Bakıda hava +6°
USD 1.7475 AZN
EUR 1.8505 AZN

Zərf

Zərf

Zərf əsas nitq hissəsi olub, hərəkətin icra tərzini, zamanını, yerini və miqdarını bildirir. Necə? Nə cür? Nə zaman? Haçan? Hara? Haraya? Harada? Nə qədər? suallarından birinə cavab verir. 

 

Zərflər təkcə təsriflənən deyil, təsriflənməyən fellərə də aid olur. Misal olaraq:  Xasay axşam evə dönəndə atası getmişdi (feli bağlama). İrəlidə gördüyünüz binalar keçən il təhvil verilib (feli sifət). Yaxşı oxumaq hər bir şagirdin borcudur (məsdər).

Zərflər fellərlə yanaşı digər əsas nitq hissələrinə də aid ola bilər. Məsələn: Şəhidlərimizin əziz xatirəsi daima qəlbimizdədir. İdman yarışlarında məktəbimiz həmişə birincidir. Azərbaycanın şimal rayonlarında indi soyuqdur. Hələ tezdir. Nümunələrdən də göründüyü kimi, birinci cümlədə zərf ismə, ikinci cümlədə saya, üçüncü cümlədə  sifətə, dördüncü cümlədə isə zərfə aiddir.

Zərflər quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur.

Yalnız bir kökdən ibarət olan zərflər sadə zərflərdir. Yuxarı, aşağı, həmişə, indi, daim, cəld, gec, tez, az, çox, irəli, geri, əvvəl, sonra, yenə, ora, bura, hələ və s.

Düzəltmə zərflər isə leksik şəkilçilərin köməyi ilə yaranır. Bu şəkilçilər aşağıdakılardır:

-casına2 şəkilçisi isim və sifətdən zərf düzəldir. Xaincəsinə, dostcasına, mehribancasına və s.

-la2 isimdən zərf düzəltməyə xidmət edir. Ehtiyatla, cəsarətlə, ürəklə, hərarətlə və s.

-ən  isimdən zərf düzəldən şəkilçidir. Qəlbən, ruhən, şəxsən, zahirən və s.

-ca2 isimdən zərf düzəldir. Rusca, gürcücə, türkcə və s.

Haqqında danışılan şəkilçilər vurğu qəbul etmir.

-yanə, -yana, -anə isim və sifətdən zərf düzəldir. Füzuliyanə, dostyana, ağayana, şairanə və s. 

-dan2 sifət, say, əvəzlikdən zərf düzəldir. Birdən, hərdən, dərindən, ucadan, astadan və s.

-lıq4 zərflərə qoşularaq zərf düzəldir. Hələlik, həmişəlik və s.

-akı2 şəkilçisi vasitəsilə: yanakı, çəpəki və s.

-da2 isimlərə və o əvəzliyinə qoşularaq zərf yaradır. Gündə, ayda, ildə, onda, təklikdə, birlikdə və s.

Mürəkkəb zərflər iki sözün birləşməsindən yaranır. Bitişik, defislə və ayrı yazılır.

Bitişik yazılan mürəkkəb zərflər:

Müxtəlif mənalı sözlərin birləşməsi ilə: üzüyuxarı, axşamüstü, bayramsayağı, əliboş, sözarası, günorta və s.

-ba2 bitişdiricisinin köməyi ilə: taybatay, adbaad, günbəgün, üzbəüz və s.

Defislə yazılan mürəkkəb zərflər:

Eyni sözün təkrarı ilə: bir-bir, az-az, asta-asta, sakit-sakit və s.

Əksmənalı sözlərin birləşməsi ilə: gec-tez, aşağı-yuxarı, gecə-gündüz, azdan-çoxdan və s.

Yaxınmənalı sözlərin birləşməsi ilə: tez-tələsik, lal-dinməz, səssiz-səmirsiz və s.

Tərəflərindən biri və ya ikisi ayrılıqda işlənə bilməyən sözlərin iştirakı ilə: için-için, dizin-dizin, xısın-xısın, az-maz, uzun-uzadı və s.

Bir və ya hər iki tərəfi şəkilçi qəbul etmiş sözlərin birləşməsi ilə: başdan-başa, ildən-ilə, üz-üzə, sonradan-sonraya, yan-yana və s.

Bir sayına digər sayların qoşulması ilə: birə-beş, birə-on, birə-yüz və s.

Ayrı yazılan zərflər də var: hər an, ilk dəfə, bir az, bir qədər, bir dəfə və s.

Zərf

Zərfin mənaca dörd növü var:

Tərzi-hərəkət zərfi hərəkətin icra tərzini bildirir və necə? nə cür? nə tərzdə? suallarına cavab verir. Quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur.

 Sadə tərzi-hərəkət zərfləri: cəld, səlis, sərrast, dürüst, bərk, yavaş, sakit, sərt və s. Düzəltmə  tərzi-hərəkət zərfləri: türkcə, birdən, birlikdə, çəpəki, mehribancasına, güclə, aramla və s.

Mürəkkəb tərzi-hərəkət zərfləri: ağır-ağır, üz-üzə, sözarası, gözucu, taybatay, üzbəüz, ac-susuz, səssiz-səmirsiz, tələm-tələsik və s.

Zaman zərfi hərəkətin və ya hadisəni icra zamanını bildirir. Nə zaman? nə vaxt? haçan? suallarından birinə cavab verir. Zaman zərfləri də quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur.

Sadə zaman zərfləri: indi, gec, səhər, axşam, gecə, bildir, əvvəl, sonra, daim, həmişə və s.

Düzəltmə zaman zərfləri: indilik, hələlik,  hərdən, ayda, ildə, tezliklə və s.

Mürəkkəb zaman zərfləri: səhər-səhər, günorta, axşamtərəfi,hərdənbir, anbaan, günbəgün və s.

Yer zərfi hərəkətin və ya hadisənin yerini bildirir və hara? haraya? harada? haradan? suallarından birinə cavab verir. Yer zərfinin quruluşca üç növü var: sadə, düzəltmə və mürəkkəb.

Sadə yer zərfləri: irəli, geri, aşağı, yuxarı, içəri, yaxın və s.

Düzəltmə yer zərfləri: aralıqda, ortalıqda və s.

Onu qeyd etmək lazımdır ki, düzəltmə yer zərfləri azlıq təşkil edir.

Mürəkkəb yer zərfləri: ora-bura, sola-sağa, yan-yörə, arada-bərədə, üzüyuxarı, üzüaşağı və s.

Miqdar zərfi hərəkətin və ya əlamətin kəmiyyətini bildirir. Bu zərflər neçə? nə qədər? neçə-neçə? suallarından birini cavablandırır. Miqdar zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə miqdar zərfləri: xeyli, az, çox

Düzəltmə miqdar zərfləri: dəfələrlə, bütünlüklə, tamamilə

Mürəkkəb miqdar zərfləri: çox-çox, az-az, az-çox, az-maz, birə-on, azdan-çoxdan və s.

Zərfin digər nitq hissələrindən fərqləndirilməsi

Azərbaycan dilində bəzi sözlər də var ki, cümlədəki yerindən asılı olaraq həm isim, həm zərf; həm sifət, həm zərf; həm say, həm zərf; həm qoşma, həm də zərf ola bilir.

Bunları qarışdırmamaq üçün aşağıdakıları yadda saxlamaq lazımdır:

1. Gecə, gündüz, yay, qış, axşam, səhər, payız tipli sözlər cümlədə nə? sualına cavab verəndə isimdir. Məsələn:

 Uşaqlar səbirsizliklə axşamı (nəyi?) gözləyirdilər.

Yazdan (nədən?) sonra yay (nə?) gələcək.

Elə ki fəsli-yaz olur,

Gecə (nə?), gündüz (nə?) taraz olur.

Bu sözlər nə zaman? haçan? nə vaxt? suallarına cavab verəndə isə zərf olur. Məsələn:

Axşam (nə vaxt?) hamı süfrə başına yığışdı.

Hadisə gecə (nə zaman?) baş verdiyindən Səfər bundan xəbərsiz idi.

Səhər (nə vaxt?) məktəbə getməliyəm.

2. Gözəl, qəşəng, pis, yaxşı, tək, cəld, aydın, doğru və s. sözlər necə? nə cür? suallarına cavab verərək ismin yanında işlənib onun əlamətini bildirdikdə sifət olur. Məsələn:

Tək (necə?) ağacdan bar olmaz.

Doğru (necə?) söz acı olar.

Yaxşı (necə?) iş üz ağardar.

Pis (necə?) günün ömrü az olar.

Bu sözlər felin yanında işlənib necə sualına cavab verəndə isə zərf (tərzi-hərəkət zərfi) olur.

Məsələn:

O, evdə tək (necə?) qalmışdı.

Həmişə doğru (necə?) danış.

Qala uzaqdan daha aydın (necə?) görünürdü.

3. Xeyli, az, bir az, bir qədər, çox sözləri nə qədər? sualına cavab verib ismin yanında işlənəndə nitq hissəsi kimi say olur. Məsələn:

İçəridə xeyli (nə qədər?) adam var idi.

Çox  (nə qədər?) qarışqa bir şiri öldürər.

O, bir qədər (nə qədər?) malı özü ilə apardı.

Həmin sözlər felin yanında işlənərsə, zərf (miqdar zərfi) olur.

Yolun kənarındakı çinar ağacının kölgəsində xeyli (nə qədər?) gözlədi.

Az (nə qədər?) danış, amma mənalı danış.

Çalış, çox (nə qədər?) danışma.

Hakim bir qədər (nə qədər?) susub, sözünə davam etdi. 

4. Əvvəl, sonra, bəri, qabaq zərf və qoşma kimi işlənə bilir:

 Əvvəl sən gəl, sonra yoldaşların da gələ bilərlər (zərf).

Səndən əvvəl  o mənimlə görüşməli idi (qoşma).

 Qabaq buralar göz işlədikcə uzanıb gedən düzənlik idi (zərf).

Yeməkdən qabaq əlləri yumaq lazımdır (qoşma).

5. Doğru, tək sözləri həm sifət, həm zərf, həm də qoşma kimi işlənə bilir. Məsələn:

Doğru söz, yaxın adam, tək ağac (sifət)

Doğru danışmaq, yaxın oturmaq, tək qalmaq (zərf)

Evə doğru, sənintək (qoşma)

Zərfin cümlədə rolu

Zərflər əksər hallarda cümlənin tərzi-hərəkət, zaman, yer və kəmiyyət zərfliyi olur. Səlim səssiz-səmirsiz dayanmışdı (tərzi-hərəkət zərfliyi). İndi uşaqlar yatmış olarlar (zaman zərfliyi). Nökərlər ora-bura qaçır, ağanın tapşırıqlarını yerinə yetirməyə çalışırdılar (yer zərfliyi). Qonşular onu az-çox tanıyırdılar (kəmiyyət zərfliyi).

Lakin zərflər cümlədə mübtəda, xəbər, tamamlıq və təyin də ola bilir.

Mübtəda rolunda: İçəri isti idi.

Xəbər: Bizim yerimiz buradır.

Tamamlıq: Qocanın sözünü yuxarılara çatdırmışdılar.

Təyin: Aşağı evlər bərbad vəziyyətdə idi.

Zərfin morfoloji təhlili aşağıdakı kimi aparılır.

  1. Başlanğıc forması, sualı
  2. Quruluşca növü
  3. Mənaca növü
  4. Aid  olduğu nitq hissəsi
  5. Cümlədə rolu

Vətən müharibəsi əlili olan qoruqçu təəccüblə mənə baxdı.

  1. Təəccüblə - zərfdir, necə? sualına cavab verir.
  2. Quruluşca düzəltmədir.
  3. Tərzi-hərəkət zərfidir.
  4. “Baxdı” feli ilə bağlıdır.
  5. Cümlədə tərzi-hərəkət zərfliyi vəzifəsindədir.

Gəlin, nə öyrəndiyimizi yoxlayaq.

 1.     Dördündən biri fərqlidir.

a) 1. Adbaad                  2. Qapı-qapı                3. Taybatay                      4. Tutatut

b) 1. Ara-sıra                  2. Hərdən                     3. Günaşırı                       4. İndi-indi

c) 1. Asta-asta                2. Üz-üzə                       3. Baxa-baxa                    4. Tez-tez

d) 1. Üzüyuxarı                2. Üzüaşağı                 3. Dilucu                           4. Sağa-sola

 

2.  Verilmiş zərfləri kök və şəkilçiyə ayırın.

Ruhən, hiyləgərcəsinə, çoxdan, dahiyanə, birdən, zarafatyana, ildə


 3.     Cümlələrdəki zərfləri morfoloji təhlil edin.

Gülnar sakitcə qapını açdı və cəld otaqdan çıxdı.  İndi o azad idi. Küçəyə çıxıb üzüyuxarı getdi.

 

4. Səhv fikri göstərin.

a) Miqdar zərfləri hərəkətin və əlamətin kəmiyyətini və dərəcəsini bildirir.

b) Dəfələrlə, tamamilə, bütünlüklə sözləri düzəltmə miqdar zərfləridir.

c) Mürəkkəb miqdar zərfləri, əsasən, defislə yazılır.

d) Miqdar zərfləri cümlənin təyini, tamamlığı və zərfliyi ola bilir.

 

 5. Hansı zərflər bitişik yazılır:

  1. İki müxtəlifmənalı sözün birləşməsindən əmələ gələnlər
  2. Yaxınmənalı sözlərin birləşməsindən yarananlar
  3. Ba2 bitişdiricisinin köməyi ilə yarananlar
  4. Eyni sözün təkrarı ilə yarananlar

a)     1,2

b)    1,3

c)     1,4

d)    3,4

Sizə uğurlar!

Səslərin sayı: 6
22
10642
Şərhlər
Offline
Dəniz84
Çox gözəl dərslərdir. Allah razı olsun.
8 iyun 2014 11:01
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
Agat_Kris
Davamlı olması sizdən asılıdır

davamlı olacaqsa mütləq mənimlə əlaqə saxlayın smile
18 may 2014 23:50
imza: Pozitiv olun!
Offline
AFET
Maraqlidir cox sagolun.
18 may 2014 22:45
Offline
S. Tapdiq
Birinci və üçüncü tapşırıqlara bir az diqqətli baxaq.
18 may 2014 20:54
Offline
Şımarık kız
Offfffffffffffff du ana dili cox cetindi coxxususiylede seklcileri ezberlemek adamin basi sisir xarici dil oyrenmek bunnan asandi dash
18 may 2014 19:47
Offline
Fatma xanım
Tamam unutmuşam gərəkoxuyam yadımadüşə
18 may 2014 14:43
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
PERI
1A.4C,5B DUZGUNDU?

2:RUH-EN,HIYLE-GER-CESINE,BIR-DEN,IL-DE,COX-DAN,DAHI-YANE,ZARAFAT-YANA

3:SAKITCE ACDI,CELD CIXDI,UZUYUXARI GETDI. DOGRUDU?

DAVAMLI OLSUN.
18 may 2014 11:13
Offline
Aida M-ova
2. Verilmiş zərfləri kök və şəkilçiyə ayırın.

Ruhən, hiyləgərcəsinə, çoxdan, dahiyanə, birdən, zarafatyana, ildə

Ruh-ən , hiyləgər-cəsinə , çox-dan , dahi-yanə , bir-dən , zarafat-yana , il-də... gözümə asan görünənləri yazdım bəlkədə düz etmədim nəbilim scratch_
17 may 2014 22:12
Offline
S. Tapdiq
Davamlı olması sizdən asılıdır

bəs qalan suallar?
17 may 2014 21:38
Offline
Ellada Babayeva
Məktəbdə sevdiyim dərs azərbaycan dili ilə ədəbiyyat idi.İndi yadımda tam qalmasada təkrarlamış oldum.Davamlı olsun. Çoxdandan dərs paylaşılmırdı.Məktəbdə imtahanlar başlayır artıq gəlin oxuyun təkrarlayın. smile

5. Hansı zərflər bitişik yazılır:

İki müxtəlifmənalı sözün birləşməsindən əmələ gələnlər
Yaxınmənalı sözlərin birləşməsindən yarananlar
Ba2 bitişdiricisinin köməyi ilə yarananlar
Eyni sözün təkrarı ilə yarananlar

b) 1,3
17 may 2014 21:30
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Agat_Kris
Dərsə görə təşəkkür edirəm. Çoxdan idi dərslər qoyulmurdu smile Əziyyət çəkibsiniz. Allah razı olsun!
17 may 2014 20:48
imza: Pozitiv olun!
Offline
S. Tapdiq
Doğru cavabdır.
17 may 2014 20:37
Offline
Aida M-ova
Mən hələ oxuyuram :) 5.b bəndidi bunu indidən deyim sonra yadımdan çıxar
17 may 2014 20:32
Offline
S. Tapdiq
Xanımlar, cavablarınızı gözləyirəm. Bəlkə mövzu ilə bağlı suallarınız var?
17 may 2014 20:26
Offline
Xəyalə Murad
Virtual dərslər çox maraqlı olur. Yenidən başladığına sevindim. Davamlı olsun.
17 may 2014 19:59
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Qəribə
Çox sağ ol canım tesekkur edirem. give_ros
17 may 2014 19:36
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Nigar
Lap pulsuz hazirliq kursudur ki..Cox tewekkur edirem,zehmet cekib oyredici xeber hazirladiginizcun give_ros give_ros give_ros
17 may 2014 16:19
Offline
Ibrahimova Gulya♥S♥
Çox sağ ol canım əziyyətinə görə, lap hazırlıq günlərimə qayıtdım girl_smi
17 may 2014 13:23
Offline
Deniz N-va
CANIM MARAQLI XEBERDIR MEN DE AZERBAYCAN DILINI YAXINDAN OYRENMEYE CALISIRAM SAGOL girl_ang
17 may 2014 13:10
Offline
♥ﷲ Sevda Memmedova♥ﷲ ◕
Bu dersi cox sevirem mellim yaninda ancaq mellimeme bu zerf baresinde mene sual vermeyini isteyirem xebere gore tesekkurler
17 may 2014 12:18
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Sözün doğrusun de, ...
Hamı sağol desin
Yalan uzun çəkməz
Min atını çap
Tək gel eyvana
Get işini gör