Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
23 fevral 20:18Ayla Ayla Dalaka gəldi amma Sabriye yoxdu gören Sude nu udacag?! 23 fevral 20:18Ayla Ayla Surayyə canım Survivora baxıram,Özetdi.Sən də bax
39991

Ba Çzin "Yağış"

 

Ba Çzin "Yağış"

 

1

Bir neçə gündür ki, dalbadal yağış yağır; səma bütünlüklə buludlarla örtülüb.

Səhərdən gecəyəcən mən yazı stolunun arxasında otururam. Stol pəncərənin qabağında olduğu üçün başımı qaldıranda yağış damcılarının şüşəyə necə çırpıldığını görürəm. Nəzərlərim bayıra dikilir, orda ancaq monoton səslə həyətdəki daş plitələrə tökülən yağış görünür.

Əvvəlcə bu səsi ancaq eşidirdim, sonra o ruhuma işlədi və daş kimi ürəyimə oturdu, fikrimi cəmləməyə mane oldu. Axşamüstü mətn gözlərimin qabağında dalğalanmağa başladı, kitabı örtdüm, otaqda gəzişib siqaret çəkdim.

Bir az sonra gözlərim qaranlıqlaşdı, amma mən əvvəlki kimi addımlarımın səsini dəqiqliklə eşidirdim.

Ağlıma vəhşi bir fikir gəldi: bəlkə mən bütün dünyada təkəm? Bu fikir məni evdən uzaqlaşdırdı. Bir an gecikmədən siqareti söndürdüm, paltomu və şlyapamı geyinib dal qapıdan küçəyə çıxdım.

Dar dalanda sakitlik idi. Ayaqlarım səkinin yaş plitələrində sürüşürdü, damcılar üzümə çırpılırdı, eynəyimin şüşələrindən süzülürdü. Amma bunlara fikir vermirdim – daxilimdə elə bil ocaq qalamışdılar. Yağış yağdığına sevinirdim, çünki o içimdəki alovu söndürə bilərdi. Dalandan böyük küçəyə çıxdım – qarşımda soyuq boşluq var idi: fənərlərin ölüşgün işıqları dükan qapılarında titrəyirdi. Ətrafda lal kölgələr sürünürdü. Hər şey ölmüşdü. Ancaq yağış inadkarlıqla və dayanmadan səs salıb cansız torpağa tökülürdü.

Addımlarımı yavaşıtmadan tez-tez gedirdim. Şlyapamın qırağından eynəyimə su süzülürdü, amma mən onu silməyə çalışmırdım, heç əllərimi paltomun cibindən çıxartmamışdım. Qabaqda heç nə görmürdüm və görmək də istəmirdim. Nəsə gizli bir şey bütün ağırlığıyla üstümə çökmüşdü, mübarizə aparmaq mənasız idi. Mənə qalan yeganə şey – getmək idi, ancaq getmək.

Amma hara getmək – bilmirdim, heç bilmək də istəmirdim. Gölməçələrdən keçirdim, ayaqqabılarımı və corablarımı isladırdım. Bir fikir mənə hakim idi – ancaq qabağa getmək, elə bilirdim dayansam kiminsə əlləri məni tutacaq.

Bir keçəni keçdim… sonra ikincisini… qabağımda əvvəlki kimi soyuq boşluq var idi. Bilmirəm nə qədər getmişdim, nə soyuğu hiss edirdim, nə də yorğunluğu, içimdəki ocaq isə əvvəlki kimi yanırdı və paltarımın içinə girən damcılar da məni rahatlada bilmirdi.

Hansısa dalanın ağzında dayandım və bunu nə üçün etdiyimi fikirləşməyə də macal tapmamış dalana girdim.

Bu dalanda da sakitlik idi. Bəzi pəncərələrdə işıq yanırdı, amma nə danışıq, nə də gülüş səsləri eşidilmirdi. Üç nömrəli evin girişində ayaq saxladım və qapını döyməyə hazırlaşanda gülünc təəccüb və qorxu hissiylə başa düşdüm ki, burda Yuy yaşayır.

Görüşmədiyimiz bu dörd-beş gün ərzində onun onsuz da solğun olan siması daha da bozarmışdı. Məni görüb özünü bir az itirdi və sakitcə öz otağına apardı.

Yuy:

– Nə üçün gəlmisən? Demişdim axı gəlmə, – desə də əlimi dostcasına bərk-bərk sıxdı.

Ürəyiyananlıqla ona baxıb əlini buraxdım və pıçıltıyla soruşdum:

– Nə xəbər var?

Yuyun gözlərində kədər sezildi; o ölü ümidsizliklə başını yellədi.

– Deməli heç bir ümid yoxdur? – özüm öz sualımdan səksəndim.

Əlini çiynimə qoydu:

– Belə bərk danışma. – Bir az susub əlavə etdi. – Onun harada olduğunu bilmədik, amma deyirlər həbsxana qanunları ciddidir.

– Bu dəqiqdir?

– Kim bilir? Hər halda bildiyimiz budur. Biz çoxuna onun haqqında nəsə öyrənməyi tapşırmışıq, hələ ki bir faydası yoxdur. Qorxuram bir daha onunla görüşə bilməyək.

 

Ba Çzin "Yağış"

 

 

Yuy özünü sakit aparmağa çalışırdı. Bir neçə gün əvvəl də bu sözləri demişdi, deyəsən o vaxtdan heç nə öyrənə bilməyib. Birdən qışqırdı:

– Dayan! Su içindəsən ki. Bura gəlməməliydin. Ehtiyyatlı olmaq lazımdır.

Kədərli təbəssümlə paltomu və yaş şlayapamı çıxartıb taburetin üstünə qoydum və yazı masasının dalında oturdum.

– Daha belə yaşaya bilmirəm, – necə dediyimi özüm də bilmədim. – Öz otağımda tək boğuluram. Necə qorxulu olduğunu bilmirsən, həbsxanadan  daha qorxuludur.

– Dözümlü ol! Bir də əzablarını unut. – O da oturdu, mənə baxdı və titrəyən səslə məni dilə tutmağa başladı. – Səbirli olmaq lazımdır. Guya mən səndən yaxşıyam? – O susdu və əliylə saçlarını qarışdırmağa başladı. Görünür, ona nəsə əzab verirdi, bəlkə xatirələr? Bilirdim ki, Yuy onun haqqında fikirləşir.

– Onun anası gəlmişdi. – Əllərini stolun üstünə qoydu, bir az güc yığıb davam etdi. – O burda yaşayır. Ona qızının başına nə gəldiyini deməyə hünərim çatmır, heç gizlətmək də asan deyil. O axı həm də xalamdır, gözünün qabağında böyümüşəm. O Xuaya demişdi ki, bura köçəcək. Xua mənə demişdi. Amma bunun olacağı ağlımıza da gəlməzdi. Özün fikirləş, həqiqəti ona necə deyə bilərəm – cavan deyil, tezliklə əlli yaşı olacaq.

Onun səsi titrədi və yanımda ağlamamaq üçün susdu.

Xua anasını çox sevirdi, haqqında bizə az danışmamışdı: dul qalandan sonra təzədən ərə getməyib ki, qızını böyütsün, oxutsun. Bu ağıllı və ürəyitəmiz qadın elə çox istəyirdi ki, Xua yaxşı adama ərə gedib xoşbəxt olsun. Qızını başa düşmədiyi vaxtları olsa da onu bütün varlığıyla sevirdi. Indi isə… Xuanın mənə dediyi sözləri xatırladım.

– Hansı yolla olur olsun onu xilas etmək lazımdır. –  Elə yavaş dedim ki, elə bil öz-özümə danışırdım. Mən ciddi-cəhdlə qızı necə qurtaracağımız haqqında fikirləşirdim, birdən başım ağırlaşdı, fikirlərim dondu.

– Nə fikirləşəcəksən ki? Heç kim onun hara aparıldığını bilmir. – Yuy kədərli səslə cavab verdi.

Bunun sadəcə söz olmadığını bilirdim, Yuy Xuanın harda olduğunu öyrənmək üçün mümkün olan hər şeyi edirdi.

“Bəlkə o daha həyatda yoxdur” – bu fikir qəfil ağölıma gəldi; onu başımdan çıxartmağa çalışsam da baxarmadım və istəmədən bərkdən dedim.

– Tox, yox, bu ola bilməz! – Yuy qızğınlıqla dedi. Elə bil onun həyatı da Xuanın həyatından asılı idi. Səsi bir az möhkəmləndi. Qızı düşmənlərin əlindən qurtarmağa qərarlı olduğu görünürdü. –  O axı qeyri-qanuni heç nə eləməyib.

– Bəyəm bunun mənası var? – Mən stola dirsəklənib durdum və onun səbəblərini təkzib etdim. – O başqaları kimi yazıq olmaq istəmirdi, fikirləşdiyini deyirdi, lazım bildiyini edirdi. Bu bəs deyil?

Yuy özünü itirib sakitcə mənə qulaq asırdı. Sakitləşib yerimə oturdum. Gözlərimin qabağında yekə kisə canlandı. Kisəni çaya atırlar, kisədə meyit var… Bunu görməmək üçün gözlərimi elə bərk yumdum ki, gözlərim ağrıdı, əlimlə yüngülcə ovuşdurdum.

– Ola bilməz. O sağdır, – Yuy elə əminliklə dedi ki, gözlərimi açdım. Amma onun əminliyi tezliklə yox oldu, sakitcə dedi. – Hər şey elə tez baş verdi ki. Indi elə vaxtdır ki, əminliklə heç nə demək olmaz.

Yuxarıdan öskürək səsi eşidildi və tezliklə kəsildi. Yuy daha heç nə demədi. Otaq sakitliyə qərq oldu, amma mənə elə gəlirdi ki, arvadın öskürəyini hələ də eşidirəm. Bu Xuanın anası idi və mən yenə qızı xatırladım. Ağrı və hirs yenə məni bürüdü.

– O hələ yatmayıb, o ancaq gecə yarısı yuxuya gedir. – Yuyun üzü yenə tutqunlaşdı və o kədərlə mənə baxdı. – Ancaq qızı haqqında fikirləşir. Məncə artıq nədənsə şübhələnib. Mən yalan danışa bilmirəm, ola bilər özümü ələ vermişəm. O mənə kədərli nəzərlərlə elə baxır ki…

– O başa düşməyib. – Dediyimə özüm də inanmadım.

Mən onu sakitləşdirməyə çalışmırdım –  sadəcə nəsə deməli idim, elə özüm də rahatlaşdım.

– Gün gələcək özüm ona hər şeyi danışacağam, daha yalan deyə bilmirəm.- deyib mənə baxdı; elə bil nəsə deməyimi gözləyirdi, amma mən heç nə demədim. Üzüməbaxıb qorxmuş halda dedi:

– Qaan. Sənin üzündə qan var.

Əlimi üzümə çəkdim, ovcumda qan vardı.

– Qan, cəmi bir-iki damcıdır. Böyük şey olub. – soyuqqanlılıqla dedim.

Yuy susdu; üzündə nə həmin təəccüb, nə də həmin qorxu vardı.

Onun səsini eşitməkdən qorxurdum, nəzərlərimizin qarşılaşacağından qorxurdum, bu boğuq səssizlikdən qorxurdum. Ayağa durub paltomu geyindim, şlyapamı qoydum və heç nə demədən aşağı düşdüm. Addımlarım yəqin ki, Aua ananı narahat etmişdi: o yenə öskürdü. Öskürək səsləri məni qamçı zərbələri kimi qovurdu. Pilləkanlardan tez qaçdım.

Yuy dalımca dabanbasma aşağı düşdü; sakitcə, amma ötkəmliklə mənə ehtiyyatlı olmağı tapşırırdı. Bunu birinci dəfə eşitmirdim. Nəsə mızıldanıb küçəyə çıxdım.

Görünməyən alov əvvəlki kimi məni yandırırdı. Yağış hələ də yağırdı. Suyu ətrafa sıçradaraq gölməçələrdən keçirdim. Isti üzümə soyuq yağış damcları çırpılırdı, ətrafda qaranlıq idi. Yaxalığımı qaldırıb yoluma davam etdim.

Elə bil qabaqda hər şey dumana bürünmüşdü. Dırnaqlarımacan islanmışdım, şlyapam islanıb ağırlaşmışdı, şalvarıma palçıq sıçramışdı. Amma mən elə hey gedirdim, əzab çəkdiyim həmin soyuq və boş otağa qayıtmamaq üçün gedirdim.

Küçələrin hesabını itirmişdim; olduğum küçəni keçib dalana girdim, hansısa evin qabağında dayanıb başımı qaldırdım, narıncı rəngli qapıya üstünə qara rənglə 10 yazılmış ağ kağız yapışdırmışdılar.

Fikrim gözlənilmədən aydınlandı, qapını döymədim, iki addım dala çəkilib işıqlandırılmamış pəncərəyə baxdım. Bir müddət əvvəl burda dayanıb “Xua” çağıran kimi pəncərə açılırdı, qız mənə əl eləyəndən sonra aşağı düşüb qapını açırdı. Qonaq otağında çay işə-işə müxtəlif mövzularda söhbət edirdik. Mən görüşmədiyimiz bir-iki gün ərzində nə elədiyimi danışırdım, o isə öz işindən; hərdən böyük, qara gözlərini incə baxışla mənə dikib hansısa kitab haqqında sual verirdi, o ruhundakı hər şeyi açırdı, mən də öz növbəmdə ən gizli sirrlərimi ona deyirdim. Belə görüşlərimiz tez-tez olurdu, hərdən Yuy da gəlirdi. Hardasa on gün əvvəl Yuyla mən onu ziyarət edib bu otaqda bir neçə saat oturmuşduq. Amma indi hər şey dəyişmişdi, özü də gözlənilmədən.

Dostlar mənə bu evə bir daha gəlməməyi tapşırmışdılar, amma Xuanı burda tapmayacağımı bilsəm də ayaqlarım qeyri-ixtiyari bura gəlib çıxmışdılar.

Getməyə gücüm çatmırdı. Dayanıb qaranlıq pəncərəyə baxırdım, ola bilsin təzə sakinlər hələ gəlməmişdilər. birdən mənə elə gəldi ki, Xua evdədir və sadəcə yatıb, bu fikrimə bərkdən güldüm. Bu vaxt gözümə iri qara gözlər göründü, elə bil eynəyimə düşən damcılar onları yaxşı görməyimə mane olurdu. Hələ də əvvəlki kimi yağışın altında qonşunun qapısı çırpılanacan dayandım, səsi eşidən kimi isə ordan uzaqlaşdım, məni görə bilərdilər.

Ölgün fənərlər küçəni güclə işıqlandırırdı, papiros satan mallarını yığışdırırdı, rastıma iki-üç çətirli adam çıxdı. Amma elə bil bütün bunların mənə heç dəxli yox idi. Birdən-birə özümü bu böyük şəhərdə yad hiss etdim, içimdəki alov isə daha şiddətlə yanmağa başladı. Heç yağışı da hiss etmirdim. Körpünün yanıyla gedirdim, siqnal səsi eşidən kimi yüksək sürətlə gələn maşını görüb qırağa çəkildim. Üstümə palçıq sıçradı, sonra gülüşmə səsi eşitdim.

“Adamlar bir-birinə nə qədər yaddır” fikirləşdim. Bir-birindən qorxulu fikirlər mənim beynimi deşən vaxt bir başqası qayğısızca gülür. Mənim əzablarım heç kimə lazım deyil. Tənhalıq məni üzürdü, mənə izaholunmaz sıxıntı verirdi. Donmuş barmaqlarım paltomun cibində yumruq kimi sıxılıb şıqqıldadı. Qoy yağış yağsın, sel məni və ətrafdakı hər şeyi aparanacan yağsın!

Yağış daha əvvəlki kimi yağmırdı. Mən gedirdim. Daha soyuq küçələri görmürdüm. Hara getdiyimin mənim üçün mənası yox idi. Budur, yenə dalan. Ora girib üç nömrəli evin qabağında dayandım. Gülünc qorxu və qərarsızlıq hissiylə qapının ağzında dayandım: girim ya yox?

Mən bura gəlmək, qəmli dostumu görmək və qadının öskürəyini eşitmək istəmirdim, amma ayaqlarım məni bura gətirmişdi.

Yuxarı baxdım:  pəncərə bayaq gördüyüm pəncərə kimi möhkəm bağlanmışdı, işıq gəlmirdi. Yəqin qadın yatıb! Onun bu saat yuxuda nə gördüyünü öyrənmək üçün çox şey verərdim. Şühəsiz şən, həyat dolu Xuanı. Fikrim yenə Xuanın anasının yanına qayıtdı. Onu mehriban siması vardı. Xua mənə onun şəklini göstərmişdi. Xuanın gözləri və ağzı anasınınkına oxşayırdı. Birdən Xuanın anasını görmək istədim, bu hiss elə güclüydü ki, qabağını kəsə bilmədim. Amma onun quru öskürəyi varlığımı incitdi, ona baxa bilməyəcəyimi başa düşüb yoluma davam etdim.

Evə tez çatdım, elə bil məni qovurdular. Nə dayandım, nə harasa baxdım, evə girəndə çox yorğun idim.

Ardı var...

Həmid Piriyev

Səslərin sayı: 2
2
2634
loading...
Şərhlər
Offline
Ellada Babayeva
Bir neçə gündür ki, dalbadal yağış yağır; səma bütünlüklə buludlarla örtülüb.

Səhərdən gecəyəcən mən yazı stolunun arxasında otururam. Stol pəncərənin qabağında olduğu üçün başımı qaldıranda yağış damcılarının şüşəyə necə çırpıldığını görürəm. Nəzərlərim bayıra dikilir, orda ancaq monoton səslə həyətdəki daş plitələrə tökülən yağış görünür.
girl_ten
16 iyul 2015 01:50
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
S U S E N _BACI
Yagis yag yagis yag bereket girl_ang
15 iyul 2015 21:20
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!