Bakıda hava
USD AZN
EUR AZN
14:07Xəyalə Murad Hər vaxtınız xeyir olsun!
41212

Azərbaycan tarixindən yüz şəxsiyyət-44

 

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Xurşidbanu Natəvan

(1832-1897)

Xurşidbanu Natəvan 1832-ci ildə Qarabağın mərkəzi şəhəri, tacı Şuşada zadəgan ailəsində anadan olmuşdur. Babası İbrahimxəlil xan ruslar tərəfindən öldürüldükdən sonra ailəsindən sağ qalanlar arasında Mehdiqulu xan da var idi. 1826-1828-ci illər Rusiya-İran müharibəsində Mehdiqulu xan ruslara qarşı vuruşmuş, onlara böyük itkilər yetirmişdir.

Müharibə qurtardıqda Qarabağ Rusiyanın tərkib hissəsi elan edilmiş, Qarabağ əhalisi arasında böyük nüfuza malik olan Mehdiqulu xan Cənubi Azərbaycana qayıtmaq təklifi almışdır. Bu dövrdə o artıq anlamışdı ki, İranda hakimiyyətdə olan Qacarlar da Azərbaycana azadlıq vermək fikrində deyil. Odur ki, öz tərəfdaşları ilə bərabər rusların təklifini qəbul edir və Qarabağa qayıdır. Bu tədbirlə imperiya məmurları onlara qarşı ola biləcək xalq üsyanının qarşısını alır. Rusiya imperatoru I Nikolay Mehdiqulu xanı Qarabağ xanı kimi tanımış, onun hüquqlarını təsdiqləmişdir. Hətta 1838-ci ildə imperator xüsusi xatirə medalı buraxdırmış və xana daş-qaşlarla bəzədilmiş qızıl qılınc və fəxri bayraq bağışlamışdır.

Mehdiqulu xanın qızı olan və "Xan qızı" adı ilə tanınan Xurşidbanu Natəvan dövrünə görə mükəmməl təhsil almışdı. Belə ki, onun tərbiyəsi ilə Qarabağın məşhur insanlarından biri, öz hesabına Qarabağ ərazisində bir çox dini və ictimai binalar tikdirmiş bibisi Gövhər xanım məşğul olmuşdur. Natəvan ərəb və fars dillərini öyrənmiş, bibisinin təsiri ilə musiqini, şeri, rəsmi sevmişdir. Artıq gənc yaşlarında Natəvan bir çox elmləri öyrənmiş, Firdovsi, Nizami, Sədi, Hafiz, Nəvai, Füzuli və başqa klassiklərin əsərlərini oxumuşdu. Mehdiqulu xan Qarabağlı 1845-ci ildə Şuşada vəfat etmiş və onun bütün hüquqları qızı Natəvana keçmişdir. Qarabağda olan rus məmurları bundan öz mövqelərini və gəlmə ermənilərin mövqelərini gücləndirmək məqsədi ilə istifadə etməyə çalışmış, lakin ümidlərində yanılmışdılar. Xalq tərəfindən sevilən Natəvan ətrafına təcrübəli məsləhətçilər toplamış, bilik və bacarıqlarından istifadə edərək hüquqlarını qoruya bilmişdir.

Azərbaycanda daha çox şairə kimi tanınan Natəvan yaradıcılığa XIX əsrin 50-ci illərində yazdığı şeirlərlə başlamışdır. Əsasən ənənəvi Şərq mövzularında və janrlarında yazmışdır. "Gülün", "Qərənfil" və s. qəzəllərində şairə məhəbbət hissini, təbiət gözəlliklərini tərənnüm etmişdir. O dövrün qabaqcıl ziyalılarından olan Xasay xan Usmiyevə ərə getdikdən sonra Qafqaza səyahət etmiş Natəvan şeirlərində Qafqaz motivləri görünməyə başlayır.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-44

 

Dağıstanlı Xasay xan Usmiyev Azərbaycana və azərbaycanlılara məhəbbətlə yanaşırdı. Rus ordusunun polkovniki olmasına baxmayaraq elm və mədəniyyət nailiyyətləri ilə maraqlanan Xasay xan Qafqazın müsəlman xalqlarının nicatını təhsildə gorür, onları əlbir olub, elm və təhsilə diqqəti artırmağa çağırırdı. Bir çox hallarda həmvətənləri tərəfindən başa düşülməsə də, Xasay xanın təklifləri dövrün Azərbaycan ziyalıları tərəfindən rəğbətlə qarşılanırdı.

Dağıstanda, Tiflisdə, Bakıda, ümumiyyətlə? olduğu hər bir yerdə məhəbbət və qayğı ilə qarşılanan Xurşidbanu Natəvan şeirlərində yaşadığı ülvi hissləri yüksək bədiiliklə göstərə bilmişdir. Natəvanın əsərləri dərin səmimiyyəti və incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şeirlərində o, təkrir, qoşa qafiyə, rədif, məcaz və s. bədii vasitələri məharətlə işlətmişdir.

Xan qızı 1872-ci ildə Şuşada Qarabağın ən məşhur şairlərini özündə birləşdirən "Məclisi-üns" şairlər məclisini təşkil  etmişdir. Gənc istedadlı şairlərin xalqa tanıdılmasında, onların şeirlərinin yayılmasında məclisin böyük rolu olmuşdur. Maraqlıdır ki, şairə Qarabağa gəlmiş Rusiya və Avropa ziyalılarını məclisin toplantılarına dəvət edir, Azərbaycan və xarici ziyalılar arasında sıx əlaqələr yaratmağa çağırır və özü buna çalışırdı. Onun fikrincə, elm və mədəniyyət yeniliklərinin öyrənilməsində, Azərbaycan mədəniyyətinin xaricdə təbliğ olunmasında belə əlaqələr əvəzsiz rol oynaya bilərdi. 

Natəvan 1858-ci ildə Bakıda olarkən burada məşhur fransız yazıçısı Aleksandr Düma (ata) ilə görüşmüşdür. Şərq qadınından dərin biliklər, şairlik və rəssamlıq qabiliyyəti gözləməyən Düma onunla görüşdən valeh olmuş, xatirələrində Natəvan və onun həyat yoldaşını ziyalı, maarifpərvər insanlar kimi təsvir etmişdir. O hətta Natəvana nəfis fiqurlu şahmat dəsti bağışlamışdır. Əvəzində Natəvan öz əl işlərindən bir neçəsini fransız yazıçısına bağışlamışdır.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, A.Düma "Qafqaza səyahət" əsərində Qafqaz xalqlarının tipik obrazlarını yaratmağa çalışmış, azərbaycanlıları böyük məhəbbət və ehtiram hissi ilə təsvir etmişdir. O, xalqımızın igidliyi, döyüşkənliyi, qonaqpərvərliyi, yüksək mədəniyyətə malik olması barəsində geniş ürəklə yazmışdır. Əsərində o belə bir cəhəti xüsusi qeyd edir ki, başqa xalqların nümayəndələri ilə işbirliyi quranda sənədlər, əhdnamələr, vəkalətnamələr, neçə- neçə digər sənədlər imzalamaq lazımdır ki, aldanmayasan; azərbaycanlının isə bir sözü kifayətdir; çünki o, verdiyi sözə sadiqdir və sözünə əməl etmək üçün dəridən- qabıqdan çıxmağa hazırdır.

A.Düma təəccüblə qeyd edir ki, azərbaycanlıların ən xoşlamadığı hərəkət qorxaqlıqdır. Azərbaycanlı oğlan uşaqlarına artıq 5 yaşında xəncər oynatmağa imkan verilir ki, onlar igid və qorxmaz böyüsünlər. Azərbaycan xalqının mahnıları, milli xörəkləri, adət-ənənələrinə valeh olan Düma onun möhtəşəm tarixindən də xəbər verir. Xurşidbanu Natəvan kimi ziyalı qadınlarımızla görüş isə onun nəinki Qafqaz, həm də islam qadınları haqqında olan təsəvvürlərini dəyişmişdir.

Xurşidbanu Natəvan həm də istedadlı rəssam olmuşdur. Onun dövrümüzə qədər gəlib çatmış bədii tikmələri insanları indi də valeh edir. 1886-cı ildə tərtib etdiyi "Gül dəftəri" adlı rəsm albomunda toplanan rəsmlər əsasən Şərq üslubunda işlənmiş ornamentlər və natürmortlardan ibarətdir. Qarabağ xalçaları və tikmələrində olan naxışlar al-əlvanlığı ilə insanları riqqətə gətirir və yəqin ki, bu ornamentlərin yaradılmasında Natəvanın da xidmətləri olmuşdur.

Lakin 16 yaşlı oğlu Mir Abbasın ölümündən sonra Natəvanın həyatında böyük dəyişikliklər baş vermişdir. Onun lirikası əsasən bədbin ruhda köklənməyə başlamışdır. "Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölürəm" və s. şeirləri onun keçirdiyi dərin iztirabdan xəbər verir.

Nəslinin xeyriyyəçilik ənənələrini davam etdirən Xurşidbanu Natəvan sadə insanlara maddi köməklik göstərir, bədbəxtlik üz vermiş insanları bütün vasitələrlə dəstəkləyirdi. Müxtəlif xeyriyyə tədbirlərinə böyük vəsait ayıran şairə Şuşa şəhərinin su qıtlığı ilə üzləşməsini ən böyük problemlərdən biri sayırdı. Çar məmurlarına dəfələrlə edilən xahişlər, müraciətlər heç bir nəticə vermədikdə şairə öz hesabına mütəxəssislər dəvət etmiş və şəhərə su xətti çəkdirmişdir.

1873-cü ildə onun Şuşaya çəkdirdiyi su kəməri indi də "Xan qızı bulağı" adı ilə tanınır. Əkinçiliyi inkişaf etdirmək, minlərlə insanları torpaqla təmin etmək məqsədi ilə Natəvan hökumət nümayəndələrinə Arazdan Mil düzünə su kanalı çəkmək planını təklif edir.

Bir insanın böyük bir problemin aradan qaldırılmasında çətinlik çəkməsini vurğulayan şairə hökumətin diqqətini problemə cəlb etməyə çalışır. Hökuməti pul buraxmağa vadar etmək məqsədi ilə Natəvan kanalın layihəsinin çəkilməsi və işlərin ilkin mərhələsinin xərclərini öz boynuna götürür. Lakin son nəticədə məmurların etinasızlığından, Azərbaycana ögey münasibətdən bu kanal çəkilib başa çatdırılmır.

Xurşidbanu Natəvan 1897-ci ildə Şuşada vəfat etmiş, Ağdamda "İmarət" qəbiristanlığında dəfn olunmuşdur. Hal-hazırda Şuşa da, Ağdam da, şairə dəfn olunmuş qəbiristanlıq da düşmən tapdağı altındadır.

Səslərin sayı: 1
3
2493
loading...
Şərhlər
Offline
Fatma xanım
Natəvan 1858-ci ildə Bakıda olarkən burada məşhur fransız yazıçısı Aleksandr Düma (ata) ilə görüşmüşdür. Şərq qadınından dərin biliklər, şairlik və rəssamlıq qabiliyyəti gözləməyən Düma onunla görüşdən valeh olmuş, xatirələrində Natəvan və onun həyat yoldaşını ziyalı, maarifpərvər insanlar kimi təsvir etmişdir. O hətta Natəvana nəfis fiqurlu şahmat dəsti bağışlamışdır. Əvəzində Natəvan öz əl işlərindən bir neçəsini fransız yazıçısına bağışlamışdır.
15 sentyabr 2015 19:55
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ellada Babayeva
1873-cü ildə onun Şuşaya çəkdirdiyi su kəməri indi də "Xan qızı bulağı" adı ilə tanınır.
15 sentyabr 2015 10:33
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.

Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
Səni gülşən ara aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!
Belə pəcmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!
Driğa kim, vəfasızdır bu gülşən,
Gedər bu tələti-ziba, qərənfil!
Üzündən pərdeyi-nazın kənar et!
Unutma aşiqi, haşa, qərənfil!
15 sentyabr 2015 01:26
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış