Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Azərbaycan tarixindən yüz şəxsiyyət-67

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-67

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Əlimərdan bəy Topçubaşov

(1863-1934)

Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov 1863-cü ildə Tiflis şəhərində anadan olmuşdur. O, ilk təhsilini Tiflisdə almış, 1884-cü ildə 1-ci Tiflis gimnaziyasını bitirmişdir. Peterburq Universitetinin hüquq fakültəsini 1888-ci ildə fərqlənmə diplomu ilə başa vurduqdan sonra Əlimərdan bəy bir neçə il Rusiyanın müxtəlif şəhərlərində işləmişdir. 1894-cü ildə o, Bakıya təyinat alaraq şəhərin hüquq-mühafizə orqanlarında çalışmışdır. Çox keçməmişdir ki, Əlimərdan bəy dövlət qulluğundan imtina etmiş və vəkil kimi fəaliyyətə başlamışdır. Dərin biliyi, peşəkarlığı, insani keyfiyyətləri sayəsində o, şəhər ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanırdı. Azərbaycan, rus, fars, fransız, ingilis və gürcü dillərini mükəmməl bilən Topçubaşov tanınmış iş adamı və görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin diqqətini cəlb etmiş və o, 1897-ci ildə "Kaspi" qəzetinin redaktorluğunu Əlimərdan bəyə tapşırmışdır. Bu vəzifə Əlimərdan bəyə Bakının ictimai-siyasi həyatı ilə yaxından tanış olmağa imkan vermişdir. Şəhərin bütün işlərində fəal iştirak edən Ə.Topçubaşov Bakı şəhər Dumasının üzvü seçilmiş, bir müddət onun sədri olmuşdur.

1905-1907-ci illərdə müsəlman xalqlarının azadlıq mübarizəsinin təşkilində Əlimərdan bəy Topçubaşovun əvəzsiz xidmətləri olmuşdur. Hökumətin azadlıq mübarizəsini boğmaq üçün müxtəlif provokasiyalarla (milli qırğın siyasəti, neft mədənlərində iğtişaşların törədilməsi, ayrı-ayrı məmurlara qarşı sui-qəsdlər və s.) güc tətbiq etmək üçün hökumətin bəhanə axtarmasını o, redaktoru olduğu qəzetdə açıq ifşa edirdi. Hökumət adına yazılan bütün xahişlər, müraciətlər bilavasitə onun iştirakı ilə tərtib və təqdim edilirdi.

Əlimərdan bəy Topçubaşov müsəlman xalqlarının nicatını birgə mübarizədə görürdü. Çıxışlarının birində o demişdir: "Biz türk övladları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Atalarımız o qədər qəhrəman millət olduqları halda, bu gün Qafqaz dağlarında, Krım bağlarında, Kazan çöllərində və Orta Asiya ovalıqlarında, atalarımızın mülkü olan öz vətənimizdə, öz torpaqlarımızda öz ehtiyaclarımızı bildirməyə imkan qalmamışdır".

1905-ci ildə Rusiyanın Nijni-Novqorod şəhərində keçirilən Ümumrusiya müsəlmanlarının 1-ci qurultayında Ə.Topçubaşov sədrlik etmişdir. O, 1906-cı ildə Peterburqda keçirilən 2-ci qurultayda "Ümumrusiya müsəlmanları İttifaqı" partiyasının nizamnamə və proqramını tərtib etmiş, 3-cü qurultayda həmin partiyanın sədri seçilmişdir. Bu siyasi partiyanın yaradılması ilə müsəlmanların ölkənin siyasi həyatında vahid, mütəşəkkil formada iştirak edəcəyinə ümid bəsləyən Topçubaşov əlindən gələni əsirgəməmişdir.

Azərbaycanda böyük nüfuz sahibi olan Ə.Topçubaşov 1-ci Dövlət Dumasına Bakı quberniyasından deputat seçilmişdir. Dövlet Dumasında müsəlman deputatlara qarşı olan əsasən mənfi münasibəti görən Əlimərdan bəy müsəlman fraksiyasının yaradılması təşəbbüsü ilə çıxış etmiş və bu təşəbbüs bütün müsəlman deputatlar tərəfindən dəstəklənmişdir. Topçubaşov fraksiyanın sədri seçilmişdir. Onun rəhbərliyi ilə deputatlar çarizmin imperiyanın ucqarlarında apardığı siyasəti tənqid edir və bir çox mühüm tələblər irəli sürürdü. Müsəlman  fraksiyasının tələbini Ə.Topçubaşov səsləndirmişdir: "Müsəlman proqramı ciddi surətdə konstitusiya əsasları üzərində dayanaraq torpaqların milliləşdirilməsi, din məsələlərində tam muxtariyyət, bütün imperiya ərazisində özünü idarə edən kiçik vahidlərin  və  vilayət məclislərinin təsis edilməsi ilə yerlərdə geniş muxtar idarəçilik prinsipini irəli sürür".

Dumanın fəaliyyətindən narazı olan mürtəce qüvvələrin təzyiqi ilə onun fəaliyyəti dayandırılanda bir sıra deputatlar imperatorun hərəkətlərinə belə etiraz etməkdən çəkinməmişlər. Bu deputatlar sırasında Topçubaşov da olmuşdur. O, Vıborq etiraz müraciətnaməsini imzalamış və buna görə 3 ay həbsdə saxlanılmışdır. O, həmçinin, Dövlət Dumasına seçilmək hüququndan da məhrum edilmişdir. Ona hətta qəzet və jurnal redaktoru olmaq da qadağan olunmuşdur. Bu səbəbdən də o, Bakı şəhər Dumasından çıxarılmışdır. Türk dünyasının görkəmli simalarından biri İsmayıl bəy Qaspralı yazırdı: "...səni, sənin biliyini, təcrübəni və ürəyini xalqdan heç kim məhrum edə bilməz və sən bunu bilməlisən ki, sən xalqa daha çox lazımsan".

Bununla belə Əlimərdan bəy Topçubaşov 2-ci Dövlət Dumasının müsəlman fraksiyasının işində yaxından iştirak etmiş layihələr hazırlamışdır. Onun üçün Moskvada hətta müsəlman fraksiyasının "Daimi təmsilçilik" bürosu açılmışdır. Lakin onun bu fəaliyyətinin də qarşısı alındı və o, 1910-cu ildə Bakıya qaytarıldı.

 

Topçubaşov I Dünya müharibəsi ərəfəsində müsəlmanların "Tələblər paketi"-ni hazırlamışdır. O, 1916-cı ildə Tiflisdə Qafqaz millətləri yığıncağında Azərbaycanı təmsil etmişdir. İmperiyanın dağıldığı bir dövrdə Topçubaşov Rusiya Müəssislər Məclisinə nümayəndə seçilmişdir. Bu məclis konstitusiya qəbul etməklə demokratik Rusiya respublikası yaratmalı idi, lakin mürtəce qüvvələr buna imkan verməmişlər. Ucqarların yenidən Rusiya əsarətinə düşməsi təhlükəsi yarananda onların müstəqillik məsələsi meydana çıxmışdır.

1918-ci ildə Azərbaycan xalqı müstəqillik qazananda, Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun qarşısında dayanan əsas məsələlərdən biri müstəqilliyimizin dünya dövlətləri tərəfindən tanınması məsələsi idi. Cümhuriyyətin mövcud olduğu illərdə bu istiqamətdə aparılan işlərə faktik olaraq Əlimərdan bəy Topçubaşov rəhbərlik etmişdir. Qısa müddət Azərbaycanın 2-ci nazirlər kabinetində xarici işlər naziri işləyən Topçubaşov daha sonra Azərbaycanın fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula göndərilmişdir. Burada bir  çox osmanlı vəzifəli şəxsləri ilə  fəal  görüşlər keçirən Topçubaşov sultanla görüşmüş, Azərbaycanın dəstəklənəcəyi barəsində real vədlər almışdır. İstanbulda, həmçinin, digər ölkələrin nümayəndələri ilə də görüşlər keçirmiş və Azərbaycan həqiqətləri barədə onlara məlumat vermişdir. Topçubaşovun ilk və önəmli addımlarından biri İstanbulda Azərbaycan mətbuat bürosunun yaradılması olmuşdur. Erməni təbliğat maşınına qarşı uğurlu mübarizə aparan büro bütün vasitələrlə Azərbaycanın üzləşdiyi problemlər barəsində məlumat verirdi. Topçubaşov yazırdı: "Ermənilərin iştahası çox böyükdür və həm də bu iştahalarını özgələrinin, ilk növbədə isə bizim hesabımıza doydurmaq istəyirlər. Az qala bütün paytaxtlarda bizim mənafeyimizin zərərinə təbliğat aparır, bizi dövlət həyatı qurmağa qabil olmayan və başqa millətlərlə barışmaz millət kimi qələmə verirlər".

Azərbaycan parlamenti işə başlayanda məhz Topçubaşovun sədr seçilməsi təklif olunmuşdur, İstanbulda olması nəzərə alınaraq o, qiyabi olaraq sədr seçilmişdir. Azərbaycan nümayəndə heyətinin sədri kimi Paris Sülh konfransına göndərilən Topçubaşov burada gərgin danışıqlar aparmışdır. O demişdir: "Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatlar verilməsinin şahidi oluruq. Düzdür, bizi hələ yaxşı tanımırlar. Biz indi birinci dəfədir Avropadayıq,  lakin əmin edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq". O, dediklərinə nail oldu: 1920-ci il yanvarın 11-də Paris Sülh konfransının Ali Şurası Qafqaz məsələsini çox gərgin şəraitdə müzakirə etdi və Britaniyanın xarici işlər naziri C.Kerzonun   təklifi ilə Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Hazırlanan sənəd yanvarın 12-də Ali Şura üzvləri tərəfindən imzalandı. Yanvarın

15-də Azərbaycan nümayəndə heyətindən Əlimərdan bəy Topçubaşov və Məhərrəm Məhərrəmov Fransa Xarici İşlər Nazirliyinə dəvət olundular və qərar smən onlara təqdim edildi. Bu, Topçubaşovun rəhbərliyi ilə çox gərgin fəaliyyət göstərmiş Azərbaycan nümayəndə heyətinin böyük qələbəsi idi.

1920-ci il aprel işğalından sonra Parisdə mühacir həyatı yaşamağa məcbur olan Topçubaşov siyasi fəaliyyətini dayandırmamış, sovet nümayəndə heyətinin etirazlarına baxmayaraq Azərbaycan hökumətinin ona verdiyi mandatla 1920-ci il Millətlər Cəmiyyətinin Cenevrə, London, Genuya 1923-cü il Lozanna konfranslarında iştirak etmiş və Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında iştirakçılara geniş məlumat vermişdir.

Əlimərdan bəy Topçubaşov 1934-cü ildə Parisdə vəfat etmiş və Parisin Sen-Deni qəbiristanlığında dəfn olunmuşdur.

Səslərin sayı: 1
2
611
loading...
Şərhlər
Offline
nigar dadasova
xebere gore sagolun
23 oktyabr 2015 13:18
Offline
Fatma xanım
15-də Azərbaycan nümayəndə heyətindən Əlimərdan bəy Topçubaşov və Məhərrəm Məhərrəmov Fransa Xarici İşlər Nazirliyinə dəvət olundular və qərar rəsmən onlara təqdim edildi. Bu, Topçubaşovun rəhbərliyi ilə çox gərgin fəaliyyət göstərmiş Azərbaycan nümayəndə heyətinin böyük qələbəsi idi.
22 oktyabr 2015 15:57
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır