Bakıda hava
USD AZN
EUR AZN
08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41216

Azərbaycan tarixindən yüz şəxsiyyət-27

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

 

Məhəmməd Füzuli

(1494-1556)

Məhəmməd Füzuli 1494-cü ildə İraqın Kərbəla şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur. Onun atası Süleyman Azərbaycanın bayat tayfasından çıxmışdır. O dövrdə İraq Ağqoyunlu Azərbaycan dövlətinin tərkib hissəsi olmuşdur. Bu dövlətdə XV əsrin sonlarında baş verən çəkişmələr nəticəsində yüzlərcə azərbaycanlı ailəsi Azərbaycanı tərk edərək dövlətin ucqarlarına üz tuturmuş. Süleyman Kərbəlada oğlunu əvvəlcə məktəbə, daha sonra isə mədrəsəyə qoyur. Elm və ədəbiyyata böyük maraq göstərən oğlan Bağdada köçür və burada ali mədrəsədə təhsilini davam etdirir.

Məhəmməd Füzuli hələ yeniyetmə yaşlarında gözəl, aşiqanə qəzəllər yazmağa başlayır. Məntiq, nücum, tibb, riyazi və humanitar elmlərdən biliklərin əsaslarını öyrənən Məhəmməd Füzuli İraqın Nəcəf, ordan isə Hüllə şəhərinə köçür. Burada o, islamın dini-fəlsəfi cərəyanları ilə yaxından tanış olur, ərəb tərcümələri əsasında antik dövr yunan filosoflarının əsərlərini mütaliə edir. O həmçinin Azərbaycan, ərəb, fars, özbək, hind (türk və farsdilli) ədəbiyyatını öyrənmişdir. Sonralar yazdığı əsərlərində o, Əbu Nüvas, Xaqani, Nizami, Əlişir Nəvat, Cami, Salman Savəci, Nəsimi, Cəlaləddin Rumi, Kamal Xocəndi, Cəlili, Əhmədi, Şeyxi kimi məşhur şair və filosofların əsərlərindən parçalar gətirir, onlara iqtibaslar verir. Füzuli müəllimliklə də məşğul olmuşdur.

Füzulinin ilk böyük əsəri "Bəngü-badə" ("Tiryək və Şərab") əsəri olmuşdur. Bu alleqorik poemada şair dövrün mühüm siyasi məsələlərinə toxunmuş, lovğa, təkəbbürlü, şöhrətpərəst hakimlərə qarşı çıxmış, elm və təhsilə qiymət verən ədalətli hökmdarlara alqış demişdir. Poema eyni zamanda sərxoşluğa və narkotik vasitələrə (tiryək) qarşı yönəlmişdir. Əsəri Şah İsmayıl Xətaiyə ithaf edən şair onun oğlu I Şah Təhmasibin və onun sərkərdələrinin dövləti möhkəmləndirmək istiqamətində gördüyü işləri dəstəkləmişdir. Şeirlərinin birində Füzuli saraydan uzaq olduğunu iftixarla qeyd etmişdir.

 

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. O, qəsidələrini ayrıca kitab şəklinə salmış, Azərbaycan, fars və ərəb dillərində divanlar tərtib etmişdir. Onun azərbaycanca divanına yazdığı müqəddimə o dövr Azərbaycan elmi-ədəbi üslubunun gözəl nümunəsidir.

Azərbaycan dilində lirik şerin ən gözəl nümunələrini Füzuli yaratmışdır. Onun qələmə aldığı ahəngdar lirik parçalar əsasən məhəbbət və gözəllik mövzusundadır. Humanist sənətkar insan qəlbinin ən təbii, incə, ülvi hiss və həyəcanlarını yüksək bədii, obrazlı bir dillə ifadə etmişdir. Füzulinin lirikasında məhəbbət eyni zamanda dərin ictimai-fəlsəfi məzmuna malikdir. Füzulinin humanizmi onun vəsf etdiyi məhəbbət hissi ilə sıx bağlıdır. Füzuliyə görə, məhəbbət insana, onun gözəlliyinə və kamalına sevgi, həyat eşqi, dostluq və sədaqət deməkdir. O, məhəbbəti insan həyatının və xoşboxtliyinin ali məqsədi hesab etmişdir.

Şair dövrün müxtəlif siyasi-ictimai və əxlaqi məsələlərinə münasibətini, feodal dünyasının sosial ədalətsizliyinə, dini cəhalət və xurafata etirazını da cəsarətlə bildirmişdir. Füzuli dövrün bir çox siyasi xadimlərinə, dövlət məmurlarına yazdığı müraciətlərində onları ədalətə, düzlüyə çağırmışdır.

Məşhur “Şikayətnamə" əsərində şair zəmanəsinin təlatümlərindən, incəsənət və elm adamlarının çətinliklərindən, saray əyanlarının özbaşınalıqlarından, məmurların süründürməçiliyindən xəbər verir. Poema məktub şəklində yazılsa da, bədii nəsrin uğurlu nümunəsidir. Faktik olaraq "Şikayətnamə" Azərbaycan ədəbiyyatında ilk satirik nəsr əsəridir.

Şairin ana dilində yazdığı "Söhbət ül-əsmar" alleqorik əsəri "Bəngü-badə"-nin davamı hesab edilə bilər. Bostan bitkilərinin timsalında şair müxtəlif insan xarakterlərini tərənnüm etmişdir. Əsərdə təkəbbürlü, şöhrətpərəst hökmdarlar, yaltaq və satqın saray əyanları məharətlə ifşa olunur. Şair hesab edir ki, məhz belə insanların lovğalıq və xudpəsəndliyi son nəticədə müharibə və fəlakətlərlə  nəticələnir.

"Saqinamə" ("Yeddi  cam") əsəri Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının quruluşunu xatırlatsa da, alleqorik poemadır. Şair müxtəlif musiqi alətləri ilə həyat və Kainat barədə dini-fəlsəfi müsahibələr aparır. Şairin son fikri belə olmuşdur ki, canlılar arasında əsl həqiqəti insan dərk etmək qüdrətindədir. Ömrünün son illərində qələmə aldığı bu əsərdə şair öz fəlsəfi görüşlərini ümumiləşdirib ortaya qoymuşdur.

 

Füzulinin başqa bir əsəri, "Rindu- zahid" əsəri böyük hekayə təsəvvürü bağışlayır. Həddi-büluğa çatmış oğulla atanın mübahisəsi üzərində qurulan əsərdə dövrün mühüm ictimai-fəlsəfi, əxlaqi məsələləri qaldırılır. Müəllif həyatın əsl mənasını əməkdə, zəhmətdə görür. Əsərdə övlad tərbiyəsi, ailə-məişət problemləri, peşə seçmək məsələləri, savadın böyük əhəmiyyəti haqqında maraqlı fikirlər söylənir, atanın övladın tərbiyəsi ilə uşaq vaxtlarından məşğul olmaq borcundan bəhs edilir.

 Məhəmməd Füzuli dahiyanə "Leyli və Məcnun" əsərini 1537-ci ildə Bağdada gələn osmanlı şairləri Xəyali və Yəhya bəyin xahişi ilə qələmə almışdır. Poema Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Şairin lirik şeirlərində ifadə olunmuş məhəbbət, mənəvi azadlıq arzuları poemada dahiyanə bədii vüsətlə tərənnüm edilmiş, bir-birini sevən iki gəncin faciəsi son dərəcə təsirli təsvir olunmuşdur. Poemanın yüksək poetik dili, zəngin bədii təsvir vasitələri, bitkin kompozisiyası, qəhrəmanların daxili aləmi, onların həyəcan və iztirabları çox böyük təsiredici qüvvəyə malikdir.

Ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində Füzuli sırf fəlsəfi məsələlərə toxunur, bu zaman yunan filosofları Aristotel, Platon, Demokrit və b.-nın əsərlərindən istifadə edir.

Fəlsəfi əsərlərində mistika və tərkidünyalıq sezilir, bununla belə o, müsəlman ilahiyyat məsələlərini olduqca səlis təhlil etmişdir. Obyektiv mövcud olan hər şeyi Füzuli iki növə  bölürdü: zəruri və mümkün olan. Füzuliyə görə zəruri olan, yəni öz mövcudluğunda səbəbə ehtiyacı olmayan, əbədi olan tək Allahdır. Digər nə varsa, mümkün olandı, yəni öz mövcudluğunda səbəbə ehtiyac duyur. Allah tərəfindən yaradılan dünyada Füzuliyə görə iki maddi (ilkin materiya və cism) və üç qeyri-maddi (forma, ruh, zəka) substansiyası mövcuddur.

Füzulinin tərcüməçi kimi də fəaliyyəti diqqətəlayiqdir. O, XV əsr özbək şairi Vaiz Kaşifinin "Şühadətnamə", həmçinin Ə.Caminin "Hədisi-ərbəin" əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Səslərin sayı: 1
1
3329
loading...
Şərhlər
Offline
Fatma xanım
Ən çox sevdiyim şeri Məni candan usandırdı
18 avqust 2015 11:49
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!