Bakıda hava
USD AZN
EUR AZN
15 dekabr 22:08RUM Koyne tanishlarimdan kim varsa yazsin 15 dekabr 22:07RUM Salam 8 ilden sora bura girmishem 15 dekabr 17:49Sima axsamiz xeyir herkese salam
41233

Azərbaycan tarixindən yüz şəxsiyyət-24

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-24

 

Şah İsmayıl Xətai

(1487-1524)

Ərdəbilin hakimləri, Səfəvi şeyxləri XV əsrin sonlarında dünyəvi hakimiyyət uğrunda mübarizəyə qatılırlar. Azərbaycanda və ondan kənarlarda böyük nüfuz sahibi olan Səfəvi şeyxləri dərin bilikləri, müdrik məsləhətləri və sadə həyat tərzləri ilə seçilirdilər. XI-II əsrdən başlayaraq şiəliyi qəbul etmiş Səfəvilər o dövrdə Azərbaycanda hakimiyyətdə olan sülalələrin haqsızlıqlarından danışır, onların aradan qaldırılması yollarını təklif edirdilər. Səfəvi şeyxlərinin elə böyük nüfuzu olmuşdur ki, XIV əsrin sonlarında Azərbaycana yürüş etmiş Əmir Teymur onların mülklərinə toxunmamış və hətta şeyxlə görüşə piyada yollanmışdır. XV əsrdə Ağqoyunlu dövlətinin banisi Uzun Həsənlə qohumluq əlaqəsi yaradan və onun bütün tədbirlərini dəstəkləyən Səfəvi şeyxləri Uzun Həsənin ölümündən sonra öz dövlətlərinin qurulması barəsində fikirləşməyə başlamışlar. Onlar Şirvanı zəbt edib burada öz dövlətlərini yaratmaq arzusunu gizlətməmişlər. Lakin təriqətin başçısı Şeyx Cüneydin, sonra isə onun oğlu Şeyx Heydərin Şirvan yürüşləri məğlubiyyətlə nəticələnmişdi. Şirvanşahları öz vassalı hesab edən və Şirvanda Səfəvi dövlətinin qurulmasını istəməyən Ağqoyunlu padşahları şirvanşahlara hərbi yardım göstərmiş və nəticədə Cüneyd və Heydər öldürülmüşlər. Şeyx Heydər 1488-ci ildə həlak olanda təriqətin başında onun böyük oğlu Sultanəli dayanır.

1487-ci ildə  Şeyx Heydərin ailəsində anadan olan oğlana İsmayıl adı qoyurlar. Onun anası Uzun Həsənin qızı, Şeyx Heydərin arvadı Aləmşah Bəyim idi.

Şeyx Heydərin ölümündən sonra onun hərəkətlərindən qəzəblənən Ağqoyunlu Sultan Yaqub 1488-ci ildə kiçikyaşlı İsmayılı anası və qardaşları Sultanəli və İbrahimlə birlikdə həbs etmək əmrini verir. Sultan Yaqubun ölümündən sonra hakimiyyətə gələn Rüstəm Mirzənin əmri ilə Şeyx Heydərin ailəsi 1492-ci ildə həbsdən azad olunur. Rüstəm Mirzə hakimiyyətdə möhkəmləndikdən sonra Səfəvi şahzadələrini aradan götürməyə çalışır, çünki onun tərəfdaşı olan Sultanəli böyük nüfuza sahib olmaqdan başqa istedadlı sərkərdə kimi də özünü göstərmişdi. Böyük qardaşı Şeyx Sultanəli İsmayılı özünün varisi təyin edərək Ərdəbilə göndərir. Özü isə cüzi qüvvə ilə Rüstəm Mirzənin göndərdiyi qoşunlarla döyüşə atılaraq həlak olur. Bir müddət Ərdəbildə və Rəştdə gizlədilən İsmayıl sonralar Lahicanda Gilan hakimi Mirzə Əlinin sarayına aparılır. Vaxtilə onun atası və böyük qardaşına xidmət etmiş Səfəvi sərkərdələri və üləmaları ona dərs deməyə başlayırlar. Qısa müddət ərzində hərb işinin xüsusiyyətlərini öyrənən, silah işlətməkdə məharət göstərən İsmayıl həm də dövrün elmləri ilə məşğul olur. Ona siyasət və beynəlxalq əlaqələrin prinsiplərindən də məlumatlar verilirdi.

Bu dövrdə Ağqoyunlu dövlətində daxili müharibələr ara vermirdi. Vaxtilə möhtəşəm Azərbaycan dövləti kimi tanınan Ağqoyunlu dövləti bir sülalənin nümayəndələrinin bir-birləri ilə apardığı çəkişmələrdən tənəzzül keçirir və 1499-cu ildə iki hissəyə parçalanır. Onların birinin başında Əlvənd (paytaxtı Təbriz), digərinin başında Murad (paytaxtı İsfahan) dayanırdı. Bu şəraitdə hamının diqqəti Səfəvilər təriqətinə yönəlmişdi. Hələ Şeyx Heydərin dövründən onlar qırmızı zolaqlı papaqlar geydiyindən onlara "qızılbaşlar" deyilirdi.

1499-cu ilin avqust ayında Şeyx İsmayıl özünün yaxın tərbiyəçi və məsləhətçisi olan bir neçə qızılbaş əmiri və həmçinin onların tərəfini saxlayan tayfa başçıları ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır. Lakin Ərdəbil hakimi onları qəbul etmir. Qışı Ərcivanda (indiki Azərbaycan Respublikasının Astara rayonu) keçirən İsmayıl 1500-cü ilin yazında şamlı və rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona  qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tərcan yolu ilə Ərzincana gəlir. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdaş toplayan İsmayıl 1500-cü ilin axırlarında Şirvana hücum edir və Şirvan qoşunlarını Cabani döyüşündə məğlub edir. Döyüşdə şirvanşah Fərrux Yasar öldürülür. Qızılbaşlar 1501-ci ilin yazında uzunsürən mühasirədən sonra Bakını tuturlar. Daha sonra Şamaxı yaxınlığında yerləşən Gülüstan qalasında möhkəmlənmiş Şirvan qoşunlarının qalıqlarını mühasirəyə alırlar. Lakin Ağqoyunlu Əlvənd Mirzənin cuma keçdiyini eşidən qızılbaşlar mühasirədən əl çəkərək Naxçıvan istiqamətində hərəkət edirlər. Şərur düzündə baş vermiş döyüşdə 7 minlik qızılbaş qoşunu 30 minlik Ağqoyunlu ordusunu məğlubiyyətə uğradır. Bu qələbəni qazanmağa əsasən döyüşçülərin İsmayıla olan böyük inamı, Səfəvi sərkərdələrinin bilik və bacarıqları imkan verir.

1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edir. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyulur. İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü ildə Həmədan yaxınlığındakı döyüş qızılbaşların qələbəsi ilə nəticələnir. I Şah İsmayıl Ağqoyunlu dövlətini ləğv edib, sonrakı illərdə bütün İranı, Xorasanı, İraqı öz dövlətinə qatır.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-24

 

Beləliklə, I Şah İsmayılın dövründə Səfəvilər dövləti Yaxın Şərqin ən qüdrətli dövlətlərindən birinə çevrilir. İsmayıl kənd təsərrüfatını dirçəltmək, şəhərlərdə sənətkarlıq və ticarəti inkişaf etdirmək, xarici ölkələrlə iqtisadi əlaqələri genişləndirmək siyasəti yürüdürdü. O, mərkəzi hakimiyyəti möhkəmləndirmək məqsədi ilə soyurqal torpaq sahibliyini tiyulla əvəz etməyə çalışırdı. Çünki soyurqal almış feodal onun tam sahibinə çevrilir və separatizmə meyilli olurdu. Şiəliyi rəsmi dövlət dini mövqeyinə qaldıran İsmayıl geniş ərazidə yaşayan müxtəlif xalqları vahid ideologiya ətrafında birləşdirməkdə Səfəvi dövlətini daxildən möhkəmləndirmək məqsədi güdürdü. O, şiəliyi həm də sünni olan Ağqoyunlulara, Şirvanşahlara, Şeybanilərə və osmanlılara qarşı mübarizə bayrağına çevirmişdi.

Avropaya gedən ticarət yollarının osmanlılar tərəfindən bağlanması əvvəllər xarici ticarətdən böyük gəlirlər əldə edən Səfəviləri narahat edirdi. Tərəflər arasında danışıqlar uğursuz olduğu üçün müharibə ilə nəticələnir. 1514-cü ildə sultan I Səlimin başçılıq etdiyi osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə (Çaldıran vuruşması) qızılbaşlar məğlubiyyətə uğrayır. Osmanlı imperiyasına qarşı mübarizə aparmaq məqsədi ilə hərbi ittifaq yaratmağa çalışan İsmayıl Venesiya, Macarıstan, Almaniya, Roma papalığı və s. Avropa ölkələri ilə diplomatik danışıqlar aparır. Lakin onun səyləri nəticəsiz qalır. Sonrakı illərdə İsmayıl Şəki hakimliyini, Şirvanşahları, Gürcüstan çarlıqlarını asılı vəziyyətə salır.

I Şah İsmayıl "Xətai" təxəllüsü ilə Azərbaycan, fars, ərəb dillərində şeirlər yazan görkəmli şair olmuşdur. Əsərlərinin çox hissəsini ana dilində yazmış İsmayılın yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələ təşkil edir. O, Azərbaycan və İran ədəbiyyatı klassiklərinin əsərlərindən bəhrələnsə də, yaradıcılığının təşəkkülü və inkişafında Nəsiminin şeirləri daha əsas rol oynamışdır. Nəsiminin bir çox şeirlərinə o, nəzirələr yazmışdır.

Xətainin əruz və heca vəznlərində həm klassik, həm də xalq şeirləri formalarında epik və gözəl lirik əsərləri vardır. 1506-cı ildə yazdığı "Dəhnamə" poeması, daha sonra yazdığı əxlaqi-didaktik və fəlsəfi "Nəsihətnamə" məsnəvisi anadilli Azərbaycan epik şerinin ilk nümunələrindəndir. "Dəhnamə"də sufilik görüşlərinin müəyyən təsirinə baxmayaraq şair əsasən insani məhəbbəti vəsf edir. Onun əsərlərində təbiət gözəllikləri olduqca real təsvir olunub. Təbiəti təsvir edən şairlər arasında Xətainin əsərləri ən mükəmməlləri hesab olunur. Poemadakı qəzəllər əsərin lirizmini daha da artırır. Xətainin lirikasında şairin siyasi baxışları, qəhrəmanlığa, mübarizəyə çağırış, həyat eşqi, gözəllik, mənəvi saflıq, eləcə də vüsal sevinci, ayrılıq iztirabları tərənnüm olunur. "Nəsihətnamə"-də şairin öyüd-nəsihətləri dərin insanpərvərliyi ilə seçilir.

Xətainin əsərləri poetik dilinin sadəliyi, təbiliyi, orijinal üslubu ilə diqqəti cəlb edir; bu səbəbdən sadə xalq arasında da geniş yayılmışdır. Azərbaycan ədəbi dilinin inkişafında Şah İsmayılın mühüm xidmətləri olmuşdur. O, anadilli poeziyanın inkişafına müstəsna əhəmiyyət vermiş, Azərbaycan dilində yazan şairlərə hamilik etmiş, sarayında şairlər məclisi yaratmışdır. Onun hakimiyyəti dövründə Azərbaycan dili nəinki hakim ədəbi dilə çevrilmiş, eyni zamanda dövlət dili səviyyəsinə yüksəlmiş və ondan diplomatik yazışmalarda belə istifadə olunmuşdur. İsmayılın əsərləri Yaxın Şərqin bir sıra ölkələrində yayılmışdır. Hal- hazırda İsmayılın əsərlərinin əlyazmaları dünyanın məşhur əlyazma fondları və kitabxanalarında saxlanılır.

I Şah İsmayıl Xətai 1524-cü ildə Şəkidən qayıdarkən vəfat edib, cənazəsi gətirilərək Ərdəbildə dəfn olunub.

Səslərin sayı: 2
2
2501
loading...
Şərhlər
Offline
Aysel İ.
Beləliklə, I Şah İsmayılın dövründə Səfəvilər dövləti Yaxın Şərqin ən qüdrətli dövlətlərindən birinə çevrilir. İsmayıl kənd təsərrüfatını dirçəltmək, şəhərlərdə sənətkarlıq və ticarəti inkişaf etdirmək, xarici ölkələrlə iqtisadi əlaqələri genişləndirmək siyasəti yürüdürdü. O, mərkəzi hakimiyyəti möhkəmləndirmək məqsədi ilə soyurqal torpaq sahibliyini tiyulla əvəz etməyə çalışırdı. Çünki soyurqal almış feodal onun tam sahibinə çevrilir və separatizmə meyilli olurdu. Şiəliyi rəsmi dövlət dini mövqeyinə qaldıran İsmayıl geniş ərazidə yaşayan müxtəlif xalqları vahid ideologiya ətrafında birləşdirməkdə Səfəvi dövlətini daxildən möhkəmləndirmək məqsədi güdürdü. O, şiəliyi həm də sünni olan Ağqoyunlulara, Şirvanşahlara, Şeybanilərə və osmanlılara qarşı mübarizə bayrağına çevirmişdi.
13 avqust 2015 08:48
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Semedova
I Şah İsmayıl "Xətai" təxəllüsü ilə Azərbaycan, fars, ərəb dillərində şeirlər yazan görkəmli şair olmuşdur. Əsərlərinin çox hissəsini ana dilində yazmış İsmayılın yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələ təşkil edir
12 avqust 2015 21:09
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )