Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)

 

Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)

 

Ayka Necef

Mən 23 oktyabr 2010-cu ildə ailə həyatı qurmuşam. Artıq 2 il 8 aydır ki,ailəliyəm. Çox şükür xoşbəxt ailəm var. Toyum pis keçmədi. Amma günün yarısından çoxu yağışlı və soyuq keçmişdi. Restorana çatanda artıq hava açılmışdı. Sadəcə, evdən çıxmağım bir az problem oldu, yağışda azca islanmışdıq. Bu, Allahın bəlkə də bizə göndərdiyi xoşbəxtlikmi deyim, ruzi-bərəkətmi deyim, aramızdakı sevgimi deyim bilmirəm, bir işarə idi elə bil. Təbiət hadisələrini insan özü yaratmır. Sadəcə, yağışın yağmasının mənimlə də əlaqəsi var ki, həmişə qazan dibi yeyirdim. Bibim deyərdi ki, ”qazanın dibini yemə, toyunda yağış yağar”. Mən inanmırdım. Ən çox da südü bişirəndən sonra dibində qalan qatı mayeni yeməyi çox sevirdim. Bibim dediyi də düz çıxdı. Toy günüm mənim üçün unudulmaz bir gün idi.Qardaşımın və restoranın müdirinin mənə etdiyi sürpriz hədiyyələrdən çox sevinmişdim və hətta ağlamışdım. Qardaşımın mənə sürprizi bu oldu ki, anamın qohumumuzun toyundan oynamağını restorandakı televizora saldırmışdı. Baxanda tutulub qaldım. Elə düşündüm ki, anam yanlmdadı, restoranda oynayır. Mən onda anamı 3 il idi ki itirmişdim. Ortalıqda donub qalmışdım. Qardaşım da həmin restoranda işlədiyinə görə müdir onu tanıyırdı. Buna görə də mənə sürpriz hədiyyə vermək istəyib. Hədiyyəsi yoldaşımla mənim toyda çəkilmiş rəsmimizin divarboyu olmasi idi. İndi də həmin rəsmi divardan asmışam.Evimizə gələn qonaqlar elə düşünürlər ki,bu, divardan asılmış xalçadır. Çox sağ olsunlar. Həmin rəsmin hesabına toy günümü heç vaxt unutmuram,elə düşünürəm ki, toyum yaxın zamanda olub. Allah bütün subaylarımıza toy qismət etsin.

 

Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)

 

Seli

Bizim toyumuz müəyyən səbələr üzündən təmtəraqlı keçmədi. Ona görə də toyumdan yazacağım elə də xoş xatirələrim yoxdur. Amma bir məqam var ki, onu yazandan sonra bu xəbərimdə iştirakıma siz də haqq qazandıracaqsınız. Mən ailəmə çox bağlı biriyəm. Evimizdən, ailəmdən ayrı yaşamağı çox çətin sayırdım. Toy qurtardı, biz maşına minib evə yollandıq. Yol boyu özümü elə pis hiss elədim ki, az qala düşüb qaçmaq istədim. Hansı ki, yoldaşımla bir-birimizi sevib evlənmişdik. Yol boyu öz-özümə deyirdim ki, "mən hara gedirəm?" Binanın qarşısına çatdıq, maşından düşdük. Blokun ağzında yoldaşım əlimdən tutdu, bərk-bərk sıxdı və "hər zaman yanındayam" dedi. Özümü birdə-birə o qədər yaxşı hiss etdim ki... Bilmirəm, bəlkə də xoşbəxtliyimi tapdığımı həmin an hiss elədim, bəlkə də artıq tək olmadığımı hiss elədim... Amma şükür ki, yanılmamışam. İndi çox xoşbəxtik, tək qorxum xoşbəxtliyimin gözə gəlməsidir. Çünki onu itirməkdən həqiqətən çox qorxuram. Allah hər kəsi layiq olduğu xoşbəxtliyə çatdırsın İnşAllah!

Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)

Lalə Hacət-i Vuslat

Mənim toyum, atam evindən gəlin köçdüyüm gün, 10 il bundan öncə dekabrın 21-də olub. Bu il 10 illiyimiz - ilk yubileyimiz olacaq inşaAllah! Gəlin köçəcəyimi bilməyim tam sürpriz oldu, təxminən 2 həftə qalmış bildim. Atam öz işləri ilə əlaqədar noyabr ayında mənim toyumu 21 dekabra təyin etmişdi. Bunu oğlan evinə bildirmişdi ki, "mən toy edirəm, amma siz nə vaxt itəsəniz, onda apararsınız gəlininizi". Mən də gəlin köçəcəyim üçün tam fərqli gəlinlik axtarışında idim və saç yığımı formasını araşdırırdım, bunlardan başqa hazırlığım yox idi. Dekabrın 21-nə 2 həftədən də az vaxt qalmış oğlan evindən xəbər gəldi ki, həmin tarixdə gəlinimizi aparırıq! Təsəvvür edin ki, biz necə sıxıntıya düşdük: cehiz, mebel tamamlanması, başqa gəlinlik seçimi... Hətta yeni tikilən evimiz belə o zaman sadəcə mala çəkilmiş divarlardan ibarət idi... Bunları 2 həftəyə bitirmək real görünmürdü. Amma yoldaşım razı olmadı. "Mən səni atan evindən bir dəfə çıxardacağam: neçə saat toyda yanaşı oturum, sonra da öz əlimlə yenidən atan evinə qaytarım? Dözmərəm!"... Nə isə, cənab "tərs" bildiyini etdi, tanışı, dostu, qohumu - kim vardısa yardıma çağırdı, 2 həftə gecə-gündüz dincəlmək bilmədən evimizi hazırladılar. Ürəyim ağrayırdı, gündüzü işləyirdi, vaxt tapıb mütləq universitetə də gəlirdi (elə bil tək gələ bilməzdim evə!), sonra səhərə qədər evimizi hazırlayırdı... Toy günü yetişdi, mənim işgüzar "həyat yoldaşım" toya yarım saat qalmışa kimi hələ də işləyirmiş!.. Qonşu olduğumuz üçün həyətlərindən hər çalğı səsi gələndə ürəyim az qala yerindən çıxırdı... Nəhayət, "Vağzalı" sədaları altında bizə gəldilər... Valideynlərimin üzünə utandığımdan baxa bilmirdim, özümü o qədər günahkar hiss edirdim ki... Günahkar idim, çünki onlardan ayrılacağım günü illərlə gözləmişəm, arzulamışam, indi isə onları tərk etdiyimə sevinirəm... Ağlamaqdan zorla dayanmışdım ki, belimə qırmızı kəməri bağlayan qaynatama yoldaşım astaca (təbii ki, bunu yalnız mən eşitdim) "Möhkəm bağla, qaçmasın!" dedi (anladım ki, mənim kefimi açmaq üçün etdi!): nəticədə atam evindən gülərək çıxdım. Sonra çox utandım ki, valideynlərim deyər: "Arsız qız, gör nə sevinir"... Heç yadımdan çıxmaz, toyun sonuna bir-iki saat qalmış yoldaşım telefonla danışırdı: "Nə etdiniz? Çəni yerləşdirə bidiniz? Suyu qoşdunuz? Bilmirəm, biz gələnə kimi evə su gəlsin!" - təsəvvür edirsiniz, hələ evimizdə su yox idi!... Hamamımız da toyun səhəri günü tam bitdi. Evimə ayaq basanda elə rahat nəfəs aldım ki, mənim olan nəhayət ki, mənim idi! Təzə taxta, boya qoxulu evim!.. Evin pilləkəninin ilk pilləsinə yoldaşım ayağını bir-iki dəfə basıb götürdü, sonra biz keçdik. Sonra soruşanda ki, niyə belə etdin? Dedi: "Yoxladım görüm lak quruyub?" Belə, əziz xanımlar, bizim toyumuz qaçaraq oldu, amma heç də peşman deyiləm, gözəl xatirələrimiz var. Hər kəsə ən az bizim ailədəki qədər sevgi və xoşbəxtlik arzu edirəm!

 

Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)

 

ToRmEnTo

Mən toy günümdə hər qız kimi dəhşətli həyacan keçirməmişdim. Mənim elçiliyim, nişanım, toyum ay yarım içində oldu deyə uzun-uzadı hazırlıqlarım olmamışdı. Vaxtım az olduğu üçün elə hər işimdə tələsmişdim. Toy günü mənim gəlinliyim özümdə deyildi hələ. Bəzi düzəlişlər etmək üçün dərziyə vermişdim. Mən salondan gələndə gördüm ki, paltarımı gətiriblər. Heç baxmadım ki, bəlkə nəyisə düz deyil. Eləcə tez geyindim. Bir sözlə, tələsik hazırlanan gəlin oldum. Yoldaşımgil evdən çıxanda anam hələ salondan gəlməmişdi. Zəng vurdum ki, bir az ləngiyin. Dedi ki, "artıq çıxmışıq". Amma anamın bəxtindən yoldaşım liftdə qalmışdı. Onlar gəlincə anam da gəldi çıxdı. Mən "Vağzalı"nı adi vaxtlarda eşidəndə hər zaman kövrəlirdim. Düşünürdüm ki, toyumda yəqin ağlayacağam. Amma özümü o qədər itirmişdim ki, heç "Vağzalı"nı demək olar eşitmədim. Səsimi atmışdım başıma, hərəyə bir söz deyirdim. Axır dedilər ki, "sakitləş, gəlirlər". Nə isə gəldilər, xeyir-dua verildi, qaynım belimi bağlayanda sözləri deyə bilmədi. Mən də özümdən aslı olmadan yoldaşımın dostuna demişəm ki, "sözləri də sən de". Onu sonradan diskə baxanda gördüm. Hər baxanda utanıram. Adama deyərlər ki, "gəlinsən otur oturduğun yerdə". Sonra atamı çağırdılar ki, məni lampanın başına dolandırsın. Atam da həyəcandan neyləmək lazım olduğunu unutdu, lampanı götürürdü ki,mənim başıma hərləsin. Orda da özümü atmışam qabağa ki, "məni fırlat e". Axır ki, çıxdıq evdən. Ağlamadım. Çox gözəl toyum oldu. Hər şey elə bil aylarla hazırlanıb, planlaşdırılmışdı. Toydan sonra hər kəs deyirdi ki, "elə bil nağıllar aləmində idik". Toy qutardı, gəldik evimizə. O gün-bu gündür xoşbəxt ailəm var. Allah axıracan eləsin. Amin!!!

Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)

AY ISIGI

Ailə qurmağımdan 4il 8 ay keçsə də hər bir anı daim xəyalımdadır - həm qız toyu, həm də oğlan toyu. Qız toyunda gecikmişdim. Gözəllik salonundan saat 6-da çıxmışdım. Salondan gəldim ki, oğlan evi həyətdə oynayır. Biz həyət evində yaşayırıq, dayımgillə qapıqonşuyuq. Dayımgilin evindən bizim evə arxadan yol var idi, ordan keçib evə gəldim. Camaat həyətdə oynayır, mən hələ gəlinlik geyinirdim. Mən ağlayıram ki, gecikmişəm, anam da deyir: "Ay qız, nə olub, səni qoyub getməyəcəklər ki. Niyə ağlayırsan?" Nə isə birtəhər geyinib üzə çıxdım. Oğlan toyunda ustama dedim ki, birinci məni hazırla gedim. Şükür Allaha, oğlan toyunda hər şey yolunda getdi. Saçım,makiajım, gəlinliyim - hər şey ürəyimcə oldu. Oğlan toyunda tortu kəsdiyimiz yerdə şarları yuxarıdan buraxdılar. Bütün şarlar torta batdı və uşaqlar şarı mənim yanımda partladanda paltarım, saçım, üzüm xırda çil kimi rəngli şirə olmuşdu. Həmin vaxt məni təsəvvür edin. Əsəbimdən partlayırdım. Ancaq ağlayırdım. Paltarı qaytaranda üstündə əlavə 50 manat pul almışdılar.Bu da mənim toy xatirələrim...

 

Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)

 

Guluw Serdarqizi

Toy günümə az qalırdı, amma heç bu günün gəlməsini istəmirdim, cünki sevmədən ailə quracaqdım.Tək qız olmağıma baxmayaraq, atam mənim narazılığımı nəzərə almamışdı. Valideyinlərim arxayın idilər ki, onların sözü mənimçün qanundur. Gələcək həyat yoldaşımın məni harda görüb sevdiyindən də xəbərim yox idi. Nişanlı vaxtı ona qarşı çox haqsızlıqlar etmişdim. Onun buna nəyə görə dözdüyünü soruşduqda: "Çünki mən səni özümdən artıq sevirəm və ailənizi iki ildən sonra razı sala bilmişəm, necə dözməyim?" deyərdi. Amma mən ona onu sevəcəyimə söz vermədim, cünki bu mövzu məndən uzaq idi. Eyni bürcdən olmağımıza baxmayaraq, tamamilə ayrı-ayrı adamlar idik. O, çox romantik, şair təbiətli bir insan, mən də bunlardan uzaq biri...

Aramızda 10 yaş fərq var idi - 17-27. Çətin olacağını bilirdim, amma bu çətinliyi tam dərk etmirdim. Toy gunum çatmışdı, qız toyu Bakıda oldu. Oğlan toyu isə rayonun ucqar kəndində idi. Gəlin köçəndə o qədər ağlamışdım ki, atamın xeyir-duasını eşidə bilmirdim. Birinci dəfə idi kənd yerinə gedirdim, tamam yad, tanımadığım insanların içində bu ailədən tək yoldaşımı tanıyırdım. Ata-anası, bacıları bizə gələndə heç vaxt danışmırdım. 4 saatlıq yolu bir dəqiqə belə ağlamadan keçirmədim. Gözlərim şişmişdi, elə bilirdim hamı mənə acıyır. Həmişə bir hadisədən qorxurdum, o da toy günü başıma gəldi. Güzgüm durduğu yerdə çilik-çilik oldu.Hamı məəəttəl qalmışdı, bircə rəhmətlik qaynanam "Boş şeydi, ağlama. Sabah sənin üçün Bakıdan güzgü gətizdirəcəm" dedi. Deyirlər ki, güzgünün sınmağı pis əlamətdir, amma elə bil o güzgü mənim bütün nişanlı vaxtı çəkdiyim acıları özü ilə apardı .3-4 günə bu ailəyə öyrəndim. Qaynım arvadı, baldızlarım məndən çox böyük idilər, məni ərköyün uşaq kimi əzizləyirdilər.Sonralar anam qaynanama deyirdi ki, "bunu az ərköyün elə".

Bir aydan sonra Bakıya qayıtmalı olduq, məni texnikum, yoldaşımı işi gözləyirdi. Amma həqiqətən yoldaşımgilin ailəsi çox pozitiv bir ailə idi. Qaynatam Allah adamı idi. Elə bir münasibət görmüşdüm ki, nişanlı vaxtı yoldaşıma çəkdirdiklərimə görə çox peşman idim. Amma o, bunları bir dəfə də olsun mənim üzümə vurmurdu, əksinə, arada yazdığı şeirlərində bunları məzəli şəkildə göstərir. Mən ona çox minnətdaram, həqiqətən yaxşı həyat yoldaşı, qayğıkeş atadır. Ən əsası isə mənə sevməyi öyrədib, amma romantikanı öyrədə bilmədi. Mən realistəm, xəyalpərəst deyiləm.

İki oğlumuz var. Amma mən bir şeyi başa düşdüm ki, möhkəm ailə üçün sevgi əsas şərt deyil, əsas olan qarşılıqlı hörmət və daxili tərbiyədir. Deyirlər ki, "İki qoçun başı bir qazanda qaynamaz". Amma biz 22 ildir bir ailəyik. Bir şeyə görə həmişə sevinirəm ki, nə yaxşı atam məni məcbur verdiyinə görə peşman olmadı. Çünki mənim həyatda ən başlıca rütbəm və qazancım onun qızı olmağımdır. Övladlarım mənim gedib-gələn nəfəsimdilər. Mənim narahatlıqdan yaranan bir rahatlığımdılar, amma bu istəyimi ancaq onlar məktəbi bitirdikdən sonra büruzə vermişəm. Həmişə onlarla yaxın dost olmuşam, sirlərini, problemlərini mənimlə bölüşürlər. Yoldaşım heç vaxt onlara güldən ağır söz deməyib, həmişə iradlarını mənim vasitəmlə bildirib. Yeri gələndə mənə deyir ki, "onları ən çox danlayan sənsən, amma elə bil sənə daha yaxındılar". Deyirəm: "Yox, elə deyil, sadəcə onlar səninlə aralarında olan pərdəni aşa bilməzlər". Oğlanlarım ali məktəbə daxil olandan sonra bir az rahatlaşdım, qardaş olmalarına baxmayaraq, xasiyyətləri fərqlidi. Böyük oğlum mənim kimi istəyini bildirə bilmir, amma kiçik oğlum eynən atasıdır, istiqanlıdır.Yaxşı oxuyurlar, tələbə təqaüdü alanda yaman sevinirlər, nə qədər olsa öz qazanclarıdır. Yoldaşım sovetin qanunlarını görmüş zabitdir. Hərdən bu zəmanə ilə razılaşmayanda deyir ki, nə yaxşı uşaqlar oturub-durduqları dostları düz seçiblər. Həmişə onlara əsas sözüm odur ki, ola bilsin həyatdır, bu həyatda qazandığınız nəyisə itirə bilərsiniz, amma çalışın qazandığınız hörməti və bir mənim verdiyim tərbiyəni həmişə qoruyun. Çünki mənim tərbiyəm və daxili əxlaqım mənim ən böyük sərvətimdir. Bir arzum var ki, Vətənə dəyərli övlad olsunlar, mən də onları yaxşı ər, qayğıkeş ata kimi görüm. Allah bütün övladları qorusun. AMİN!

Bu şeirləri yoldaşım mənə yazıb, istədim sizinlə də paylaşım:

Məni

Qaşın qara, gözün qara,

Qoyma hicran qəlbim yara.

Ahım çatır ulduzlara

Gəl incitmə nahaq məni.

 

Salma məni dağa-daşa,

Ümüdüm yox qarlı qışa,

Lap indidən gəzək qoşa 

Sevindir bu bahar məni.

 

Gəz, dolan bütün ölkəni

Olmaz mən tək sevən səni.

Olsan anamın gəlini

Edərsən bəxtiyar məni.

 

Əsl sevən olmaz naşı

Ətəyindən tök bu daşı.

Qurumaz gözümün yaşı

Öldürər bu vüsal məni.

 

O baxışlar 

 

Yadına gəlirmi nişanlı idik

Bir bayram axşamı mən sizə gəldim.

Sən açdın qapını mənim üzümə

Ilk dəfə səninlə üz-üzə gəldim.

 

Gözlərim dikildi sənin gözünə

Nə mən danışırdım, nə sən dinirdin.

Mənim gəlişimin səbəbini sən,

Bir də ki, deyəsən anan bilirdi.

 

Hər Novruz gələndə düşür yadıma

Məni atəşlərə yaxan gözlərin.

Elə bil dəyişib, o gözlər deyil

Mənim pişvazıma çıxan gözlərin.

 

Xəyalım yenə də göylərə uçdu

Bilsən xəyalımdan nələr ötüşdü.

Açığını deyim, əziz sevgilim,

Yenə o baxışlar yadıma düşdü.

 

Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)

 

YEGANA

Toy günü hamı kimi mənimdə tariximə qızıl hərflərlə yazılıb. Evin tək qızı olduğum üçün atamın-anamın ərköyün, dəcəl qızının bu mühitdən başqa bir mühitə düşməsi həyəcan üstünə daha çox həyəcan gətirirdi. Yalnız fikrimdə "Görəsən öyrəşə biləcəyəmmi, görəsən söz götürəcəyəmmi?" kimi fikirlər nişanlanan gündən məni rahat buraxmırdı (şükür Allahın böyüklüyünə, hələ ki, hər şey gözlədiyimdən də gözəl gedir). Nəsə, qarlı,çovğunlu bir gündə - yanvar ayında toyum olub. Yoldaşımla həmin gün küsülü idim. Zəng vurdu ki, "gül qırmızı-ağlı olsun?" "Yox qara rəng olsun" deyib telefonu qapatdım. Onu da deyim ki, günah həmişə məndə olub, səbəbsiz yerə küsüb-danışmamaq adətim idi (indikindən uzaq). Aparmağa gəldilər, "Vağzalı" çalınana qədər mənə çatmırdı ki, artıq gəlin gedirəm. Atamın üzünə baxa bilmirdim. Toyum yaxınlaşdıqca atamda qəribə hallar hiss edirdim, nəsə gizlin-gizlin yazırdı. Çox vaxt şeirlərini mənə oxudardı, amma indi məndən gizlədirdi. Hiss edirdim ki nəsə mənə aiddir. Atam çırağın ətrafına məni dolandırandan sonra gəlib mənimə yoldaşımın arasında dayandı, hər ikimizin əlindən tutaraq dedi:

Qoru hər ləkədən məhəbbətini

Həmişə, hər yerdə, hər zaman, qızım.

Arxan ata evi, səadətini

Ancaq ər evində tapasan, qızım.

Mənə yazdığı bu şeiri deyib əllərimizi birləşdirdi, hər ikimizi öpüb yola saldı. Sonda hamıya ağ gəlinlikdə ata-ana xeyr duası ilə ailə qurmağı arzu edirəm.

 

Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)

 

KEMALE MEMMEDOVA

Mənim toyum 1990-cı ildə olub. Kənd toyu idi, amma çox gözəl keçdi. Biz evdə çox uşaq olmuşuq, evin ilki mən idim. Odur ki, mənim toyuma xüsusi hazırlıq olmuşdu. Toyxananın bəzədilməsindən tutmuş xanəndəyə qədər hamısını bəyəndim. Valideynlərimin mənim üzərimdə zəhməti çox olub. Toyumun ən maraqlı məqamı isə işıqların sönməsi və ortaya 5 mərtəbəli tortun gəlməsi oldu. Ailəmizin tortdan xəbəri yox idi ,az sonra nişanlımın toya gəlməsi bizi şoka saldı. Bizdə qadın toyu olduğu üçün kişilərə giriş olmazdı .Nişanlım düz qarşımda dayandı və "Mənimlə tortu kəsərsənmi?" dedi. Mən utandığımdan başımı aşağı salmışdım, qaynanam gəlib məni ayağa durğuzdu və bıçağı əlimizə verdi. Mən heç onda da nişanlımın üzünə baxmadım. Onu birinci dəfə toyda gördüm. Nişanlımı yalnız gəlin gedən gecəsi əməlli-başlı gördüm. Şükürlər olsun 23 ildir ailəliyəm. 1 oğlum, 2 qızım var. Artıq mən də nənə olmaq istəyirəm. Qismət Allahdan. Mən öz ailəmi həmişə hər bir pislikdən, paxıllıqdan uzaq tutmuşam Hamınıza öz ailəm kimi ailə arzulayıram.

Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)

Aysel 

 Mənim toyum 2005-ci ildə olub. Yoldaşımla mən bir-birimizi sevirdik, amma ailələr razı deyildi. Mənimki deyirdi ki, "Evi yoxdur", onun da anası deyirdi ki, "Mən nə üzlə elçi gedim? Deməzlərmiki, oğlunun nəyi var? Nə işin, nə evin, nə də pulun". Nə isə, mən dedim: "Elçi göndər, verməsələr qaçarıq". Elçi gəldilər, valideynlərim razılıq vermədilər. Biz də dediyimiz kimi etdik, məni qaçırdı. 10 gündən sonra toy oldu, amma toy günü mən çox sıxılırdım. Məni salona apardılar, amma məni ağlamaq qoymurdu ki bəzəsinlər. Eləcə deyirdim: "Valideynlərim görən neyləyir? Məni bağışlayacaqlarmı?" Saat 4 idi, hələ hazır deyildim. Axır ki, birtəhər bəzədilər, amma şənlik evinə girəndə gözüm eləcə qohumlarımı gəzirdi. Əvvəl heç kimi görmədim, sonra gördüm ki, əmim, bacım, xalam qızı, dayımın yoldaşı, hamısı gəliblər. Qızıl hədiyyə də almışdılar. Toy günüm elə də siz deyən maraqlı olmayıb. Orada oturanda etdiyim səhvi başa düşdüm ki, gərək qaçmazdım, axı valideynlərim çox sınmışdılar. Amma yoldaşımı da çox sevirdim, neyləyə bilərdim... 1 ildən sonra oğlum dünyaya gələndə valideynlərim məni bağışladılar. 

 

Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)

 

PERVANE ELIYEVA.......

Toy günüm elə yadımdadı ki, sanki dünən olub. Bu il 16 il olacaq. Yoldaşımla bir yerdə gəlinlik seçib aldıq. Qız toyum ayrı oldu, oğlan toyu ayrı. Hər ikisi bir ayın içində oldu. İki toyun arasında 15-20 gün ara oldu. Qız toyumda elə də həyəcan yox idi, bilirdim ki, hələ  ata evinə qayıdacağam. Həyəcan oğlan toyu yaxınlaşdıqca başladı. Həm sevinirdim, həm də kədərlənirdim. Toyda gül buketim çox böyük olduğunnan heç yoldaşımın qoluna girə bilmədim. Toy boyu heç nə danışmadıq. Çox utanırdım. Həm də evdən çıxanda çox ağlamışdım. Toyda atamın bir dostu soruşmuşdu ki, "sən bu qızı niyə bu oğlana güclə vermisən? Yazıq qıza baxanda bilinir ki, oğlanı sevmir". Atam yazıq demişdi ki, "özü sevib gedib". Rəqs etməyə də demək olar ki, hec durmadım. Hər iki toyda tanınmış müğənnilərimiz iştirak edib. O vaxta görə çox təmtəraqlı, yaxşı toy idi. Belə gözəl sevgimizin ən gözəl bəhrəsi 2 balam var. Xoşbəxtəm. İnanın ki, əsas qızıl, təmtəraq deyil. Mən bunu bu illər ərzində başa düşdüm. Əsas sevgi, hörmət, bir-birinə dəyər vermək, hər əziyyətə qatlanmaqdı. ALLAH bütün subaylara gözəl həyat, xoşbəxt ailə qismət etsin. AMİN!!!

 

Ardı var

Səslərin sayı: 25
120
6391
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
SUPERRRRRRRRRRR xöşbəxtolun
14 yanvar 2014 22:45
Offline
AIDE AZADQIZI
MARAQLIDI.Təşəkkür.
13 noyabr 2013 21:38
Offline
Rzayeva Guler
Cox maraqlidi coxsaqolun
10 sentyabr 2013 19:30
Offline
damla
çox gözəldir çox bəyəndim bi xəbəri allah bütün qadınlarımı xoşbəxt etsin. arzularımıza çataq amin inşallah
4 sentyabr 2013 15:48
Offline
.
Allah her birinizi xosbext etsin mende aranizda. Insallah.
7 avqust 2013 18:42
Offline
PƏRVANƏ ƏLİYEVA......
PERVANE ELIYEVA.......-bacı,atanı niyə pis vəziyyətdə qoymusuz?

he baci hec deme yaziq kishi oldururdu ozunu ki coxlari ele bilirki seni gucnen vermishem ere.Rehmetliy atamnan zarafat cox ederdik.Dedim ay papa durum oynuyum mama ordaca durun etimi qopartsin.oynamamisham ozumu aqir aparmisham sende deyirsen bele.

Menimse atam mene xeyir dua bele gelib vermedi bibican ele restoranda da uzume baxmirdi hetta 4 ildir menle tez tez danismaga calisir ele aglayir men onla nefes aliram oda menle...AMa qismet ayri dusduk teki cani sag olsun

Mene dedilerki atan ushaq kimi aqliyir sene xeyir duani boyuk dayim yada boyuk emim ikisinnen biri gelib verecey.Dedim atam gelmese mene xeyir dua vermese evden cixanin uzune tupurun siz.Atama xeber verdilerki qiz bele deyir.Vaqzali calindiqini eshitdim birde baxdimki mende hal qalmiyib.atamla belke 20 deqiqe qucaqlashib aqladiq.indide toy kasetime baxanda ozumu saxliya bilmirem aqliyiram.
22 iyul 2013 00:41
Offline
Humay
cox maraqla oxudum gulmeli ve kedrli xatireler haminiza xowbextlik arzulayiram ALLAH hamiya xowbext aile nesib etsin
22 iyul 2013 00:23
Offline
Gulum
Lalə Hacət-i Vuslat,tewekkurler canim her wey Allahin elindedi
17 iyul 2013 16:30
Offline
GÜLÇİN
Allah xoşbəxt etsin hər kəsi!
17 iyul 2013 16:15
Offline
v.faya
ALLAH xosbextliyinizi daimi etsin.
17 iyul 2013 16:08
Offline
Hacət-i Vuslat
Guluw Serdarqizi,kövrəldim bacı...Allah xoşbəxtliyinizi daim etsin...
16 iyul 2013 01:35
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Hacət-i Vuslat
Aaaaaaaa,xəbərim yoxdur xəbərdən!Nə maraqlı alınıb-təbrik edirəm,bir-bir oxudum,PERVANE ELIYEVA.......-bacı,atanı niyə pis vəziyyətdə qoymusuz? mocking
KEMALE MEMMEDOVA-tort kəsmək təklifi çox romantik olub!
YEGANA,boooy bacı,səndən korkulur Vallahi,qara gül nəydi? shok
AY ISIGI-"Ay qız, nə olub, səni qoyub getməyəcəklər ki. Niyə ağlayırsan?" lol
♥ Feriha♥,çoxsağolun,
Nara 25,inşaAllah bacı,boş şeylərdir.dil-qəlb birliyi olsun.gerisi yalan...

Sada bacım,çox sağol,sayəndə xəbərdən xəbərim oldu


Lale siz hansi bolgedensiz maraqli geldi.Ilk defe esitdim ki, gelinin belini qaynaatasi bagliyib.Allah haminizi xosbext etsin ve sevdiklerinizle uzun omur yasayin

Yoldaşımgilin adətidir-nardarandandılar.

Asi,
PERVANE ELIYEVA .......,
SəRRaS,
çox sağolun give_ros
15 iyul 2013 23:16
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
♥ Emirsiz Feriha ♥
Lalə Hacət-i Vuslat hekayesin beyendim)) menimcun en gozel gunde baw tutub toylari
13 iyul 2013 21:00
Offline
Pervane
Allah butun qizlari xowbext etsin inwaallah.hamisi bir birinden maraqlidi.Yeganenin yazdogini oxuyub kovreldim..Lale bacinki ise lap menim toy xatirelerimi xatirlatdi.inanin menimki onnan da beter olub.qachaqovnan evlenmiwik...
13 iyul 2013 00:02
Offline
♥ Emirsiz Feriha ♥
coox gozel hekayelerdi Allah xowbextliyiniz sonadek elesin
12 iyul 2013 23:46
Offline
Ayka Nəcəf
maraqli alinib xeber.Tesekkurler.Qizlarin da yazisini maraqla oxudum.Allah hamini xosbext etsin/
7 iyul 2013 16:18
Offline
Nigar Sultan
çox maraqlı və təsirrli toy xatirələri var girl_ang
5 iyul 2013 10:38
Offline
Realist
Hər birini maraqla oxudum və hər bir xatirə də ayrı-ayrılıqda xoş təsir bağışladı mənə.. ALLAH hər birinizi xoşbəxt etsin. O günün xoşbəxtliyi, sevinci bütün ömür yolunuza sirayət eləsin. Hər zaman bir qəlb kimi vurun. AMİN.
5 iyul 2013 09:57
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Nara 87
HAMISINI BIR-BIR OXUDUM OOOO QEDER MARAQLI GELDI KI YADIMA TOY HADISELERI DUWDU.ALLAH HAMINI XOWBEXT ETSIN ICINDE BIZLER OLMAQLA.MENIM DE INWALLAH YAXIN AYLARDA TOY GUNUM TEYIN OLUNMALIDI ALLAH QOYSA,BILIREMKI Lalə Hacət-i Vuslat KIMI EVIMIZE AYAQ BASIB GIRECEYIK INWALLAH,CUNKI BIZDE DE EV MESELESINE GORE UZANIB.YENE DEYIREM ALLAH HER BIR AILENI XOWBEXT EDIB,AILE SEADETI VERSIN.AMIN!
5 iyul 2013 09:14
Offline
Ellada Babayeva
Guluw Serdarqizi,
Nə gözəl.Xoşbəxt olasız. give_ros give_ros give_ros smile
5 iyul 2013 00:08
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış