Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Azərbaycan tarixindən yüz şəxsiyyət-95

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

 

Tofiq İsmayılov

(1933-1991)

Tofiq Kazım oğlu İsmayılov 1933-cü ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə SSRİ faşist Almaniyasının təcavüzünə məruz qalanda I sinfə gedən Tofiq müharibənin tam mahiyyətini anlamasa da, onun gətirdiyi iztirablar, məhrumiyyətlərlə üzləşib. Cəbhə xəttindən uzaq olan Bakı müharibə qanunları ilə yaşayır, Azərbaycanlılar qələbə naminə həm cəbhələrdə vuruşur, həm də arxa cəbhədə işləyirdilər.

1951-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirən Tofiq İsmayılov Moskva Rabitə Elektrotexnika İnstitutuna daxil olur. Onun təhsil aldığı radiotexniki fakültə ən perspektivli hesab olunur, buranı bitirən bir çox tələbələr təkcə Rabitə Nazirliyi xətti ilə deyil, SSRİ-nin güc nazirliklərində işə götürülürdülər. Təbii ki, bunun üçün onlardan öz işlərinin peşəkarı olmaq tələb olunurdu.

1956-cı ildə institutu bitirən Tofiq İsmayılov Moskvada hərbi-sənaye kompleksinə aid qapalı müəssisədə çalışmağa başlayır, qısa müddət ərzində burada sex rəisi vəzifəsinədək yüksəlir. Moskvanın ictimai-siyasi həyatında fəal iştirak edən T.İsmayılov Moskvanın Frunze rayonu Şurasının deputatı seçilir.

Əmək fəaliyyətini davam etdirməklə yanaşı, T.İsmayılov 1959-cu ildə Moskvada aspiranturaya daxil olur. Onun sahəsinə aid qapalı hərbi-sənaye müəssisəsi Bakı şəhərində açılanda isə o, Bakıya təyinat alır və 1965-ci ildə doğma şəhərə qayıdır. Əmək fəaliyyəti ilə bərabər, elmi araşdırmalarını davam etdirən T.İsmayılov bəzi elmi əsərlər çap etdirir. O, 1966-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasına işə dəvət olunur. Qısa müddətdə özünü bilikli, bacarıqlı və eyni zamanda, fəal işçi kimi göstərən T.İsmayılov akademiyada elmi yeniliklərin tətbiqi şöbəsinə müdir təyin edilir. 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə edən T.İsmayılov Elmlər Akademiyasında işi ilə paralel olaraq Politexnik İnstitutunun radiotexnika kafedrasında dərs deyirdi.

1973-cü ildə onun rəhbərliyi ilə Elmlər Akademiyasında "Kaspi" Elmi- Texniki Mərkəzi yaradılır. Dövlət sifarişi üzrə kosmik sahə ilə bağlı tədqiqatlar aparan mərkəz tezliklə respublikada bu yeni sahə ilə bağlı ən effektiv təşkilata çevrilir. Ətrafında gənc və eyni zamanda bilikli və fəal alimləri birləşdirən T.İsmayılov sovet kosmik aparatlarında tətbiq edilən bir sıra cihazların yaradılmasında iştirak etmişdir. Artıq Sovet İttifaqı səviyyəsində ad qazanan elmi mərkəz 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəzdində Aerokosmik

İnformasiya Elmi-Tədqiqat İnstitutuna çevrilir. Tofiq İsmayılov institutun direktoru təyin olunur.

Ciddi elmi tədqiqatlar aparan institut bir sıra müstəqil araşdırmalar aparmış, əldə olunmuş nəticələr ən görkəmli sovet alimlərinin diqqətini cəlb etmişdir. İnstitutun bir sıra əməkdaşları Moskvaya, kosmik sahə ilə bağlı araşdırmalar aparan elmi institutlara dəvət edilmişlər. Eyni zamanda respublikada institutun nəzdində on müasir avadanlıqla təchiz olunmuş elmi-tədqiqat laboratoriyaları, hətta qapalı istehsal müəssisələri də yaradılmışdır. Çox az adam bilir ki, bütün dünyada ən mükəmməl sayılan sovet kosmik aparatlarında Azərbaycanda, Tofiq İsmayılovun rəhbərlik etdiyi institutda layihələndirilmiş və elə Azərbaycanda da istehsal edilmiş müxtəlif cihazlar qoyulmuşdur. Tam əminliklə söyləmək olar ki, Azərbaycanda aerokosmik tədqiqatların əsasını məhz Tofiq İsmayılov qoymuşdur.

1978-ci ildə Aerokosmik İnformasiya Elmi-Tədqiqat İnstitutu, ona tabe olan bütün müəssisələrlə birgə, Azərbaycan Aerokosmik Agentliyi statusunu almışdır. Respublikada aparıcı elmi-tədqiqat və elm-istehsalat müəssisəsinə çevrilən agentliyin baş direktoru Tofiq İsmayılov təyin edilmişdir. Respublikada ən iri elmi mərkəzlərdən biri olan agentlik artıq ümumdünya əhəmiyyətli tədqiqatlar aparırdı.

Kosmik aparatların uçuşlarını tənzimləyən elmi cihazlarla bərabər, agentlik kosmik fəzadan Yer və su səthinin müşayiət edilməsi, okean və dənizlərin dibinin öyrənilməsi, planetimizin ekoloji durumunun müəyyən edilməsinə imkan verən cihazlar yaradır və istehsal edirdi.

Görkəmli tədqiqatçı təbiətin ekoloji monitorinqinin keçirilməsində kosmik tədqiqatların imkanları və əhəmiyyətini uzaqgörənliklə anlayır, bu sahədə tədqiqatları genişləndirirdi. Xəzər dənizinin kosmosdan öyrənilməsi istiqamətində keçirilən tədqiqatlar öz unikallığı ilə seçilirdi. Onların nəticəsində Xəzərin təbii sərvətləri daha dəqiq öyrənilmiş, dənizin ekoloji durumu olduqca dəqiq qiymətləndirilmişdi. Hələ XX əsrin 70-80-ci illərində T.İsmayılov Xəzər dənizi və ətraf ərazilərə təhlükə yarada biləcək amillər barəsində xəbərdarlıq etmiş, onların qarşısının alınması yollarını göstərmişdi. Faktik olaraq məhz Tofiq İsmayılovun təşəbbüsləri və onların həyata keçirilməsi ilə Azərbaycanda kosmik təbiətşünaslığın əsası qoyulmuşdur.

1979-cu ildə Tofiq İsmayılov doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir, texnika elmləri doktoru adına və professor elmi dərəcəsinə layiq görülür. Çox keçmədən, ixtira etdiyi cihazların birinin böyük əhəmiyyəti nəzərə alınaraq, ona Azərbaycan SSR Dövlət mükafatı verilir. Qazandıqları uğurlarla kifayətlənməyən alim rəhbərlik etdiyi agentliyin apardığı elmi axtarışları daha da

dərinləşdirir, eyni zamanda, yeni sahələri əhatə etməyə çalışırdı. O yaxşı anlayırdı ki, müasir elm artıq pərakəndə halda inkişaf edə bilmir, mütləq müxtəlif elm sahələrinin sintezi, dərin inteqrasiyası tətbiq edilməlidir.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-95

 

Əməkdar elm xadimi adına layiq görülən alim 200-dən artıq elmi əsər yaratmış, onun müəllifi olduğu monoqrafiya və elmi məqalələrin bir çoxu indi də öz aktuallığını itirməmişdir. 1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki yüksək elmi adına layiq görülən alim Beynəlxalq Mühəndis Akademiyasının üzvü seçilmişdir. Fəaliyyəti illərində Sovet İttifaqının bir çox orden və medallarına layiq görülən alim kosmonavtika sahəsində ən görkəmli təltif nişanları sayılan K.G.Siolkovski, S.B Korolyov və Y.A.Qaqarin medalları ilə də təltif edilmişdir.

Görkəmli alim respublikanın ictimai həyatında da fəal iştirak edirdi. Azərbaycan SSR Ali Sovetinin deputatı seçilən T.İsmayılov ölkəmizdə baş verən proseslərə daim həssaslıqla yanaşırdı. Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ və ətraf əraziləri Azərbaycandan qoparıb Ermənistana birləşdirmək kimi cəfəng şüarlar onu narahat etməyə bilməzdi. Moskvada Sovet İttifaqı rəhbərliyinin ikili siyasətini, erməni siyasətbazlarının oyunlarının dəstəklənməsini görən alim bütün bunların Azərbaycana necə böyük təhlükə törədəcəyini yaxşı anlayırdı. Çıxış yolunu azadlıq mübarizəsində görən Azərbaycan xalqı bu yolda bütün çətinliklərə və məhrumiyyətlərə sinə gərəcəyini nümayiş etdirdi.

1990-cı ilin qanlı 20 Yanvar günü xalqımızın tarixinə faciə və eyni zamanda milli qürur günü kimi yazıldı: xalqımız müstəqilliyini tələb edir və bütün təhlükələrə baxmayaraq öz amalından dönmürdü. Bu isə imperiya qüvvələrini qorxudur və onlardan rəvac alan erməni daşnakları öz terrorçu əməllərinə davam edirdilər. Respublikanın o dövrkü rəhbərliyi isə Moskvanın dediyi ilə durub-oturur, hətta öz xalqının istəyinə qarşı çıxış edirdi.

Xalqın ümidi Tofiq İsmayılov kimi ziyalılara idi. 1991 -ci ilin oktyabrında Azərbaycanda müstəqillik ab-havası artıq  hiss  ediləndə  müstəqil dövlətə  tələb olunan strukturlar yaradılmağa başlandı. Oktyabrın 16-da Tofiq İsmayılov dövlət katibi təyin edildi, oktyabrın 18-də isə Azərbaycan Respublikası müstəqil dövlət elan olundu.

Azərbaycan Respublikasının üzləşdiyi ən böyük təhlükə erməni təcavüzünün genişlənməsi idi. Sovet ordusu hissələrinin köməyi ilə erməni quldur dəstələri Yuxarı Qarabağda Azərbaycan kəndlərinə hücumlarını genişləndirirdilər. Bütün xəbərdarlıqlara məhəl qoymayan respublika rəhbərliyi isə öz vətəndaşlarını düşmən qarşısında əliyalın buraxmışdı. Rəhbərliyə öz ordumuzun yaradılmasının vacibliyini sübut etmək üçün respublikanın yüksək dövlət və hökumət nümayəndələri Yuxarı Qarabağa yollandılar. Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, digər hökumət nümayəndələri bir vertolyotla, heç bir mühafizə olmadan, təhlükəsizlik tədbirləri həyata  keçirilmədən Yuxarı Qarabağa göndərildilər.

1991-ci il noyabrın 20-də Ağdamın Qarakənd kəndi üzərində vertolyot vuruldu, onun içində olanlar həlak oldular. Xalqımızın müasir tarixində ən ağır faciələrdən biri olan Qarakənd faciəsini o dövrkü respublika rəhbərləri ört-basdır etməyə, onu təbii amillərlə bağlamağa (guya, vertolyot dağa çırpılıb və s.) çalışsalar da, hadisənin terror aktı olduğu müəyyən olundu. Bu faciə nəticəsində Azərbaycan xalqı öz layiqli ziyalılarını itirdi, onların arasında akademik Tofiq İsmayılov da var idi.

Səslərin sayı: 1
1
1306
loading...
Şərhlər
Offline
Fatma xanım
1991-ci il noyabrın 20-də Ağdamın Qarakənd kəndi üzərində vertolyot vuruldu, onun içində olanlar həlak oldular. Xalqımızın müasir tarixində ən ağır faciələrdən biri olan Qarakənd faciəsini o dövrkü respublika rəhbərləri ört-basdır etməyə, onu təbii amillərlə bağlamağa (guya, vertolyot dağa çırpılıb və s.) çalışsalar da, hadisənin terror aktı olduğu müəyyən olundu. Bu faciə nəticəsində Azərbaycan xalqı öz layiqli ziyalılarını itirdi, onların arasında akademik Tofiq İsmayılov da var idi.Allah rəhət eləsin
27 dekabr 2015 23:05
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır