Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Azərbaycan tarixindən yüz şəxsiyyət-84

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-84

 

Seyidcəfər Pişəvəri

(1892-1947)

Seyidcəfər Seyidcavad oğlu Cavadzadə Pişəvəri 1892-ci ildə Cənubi Azərbaycanın Xalxal vilayətinin Zaviyə kəndində anadan olub. Doğma kəndində ilk təhsilini aldıqdan sonra atası Bakıya köçmək qərarına gəlir. Bu dövrdə Cənubi Azərbaycanda işsizlik dəhşətli dərəcəyə çatmışdı və minlərlə azərbaycanlı Bakıya gələrək neft mədənlərində, zavod və fabriklərdə işə düzəlirdi. 1905-ci ildə Pişəvərinin ailəsi, nəhayət, Bakıya köçür. Burada pedaqoji təhsil aldıqdan sonra iş axtarmağa başlayan Pişəvəri 1913-1917-ci illərdə Xırdalan kəndində müəllimlik edir.

Rusiya imperiyası və onun tərkibində olan Şimali Azərbaycanda cərəyan edən siyasi hadisələr Pişəvəridən də yan keçmir. O, 1917-ci ildə siyasi fəaliyyətə qoşulur və tədricən kommunist ideologiyasına inanmağa başlayır. Seyidcəfər inanırdı ki, ümumi bərabərlik hökm sürən, şəxsi mülkiyyətin olmadığı bir dövlət yaradılarsa, bütün problemlər öz həllini tapar.

1918-ci ildə Pişəvəri Bakıda "Ədalət" kommunist təşkilatına daxil olur. Bu təşkilat Bakı kommunistləri tərəfindən Volqaboyu, İran, Orta Asiyadan Azərbaycana köçüb gəlmiş fəhlələr arasında təbliğat işi aparmaq məqsədi ilə yaradılmışdı.

Elə həmin 1918-ci ildə Pişəvəri Cənubi Azərbaycana qayıdır. O təkcə burada deyil, bütün İranda inqilabi təbliğat aparmaq məqsədi ilə şəhərdən-şəhərə köçməyə başlayır. 1918 - 1920-ci illərdə Pişəvəri İranın iri şəhərlərində "Ədalət"-in yerli təşkilatlarının yaradılmasında yaxından iştirak edir. Həmin illərdə o, "Ədalət" partiyasının rəsmi orqanı "Hürriyyət" qəzetinin redaktoru olur, həmçinin "Kəndçi", "Kommunist", "Yoldaş", "Əxbar" qəzetlərində məqalələr çap etdirir.

1920-ci ildə Təbrizdə Şeyx Xiyabani hərəkatı başlayanda Pişəvəri Xəzərin cənubunda yerləşən Rəştə gedir, burada inqilab qaldırmağa çalışır. Şah rejimi və Rəştdə olan ingilislərin müqavimətinə baxmayaraq o, Gilan Respublikasının yaradılmasında iştirak edir, hətta bu respublikanın müvəqqəti hökumətinin xarici işlər komissarı təyin olunur. Pişəvəri hesab edirdi ki, inqilab bütün İranı bürüməli, şah rejimi devrilməlidir. Lakin xarici dövlətlərdən dəstək alan mürtəce qüvvələr hücuma keçərək inqilabi hərəkatı boğurlar.

1920-ci ilin iyununda Pişəvəri Ənzəlidə İran Kommunist Partiyasının yaradıcılarından biri olmuşdur. Seyidcəfərin mübarizliyini, işgüzarlığını və eyni zamanda kommunizm ideyalarına sadiqliyini bilən yoldaşları onu partiyanın Mərkəzi Komitəsinin üzvü seçmişlər. Pişəvəri həm də "Kommunist-e İran" qəzetinin redaktoru olmuşdur.

Ümumiran inqilabı ideyasını həyata keçirməyə cəhd göstərən Pişəvəri 1921-1922-ci illərdə Tehranda çıxan ilk marksist qəzetin redaktoru olmuş, İsfahanın "Vətən" toxuculuq fabriki fəhlələrinin tətil hərəkatına rəhbərlik etmişdir. Pişəvərinin inqilabi hərəkatı şah məmurlarını çoxdan, özü də bərk narahat edirdi və tətil  yatırılandan sonra o təqib olunmağa başlandı. Buna baxmayaraq Pişəvəri inqilabi fəaliyyətini dayandırmadı.

1930-cu ilin dekabrında həbs edilən Pişəvəri Tehranın "Qəsr-e Qacar" həbsxanasına salındı, lakin o yolundan dönmədi. Öz həyat təcrübəsini ümumiləşdirərək o belə qənaətə gəlmişdi ki, inqilabı tədricən keçirmək lazımdır: inqilaba hazır olan vilayətlərdə inqilabi müsbət dəyişikliklər olunarsa, digər vilayətlər də bu inqilaba qoşular. Onun fikrincə, daha çox əziyyət çəkən Cənubi Azərbaycan İranın digər vilayətlərinə nisbətən inqilaba daha çox hazırdır. Belə ki, burada hakim zümrələrin zülmündən savayı, xalq milli zülmə də məruz qalırdı.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-84

 

1940-cı ildə  Pişəvəri həbsdən buraxılır, lakin Kaşan  şəhərinə sürgünə göndərilir. 1941-ci ildə Tehranda "Ajir" qəzetinin redaktoru işləmiş Pişəvəri İrana ingilis və sovet qoşunları yeridiləndə Cənubi Azərbaycana qayıdır. Belə ki, II Dünya müharibəsinin başlanğıcında İran şahı Rza şah alman faşistlərini dəstəklədiyindən ingilis və sovet qoşunları onu devirmiş, hakimiyyətə oğlu Məhəmməd Rzanı gətirmişdilər. Əslində isə İranı bu qoşunlar idarə edirdi. Parlament və hökumət onların nəzarəti altında fəaliyyət göstərir, siyasi azadlıqlar qismən bərpa edilirdi.

Cənubi Azərbaycana yeridilən sovet qoşunlarının tərkibində azərbaycanlılar çox idi. Hərbi qulluqda olan Azərbaycan ziyalıları Cənubi Azərbaycan şəhərlərinə gəlir, Azərbaycan dili, tarixi və mədəniyyəti haqqında mühazirələr oxuyur, mədəni-kütləvi tədbirlər təşkil edirdilər. Bunların sayəsində Cənubi Azərbaycanda milli oyanış baş verirdi. Şah məmurları bunun qarşısını almaqda aciz idilər.

1941-ci ilin sentyabr ayından Təbrizdə kortəbii çıxış və mitinqlər keçirilir. Lakin onlar yalnız yaradılmış partiya və ictimai təşkilatların, çoxlu qəzet və jurnalların fəaliyyəti nəticəsində getdikcə mütəşəkkil bir şəklə düşürdülər. Cənubi Azərbaycanda ən çox tanınan "Azərbaycan cəmiyyəti" və onun qəzeti "Azərbaycan" idi. "Azərbaycan" qəzetinin redaktoru Pişəvəri idi. Artıq 1942-1944-cü illərdə Azərbaycan dilində onlarca qəzet və jurnal çap edilir, Azərbaycan dili yalnız ünsiyyət dili olmaq səviyyəsindən ədəbi dil və siyasi təşkilatlanma vasitəsinə çevrilirdi. Məktəblərdə, dövlət idarələrində ana dilindən geniş istifadə olunurdu.

1945-ci ilin yayında müttəfiq qoşunları İrandan çıxarılmağa başlandı və bundan ruhlanan mürtəce qüvvələr demokratik islahatlara son qoymaq üçün fürsət əldə etmiş oldular. Onlar etnik toqquşmalar yaratmağa, demokrat liderləri fiziki məhv etməyə, quldur dəsətələri yaradaraq terror təşkil etməyə, hətta yanmköçəri həyat sürən tayfalarla oturaq əhali arasında toqquşmalar yaratmağa çalışırdılar. Bunun qarşısını almaq üçün iyun-sentyabr aylarında Azərbaycanın bir çox yerlərində silahlı fədai dəstələri yaradılmağa başlandı.

1945-ci ilin avqustunda Pişəvərinin Azərbaycan SSR-in (Şimali Azərbaycanın) rəhbəri Mir Cəfər Bağırovla görüşü olur. Bağırov baş verən hadisələri Azərbaycanı birləşdirmək üçün yaxşı bir fürsət kimi qəbul edir, Pişəvəri isə sovetlərin onu aldadacağından ehtiyatlanaraq tədricən keçirilən islahatların tərəfdarı olduğunu bildirir. Hər halda, Bağırov Cənubi Azərbaycana tələb olunan köməyi göstərəcəyini vəd edir.

1945-ci il sentyabrın 3-də Pişəvərinin iştirakı ilə Azərbaycan Demokrat Firqəsi (ADF) yaradılır, Pişəvəri onun Mərkəzi Komitəsinin sədri seçilir. O, İranın siyasi həyatının demokratikləşməsini, xalq kütlələrinin mənafeyinə cavab verən ictimai-iqtisadi islahatların keçirilməsini, İran dövləti tərkibində Cənubi Azərbaycana inzibati-təsərrüfat, mədəni muxtariyyət verilməsini tələb edir. Eyni zamanda partiyanın verdiyi bəyanatda inqilabi çevriliş yolu rədd edilir, ictimai- iqtisadi islahatların təkamül yolu ilə keçirilməsinin vacibliyi bildirilirdi.

ADF-in oktyabrın 2-4-də keçirilən qurultayında demokratik islahatların keçirilməsi bəyan edildi. Təbrizdə, daha sonra isə bütün Cənubi Azərbaycanda hakimiyyət dəyişildi, şah tərəfdarları hakimiyyətdən getməli oldular. Görülmüş tədbirlər nəticəsində qan axıdılmadı, silah işlədilmədi. Noyabrın 21-də təşkil edilən xalq konqresi özünü müəssislər məclisi elan etdi, seçkilər keçirdi. 1945-ci il dekabrın 12-də Təbrizdə çağırılmış Azərbaycan Milli Məclisinin tapşırığı ilə Pişəvəri hökumət təşkil etdi və o, Azərbaycan Milli Hökumətinin baş naziri oldu.

Milli Məclis və hökumətin keçirdiyi tədbirlər sırasında bunlar xüsusi qeyd olunmalıdır: yerli orqanların seçkilər əsasında təşkil edilməsi, aqrar qanuna əsasən kəndlilərə torpaqların paylanılması, fəhlə və kəndlilərin iş şəraitinin yaxşılaşdırılması, müəssisələrə fəhlə nəzarətinin təşkili, Azərbaycan dilinin dövlət dili elan olunması, 1946-cı ilin iyununda Təbriz Universitetinin təsis edilməsi.

Keçirilmiş tədbirlər həm İranın şah rejimini, həm də iri dövlətləri narahat edirdi. Onlar demokratik Azərbaycan görmək istəmir, üstəlik, parçalanmış Azərbaycanın birləşməsindən qorxurdular. İnformasiya blokadasına alınan Azərbaycan üzərinə İran qoşunları yeridildi, ölkədə repressiyalar başlandı. Minlərlə Azərbaycanlı onların qurbanı oldu, bir qismi isə Şimali Azərbaycana qaçdı.

Bakıya gələn Pişəvəri 1947-ci il iyunun 11-də müəmmalı şəkildə avtomobil qəzasında həlak oldu.

Səslərin sayı: 1
1
811
loading...
Şərhlər
Offline
Fatma xanım
1941-ci ilin sentyabr ayından Təbrizdə kortəbii çıxış və mitinqlər keçirilir. Lakin onlar yalnız yaradılmış partiya və ictimai təşkilatların, çoxlu qəzet və jurnalların fəaliyyəti nəticəsində getdikcə mütəşəkkil bir şəklə düşürdülər. Cənubi Azərbaycanda ən çox tanınan "Azərbaycan cəmiyyəti" və onun qəzeti "Azərbaycan" idi. "Azərbaycan" qəzetinin redaktoru Pişəvəri idi. Artıq 1942-1944-cü illərdə Azərbaycan dilində onlarca qəzet və jurnal çap edilir, Azərbaycan dili yalnız ünsiyyət dili olmaq səviyyəsindən ədəbi dil və siyasi təşkilatlanma vasitəsinə çevrilirdi. Məktəblərdə, dövlət idarələrində ana dilindən geniş istifadə olunurdu.
26 noyabr 2015 17:14
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır