü. Hava çoxdan qaralmışdı, mənsə işıq yandırmamışdım.
Yuyun indicə durduğu stula oturdum. O sakitcə uzanmışdı.
Qaranlıqda xeyli oturduq. O çətinliklə nəfəs alırdı. Heç nə düşünə bilmirdim. Hissiyyatımı itirməyə başlamışdım, ölü kimi idim.
Yuy durub işığı yandırdı:
– Mən gedim. Nəsə öyrənsəm xəbər edərəm. Ehtiyyatlı ol və lazımsız yerə evdən çıxma!
O sakitcə getdi. Tək qaldım.
Onun nə dediyini eşitmişdim. Əməl etməyə də hazırlaşırdım. Amma heç bir saat keçməmiş özümü yenə küçədə tapdım. Ayaqlarım məni ürəyimin unutmağa çalışdığı yerə aparırdı.
Ardı var...
Həmid Piriyev
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qocalmağa səbəb olan qidalar
Azərbaycan kubokunun dəyəri artdı
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Saç tökülməsinin qarşısını alan vasitələr
Davudoğlunun Ermənistana səfərdədir
Dünyanın ən qəribə 3 festivalı
Məşhur veriliş bu dəfə Bakıya həsr olundu - VİDEO - FOTO
Küncütlü, qaymaqlı keks (foto resept)
Günün ulduz falı - 26.02.2014
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Xaricdə təhsil almaq istəyənlərə müjdə
Şəkər xəstələri, günəşə diqqət!
Alimlər kliniki ölüm zamanı "tunelin sonundakı işığ"ın sirrini açıblar
Pirojki xərçəng yaradır, əgər...
Modapərəst qadınların Must-have geyimləri
Monika Belluççinin qızı reklama çəkildi – FOTO
Ispanaq piroqu(foto-resept)
İbrahim Erkal
Günün qoroskopu: xırda da olsa, çətinliklər istisna deyil
Azərbaycanda ailə qurmaq istəyənlər üçün tələblər DƏYİŞDİ
Ramazan bayramı namazı necə qılınır?
Pakistanda yenə güclü zəlzələ oldu
Arıqladıcı çayları və həqiqətlər - Xanımlar mütləq izləsin!
Bavariya mətbəxindən sobada toyuq (foto resept)
2020-ci ilin 6 dəbli rəngi
Qeyri-iş günlərində hava
Günün qoroskopu: dostlar və yaxınlarla ünsiyyət müsbət emosiyalar bəxş edəcək
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
2016 Olimpiada Qalası
Bir az gülək...
Titan ürək ilk dəfə insan üzərində sınaqdan keçirilib
Şeyma Subaşı geyimlərini satır-FOTO
2035-ci ildə dünyanı nə gözləyir?
COVID-19 arayışını bu klinikalar verəcək - SİYAHI
Avropa ondan imtina edir
Rekord qıran klip plagiat çıxdı - FOTO
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İstidə südü bu cür saxlayın
40 yaşına çatmadan nələri etməliyik?
Kələmli toyuq salatı (foto resept)
Smartfonlar insanı koronavirusa yoluxdura bilərmi?
Bakıda "qaşqabaqlı" yaz havası
Yayın qorxulu dəbi: gəlin arıqlayaq!
Xoşbəxt ailə həyatı ürəyi qoruyur
İlham Əliyevdən sərt xəbərdarlıq
Balıq mövsümü başladı
Azərbaycan coğrafiyasının inkişaf tarixi-6
“Polad Alemdar"ın qardaşından GÖZLƏNİLMƏZ QƏRAR
Türkiyə və İordaniyaya hərbi zərbə endiriləcək - Suriyadan BƏYANAT
Ronaldo bu davranışı ilə gündəmdədir-FOTO
- ŞƏRHLƏR