Bakıda hava 13°
USD AZN
EUR AZN
10:46Sima salam herkese necesiz 08:48Xəyalə Murad yeni dərs və iş həftəsində hər birinizi xoş gördük!
41235

F.Kafka "Məhkəmə"-8

F.Kafka "Məhkəmə"-8

O, K.-nın əlini bir də sığalladı, durub pəncərəyə tərəf qaçdı. K., qeyri ixtiyari, onun qolundan yapışmaq istədi, ancaq əli boşa çıxdı. Qadın doğrudan da onu cəzb edirdi və K. nə qədər çalışsa da, özünü bu cazibənin ixtiyarına buraxmamaq üçün tutarlı bir dəlil tapa bilmədi. Qadının onların adamı olması, K.-nı ələ almaq üçün göndərilməsi şübhəsini çətinlik çəkmədən rədd etdi. Axı onu necə ələ ala bilərdi? Məgər o, azad adam deyildimi və bu məhkəməni, ən azı, ona aid olan iclası darmadağın edə bilməzdimi? Doğrudanmı, az da olsa, özünə inamı qalmamışdı? Ancaq qadın kömək təklif edən zaman səsində səmimiyyət duymuşdu və bəlkə də bu kömək nəyəsə yarayardı. Ola bilsin, bu qadını əllərindən alıb özü ilə aparmaq müstəntiqdən də, onun ətrafından da qisas almağın ən yaxşı yolu idi... Onda bu müstəntiq K. haqqında saxta məlumutlar yazmaqdan yorulub gecə yarısı onun yanına gələndə görəcək ki, çarpayısı boşdur. Ona görə boş olacaq ki, indi o, K.-nın idi, ona görə boş olacaq ki, indi pəncərənin yanında dayanan o koppuş qadın, onun qalın, kobud parçadan tikilmiş paltarın içindəki oynaq, hərarətli bədəni yalnız və yalnız K.-ya məxsus olacaq.

Bu minvalla qadına qarşı yaranmış bütün şübhə-tərəddüdləri qovandan sonra ona elə gəldi ki, pəncərənin qarşısındakı pıçıldaşma çox çəkdi, əvvəlcə barmaqlarının qatlanan yeri ilə, sonra da yumruğu ilə kürsünü döyəclədi. Tələbə bircə anlığa başını qaldıraraq qadının çiyinləri üzərindən K.-ya tərəf baxdı, ancaq halını pozmadı, hətta qadına bir az da yaxınlaşıb onu qucaqladı. Qadın başını əydi, sanki oğlana diqqətlə qulaq asmağa başladı. Ona tərəf əyiləndə, tələbə qadının boğazından marçıltı ilə öpdü, eyni zamanda, danışığına da ara vermədi. K. gördü ki, qadın haqlı imiş, nə üçünsə bu zülmkar tələbədən asılıdır və durub otaqda var-gəl etməyə başladı. Çəpəki nəzərlərlə tələbəni süzən K. fikirləşirdi ki, bir yol tapıb onu burdan aralasın və bəlkə də elə buna görə K.-nın getdikcə ucalan ayaq səslərindən əsəbiləşən oğlan danışmağa başlayanda sevindi. 

– Səbriniz çatmırsa, çıxıb gedə bilərsiniz. Siz xeyli əvvəl də gedə bilərdiniz, çünki heç kəsə lazım deyilsiniz. Bəli, bəli, hətta getməli idiniz! Özü də elə mən içəri girən kimi! Həm də tez! Elə həmin dəqiqə! 

Tələbə bu sözlərlə sanki bütün acığını ifadə etdi və eyni zamanda, zəhləsi getdiyi müttəhimlə danışan gələcək məhkəmə məmurunun necə təkəbbürlü olduğunu göstərdi. K. onların lap yaxınlığında dayandı və təbəssümlə dedi: 

– Elədir. Mən səbirsizəm, ancaq bu səbirsizliyə son qoymağın ən asan yolu odur ki, siz burdan çıxıb gedəsiniz. Əgər buraya nəsə öyrənməyə gəlibsinizsə,–eşitdiyimə görə, tələbəsiniz–onda şərait yaradaram, qadınla birlikdə çıxıb gedərəm. Yeri gəlmişkən, hakim olana qədər çox şeyi öyrənməlisiniz. Düzdür, mən sizin məhkəmə sistemini yaxşı tanımıram, ancaq düşünürəm ki, utanıb-qızarmadan çox ustalıqla belə qaba danışmağınız o qədər də uzağa gedə bilməyəcəyinizdən xəbər verir. 

– Onun indi belə sərbəst gəzib-dolaşmağına icazə vermək lazım deyildi!–deyən tələbə sanki qadına K.-nın bu təhqiramiz sözlərinin izahatını verirdi,–Səhv addım idi... Bunu müstəntiqə də dedim. Ən azı, istintaq gedən vaxt ərzində onu ev dustağı etmək lazım idi. Bəzən bu müstəntiqi də başa düşmək olmur... 

– Mənasız sözlərdir!–K. əlini qadına tərəf uzatdı.–Gəlin! 

– Bir buna bax!–Tələbə etiraz etdi,–Xeyr, xeyr, o heç vaxt sizin olmayacaq!

Və tələbə–heç deməzdin, onda belə güc olar–qadını qucağına alıb, nəvazişlə ona baxa-baxa, əyilə-əyilə qapıya qaçdı. Hiss olundu ki, K.-dan bir az çəkindi, ancaq onu bir az da qıcıqlandırmağa özündə cəsarət tapa bildi. Boş olan əli ilə qadının qolunu sığalladı, sonra da sıxdı. 

K. bir az onların yanınca qaçdı, oğlanı tutmaq, girəvə tapan kimi onu boğmaq istədi. Ancaq elə həmin anda qadın dilləndi: 

– Xeyri yoxdur, müstəntiq apartdırır, sizinlə gedə bilmərəm. Bu əclaf...–oğlanın üzünə bir sillə vurdu,–... bu balaca əclaf məni buraxan deyil! 

– Heç özünüz də bunu istəmirsiniz!–deyə K. tələbənin çiynindən yapışdı. Oğlan onun əlini ağzına saldı. 

– Yox! Yox! – qadın qışqıraraq əlləri ilə K.-nı itələdi,–yox, bunu eləmək olmaz! Neylədiyinizi bilirsiniz? Bu mənə baha oturar! Onu buraxın, xahiş edirəm, buraxın! Axı, o yalnız müstəntiqin əmrini yerinə yetirir, məni onun yanına aparır.

– Elə isə, qoy aparsın! Heç mən də sizi görmək istəmirəm! -pərt olan K. qəzəblə dilləndi və tələbəni arxadan itələdi. Oğlan səndələdi, ancaq yıxılmadığına sevinərək qucağındakı "yüklə" irəli atıldı. 

F.Kafka "Məhkəmə"-8

K. asta addımlarla onların arxasınca gedə-gedə hiss etdi ki, artıq buna başqa ad vermək olmaz, bu adamlara iki dəfə məğlub oldu. Əlbəttə, burda qorxulu bir şey yox idi, ona görə məğlub olmuşdu ki, mübarizəyə özü başlamışdı. Evdə qalıb gününü adəti üzrə keçirsəydi, bu adamların hər birindən yüz dəfə, min dəfə yüksəkdə dayanmış olardı və hərəsinə bircə təpik vurub yolundan uzaqlaşdırardı. Məsələn, təsəvvüründə belə bir gülməli səhnəni canlandırdı: bu bədbəxt tələbə, bu təkəbbürlü uşaq, samıqıç oğlan əlləri qoynunda Elzanın çarpayısı önündə diz çökür, bağışlanmasını diləyir... Bu səhnə K.-nın çox xoşuna gəldi və qərara aldı ki, imkan düşən kimi, tələbəni bir dəfə Elzanın yanına aparsın. 

Maraq güc gəldiyi üçün K. qapıya tərəf getdi: qadının hara aparıldığını bilmək istəyirdi. Tələbə, qadın da qucağında küçəyə çıxası deyildi ki! Məlum olduğu ki, yol çox qısa imiş. Mənzillə üzbəüz pilləkən yəqin ki evin damı üçün idi və yolda burulduğundan sonu görünmürdü. Tələbə yavaş-yavaş, hıqqana-hıqqana qadını həmin pilləkənlə qaldırdı. Bayaq yüyürdüyü üçün yorulmuşdu. Qadın aşağıda dayanmış K.-ya əl elədi və çiyinlərini çəkməklə ona başa salmağa çalışdı ki, burda onun günahı yoxdur, zorla aparırlar. Ancaq bu hərəkətlərindən o qədər də peşmançılıq duyulmurdu. K. ona yad bir adam kimi baxdı və bununla da məyus olduğunu, bu məyusluğun da belə tez keçib getməyəcəyini gizlətmək istədi.

Tələbə ilə qadın gözdən itsələr də, K. hələ də qapının ağzında dayanmışdı. Başa düşmüşdü ki, qadın yalnız etibarsızlıq eləməyib, həm də yalan danışıb ki, guya onu müstəntiqin yanına aparırlar. Axı müstəntiq damda oturub gözləməzdi! Nə qədər tamaşa eləsə də, onsuz da bu taxta pilləkən ona heç nə deyəsi deyildi. Həmin anda K. qapının yanında nəsə bir yazı gördü. Yuxarı qalxıb əyri-üyrü uşaq xətti ilə yazılmış lövhəni oxudu. “Məhkəmə dəftərxanalarına giriş”. Deməli, bu yaşayış evinin damında məhkəmə dəftərxanaları da varmış! Bura elə yer idi ki, çox da diqqət, xərc tələb etməzdi və müttəhim bunu görəndə sakitləşərdi ki, kasıb kirəkeşlərin lazımsız əşyalarını atdıqları yerdə dəftərxanaları yerləşirdisə, deməli, məhkəmənin vəsaiti çox az idi.

Belə də ola bilərdi ki, kifayət qədər pul ayrılırdı, ancaq məhkəmə üçün xərclənənə qədər məmurlar onun axırına çıxırdı. İndiyə qədər burda gördüklərinə əsasən K.-ya elə gəldi ki, bu ən düzgün ehtimaldır və belə olan halda, məhkəmənin bu cür acınacaqlı hala salınması, bir tərəfdən, müttəhim üçün həqarət hesab olunurdusa, digər tərəfdən də adamı sakitləşdirirdi ki, məhkəmə lap dilənçi kökündədir. K. indi başa düşdü ki, müttəhimi ilkin istintaqda evin damına çağırmağa utanırlar və ona elə öz mənzilindəcə hücum edirlər. Beləliklə, çardaqda oturan hakimlə K.-nın fərqi aydın görünməyə başladı: onun bankda böyük iş otağı, qəbul otağı vardı və böyük pəncərələrdən həmişə adamla dolu şəhər meydanına tamaşa edə bilərdi! Yeri gəlmişkən, heç yerdən əlavə gəliri yox idi–rüşvət almırdı, israfçılıq eləmirdi və xidmətçi də heç bir qadını qucağına alıb onu kabinetinə gətirmirdi. K. da, ən azı, yaşadığı bu həyatda belə şeylərdən uzaq olmaq istəyirdi. 

Pilləkənlə bir kişi qalxanda, K. hələ də lövhənin yanında dayanmışdı. Kişi qapısı açıq olan mənzilə, ordan da iclas zalına baxdı və K.-dan burda qadın görüb-görmədiyini soruşdu. 

– Məhkəmədə işləyirsiz?–K. cavab əvəzinə soruşdu.

– Bəli. Siz müttəhim K.-sınız, elə deyilmi? İndi tanıdım... Xoş gəlmisiniz. 

Və K.-nın heç gözləmədiyi halda, kişi ona əl uzatdı. K. hələ də susduğu üçün məhkəmə məmuru dedi: 

– Bu günə iclas təyin olunmayıb. 

– Bilirəm,–deyən K. onun mülki pencəyinə baxdı: adi düymələrin arasında ikicə qızılı rəngli düymə onun bu sistemdə işlədiyini göstərirdi və onlar da, çox güman ki, köhnə zabit şinelindən qoparılıb oraya tikilmişdi.–Bir az bundan əvvəl arvadınızla söhbət edirdim, indi burda yoxdur, tələbə onu müstəntiqin yanına apardı.

– Görürsünüzmü,–məmur şikayətləndi,–həmişə onu mənim əlimdən alıb aparırlar. Bu gün bazardır, işləməməliyəm, ancaq məni burdan uzaqlaşdırmaq üçün lazımsız bir işin dalınca göndərdilər. Düzdür, çox uzağa göndərməmişdilər və ümid edirdim ki, tez getsəm, vaxtında qayıda bilərəm. Qaça-qaça gedirəm, qapını bir az aralayıb tövşüyə-tövşüyə deməli olduğum sözləri yanına göndərildiyim adama elə deyirəm ki, bəlkə də heç nə başa düşmür, təzədən qaça- qaça geri qayıdıram, ancaq, görünür, tələbə məndən də çox tələsib. Axı onun yolu çox qısadır, çardağın pilləkənlərini düşür, vəssalam. Əgər işim onlardan keçməsəydi, o tələbəni divara sıxıb əzik -əzik eləyərdim. Bax, elə bu lövhənin yanındaca! Həmişə də bunu arzulamışam: bax, burda döşəmədə oturub, kürəyini divara söykəyib, qolları yana düşüb, barmaqlarının hərəsi bir tərəfə baxır, əyri ayaqları qatlanıb, hər yer də qan... Ancaq bu, indiyə qədər arzu olaraq qalır.

– Başqa yolu yoxdur?–K. təbəssümlə soruşdu.

– Başqasını bilmirəm... İndi daha pis oldu, bu vaxta qədər öz yanına aparırdı, ancaq indi, çoxdan ürəyimə damdığı kimi, müstəntiqin də yanına aparır.

– Burda arvadınızın hec günahı yoxdur?–artıq özünün də qısqandığını hiss edən K. bunu zorla gizlətdi. 

– Əlbəttə var! Ən böyük günah elə arvadımdadır! Özü ondan əl çəkmir! Qaldı oğlan... o harda qadın görür, arxasınca düşür. Elə təkcə bu binada soxulduğu beş evdən qovulub. Yeri gəlmişkən, mənim arvadım bu binada ən gözəl qadındır və mənim də onu qorumağa ixtiyarım çatmır!

– Belədirsə, deməli, buna əlac yoxdur.

– Niyə yoxdur ki?! Arvadımı aparanda o qorxağı bir dəfə elə əzişdirmək lazımdır ki, bir də buna cəsarəti çatmasın. Ancaq bunu özüm eləyə bilmərəm, başqaları da mənə yaxşılıq eləmək istəmir. Çünki hamı ondan çəkinir. Bunu yalnız sizin kimi adam eləyə bilər!

– Axı niyə mən? – K. heyrətləndi.

– Çünki siz müttəhimsiniz.

– Elədir, ancaq mən elə buna görə qorxmalıyam ki, məhkəmənin nəticəsinə təsir etməsə də, hər halda, ilkin istintaqa eləyə bilər.

– Bəli, eləyə bilər!–məmur bu sözləri elə dedi ki, sanki onun fikri K.nın fikri ilə üst-üstə düşürdü,–Ancaq bizdə, adətən, ümidsiz məhkəmələr aparılmır. 

– Mən sizinlə razılaşmıram, ancaq bu o demək deyil ki, tələbə ilə məşğul olmayacam.

– Sizə çox minnətdar olardım!–məmur bir qədər rəsmi tərzdə dilləndi, deyəsən, ən böyük arzusunun həyata keçəcəyinə inanmırdı. 

– Bəlkə də..ə,–K. sözünə davam etdi,–sizin məmurlarınızdan bəziləri, ola bilsin də, elə hamısı paylarını alacaq.

– Elədir, elədir!–məmur sanki adi bir həqiqəti təsdiq edirmiş kimi dilləndi, sonra da inamla K.-ya baxdı. İndiyə qədər ona nə qədər mehribanlıq göstərmiş olsa da, belə baxmamışdı və sözünə əlavə etdi:–Onsuz da hamı narazıdır, qalxıb...-ancaq məmur, deyəsən, bu söhbətdən özü də narahat oldu, mövzunu dəyişdi:–Gərək gəldiyimi dəftərxanaya bildirəm. Mənimlə getmək istəyirsiniz? 

– Orda mənim nə işim?!

– Dəftərxanalara baxarsınız. Sizə fikir verən olmayacaq.

– Baxmağa dəyər?–deyə tərəddüd edən K. hiss etdi ki, getmək istəyir. 

– Elə bildim, sizin üçün maraqlı olar... 

– Yaxşı,–K. nəhayət, dilləndi,–gedirəm...–Və pillələri məmurdan tez qalxdı. İçəri girəndə az qaldı yıxılsın, çünki qapıdan sonra da bir pillə vardı.

– Camaatı fikirləşmirlər,–dedi. 

– Heç veclərinə də deyil!–məmur təsdiqlədi,–hələ bir gözləmə otağına baxın!

Qarşısında uzun bir dəhliz vardı və buradakı yöndəmsiz qapılar çardaqdakı otaqlara açılırdı. İçəri birbaşa işıq düşməsə də, çox qaranlıq deyildi, çünki bəzi otaqların dəhliz tərəfdəki divarları bir- birinə kip geyindirilmiş taxta arakəsmə əvəzinə, tavana çatan ağac şəbəkələrdən düzəldilmişdi və aralarından həm içəri işıq düşürdü, həm də stolların arxasında oturub yazı yazan, ya da arakəsmənin lap yaxınında dayanıb deşiklərdən dəhlizdəkilərə baxan məmurlar görünürdü.

Yəqin bazar günü olduğundan, dəhlizdə az adam vardı. Hamısı da sadə adam təsiri bağışlayırdı. 

Ardı var...

Səslərin sayı: 0
0
1124
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 2019-un ən çox qazanan ifaçıları

    TEylor bu pulu nəydən qazanır?
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    В детской стоматологии Family Dent отличный подход к детям. Старшей дочери недавно установили здесь титановые брекеты, а младшему сыну вылечили зубы совсем без слез. Такого еще ни разу не было. Впервые без нервотрепки и криков. Теперь ходим только сюда - стоматология Family Dent Мне эта стоматология Family Dent понравилась очень качественной . Всего хорошего рекомендую !
  • 12:25 - Müəllif: Sima
    Qadınlara 25 milyon ödəyəcək (2)

    Qadınlara 25 milyon ödəyəcək

    Qalmaqallı prodüser Harvi Vaynşteynlə bağlı məhkəmə qərar verib.
  • 12:14 - Müəllif: Sima
    Məşhur müğənni yeni İMİCDƏ (1)

    Məşhur müğənni yeni İMİCDƏ

    Məşhur müğənni yeni İMİCDƏ
  • Ərdoğan məşhur aşpazın qonağı oldu

    Ərdoğan məşhur aşpazın qonağı oldu
  • Həssas dərilər üçün makiyaj tövsiyələri

    Həssas dərilər üçün makiyaj tövsiyələriHəssas dərilər üçün makiyaj tövsiyələri
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем привет. Боялась заказывать за за % оплату. Но все отлично. До Твери шла ровно 8 дней шведская стенка как и говорили. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна конструкция была без отверстий для крепления к стене, пришлось делать самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо огромное.
  • BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr

    BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
  • Tonal krem ləkəsini necə təmizləməli?

    Qab yuyan şampundan ləkənin üstünə damladın və bir neçə dəqiqə gözləyin
  • Həftənin ən zövqsüz ulduzu oldu-FOTO

    Sert 2 xal verdiyi Belçimin ünvanına "Bədəninə uyğun olmayan, yanlış bir tərzdir. Bütün parçalar uyğun gəlmir. Çəkmələr isə heç uyğun deyil" deyib.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış