Atası Həmzət kişi müharibədən qayıdanda Sevilin 5 yaşı olub: "... Anam məni qonşuların ümidinə qoyub işə gedərmiş. Atam döyüşlərdə ayağının birini itirmişdi. Onunla oynamağı xoşlayırdım. Həmişə deyirdim ki, hamının iki ayağı olduğu halda, niyə səndə təkdi? Sonralar, ağlım kəsəndə bu sualın xəcalətini çəkmişəm (Sevil Qazıyevanın gündəliyindən)". Bu, müharibə acısıydı. Sevilgil də onu dadmışdı. Amma işıqlı gələcəyə həmişə inanmışdı. İnanmışdı ki, yolumuz kommunizmədi. Bu yol da zəhmətdən başlayır, ağır, gərgin zəhmətdən. Elə ona görə də Tursunoyu tez eşitdi. Yolu da Binədəki məktəbdən keçirdi. Təhsil müddəti bir il çəkdi. Bu bir ilin bir ayını istehsalat təcrübəsi keçməliydi. Maşınla pambıq yığımı ən çox Mil düzündə tətbiq olunduğundan qızların doqquzunu - içərilərində Sevil də olmaqla keçmiş Jdanov (Beyləqan) rayonunun 5 saylı sovxozuna göndərdilər. Bu sovxozun adı iki ildən sonra Moskvada açılan Azərbaycan kənd təsərrüfatı sərgisində qızıl hərflərlə yazılacaq (Bu sovxoz xeyli vaxt Sevil Qazıyevanın adını daşıyıb - M.N.)
... Özbək qızı Tursunoyun bu çağırışından sonra həkim olmaq arzunu da unutdu, mətbuata yaxın düşsün deyə, qəbul olunduğu 5 saylı sənət məktəbini də eləcə. Özü bir yana, mütərrib olacaq 3 yaşıdını - Məmləkəti, Solmazı, Diləfruzu da "yoldan elədi". Günlərin birində o qızlar da Sevilə qoşulub Mərkəzi Komitəyə getdilər. "Niyə azərbaycanlı qız maşınla pambıq yığmasın?" Tələb nəzərə alındı. Aradan bir neçə ay keçmiş qəzetlər yazırdı: "Binədəki Kənd Təsərrüfatını Mexanikləşdirmə Məktəbində sürücü-mexanik hazırlayan kurs açılıb...
Kursa ilk yazılanlar da bu dördlük oldu ( onların ardınca 58 qız məktəbə sənəd verdi). Bu qızların hərəsinin öz aləmi vardı. Sevilin də gözəl səsi vardı, şerləri könül oxşayırdı. Sənət məktəbinin nəzdində yaratdığı dram dərnəyində bir gün Almaz olurdu, bir gün Pəricahan, bir gün də çadrasını atan Sevil. İki-üç ay sonra özü də inqilab eləyəcək. Bunu bilir. Amma uzun hörüklərinə əl vurmaq fikri yoxdu. Onlara vurğundu. Əzizləyir, tumarlayır. Amma hələ nə hörüklər qatildi, nə də... cavan ömrü sovet əməyinə qurban gedən SEVİL QAZIYEVA tanınır... Məşhurluğa lap az qalıb... Gəlin bərabər, Sevil adlı yarıda qırılan ömür kitabına səyahət eləyək.
... Mən də indi həmin sovxozdayam. Bir vaxtlar Sevilin yaşadığı evdə. Ev yenə də Sevilindi. Gəlməsə də. Görməsə də. Ancaq... səhv elədim... Sevil hara gedib ki? Bəs bu qırmızı rəflərdə səf-səf düzülən şəkillərin hərəsi bir Sevil deyilmi? Şəkillər o qədər həyati, o qədər canlıdı ki... Hərəsi də bir hadisə, bir maraqlı tarixdi... Şəkillər nə demir? Sevilin uşaqlığı, məktəb illəri, son zəng... Dostları, yoldaşları, sənət məktəbindəki günləri, istehsalat təcrübəsinə gəldiyi vaxtlar, tikiş tikməyi... Bu şəkilsə deyir ki, təcrübəyə gələn tələbə Sevil Qazıyeva 160 ton pambıq toplayıb. Sonra... sahədi, kombayndı, ağappaq pambıqdı... Yarış dostları - Sərdar İmrəliyevdi, Tursunoy Axundovadı... Burda Ümumittifaq Komsomolunun 14 qurultayında çıxış eləyir, burda Pəricahan rolundadı, bu da anası Anaxanımla bacısı Gülşəndi. Kollektiv şəkilərin birinə nəzər salıram. Polad Bülbüloğlunun gəncliyi, KQB üzvü Əzizağa Hüseynov. Bu da Kubanın prezidenti Fidel Kastro, qardaşıyla Sevilin görüşünə gəlib. Hələ Yuri Qaqarindən danışmamışam. Deyirlər, Özbəkistanda qurultay zamanı foyedə milli rəqslər təşkil eləyiblər. Qaqarin Sevillə necə rəqs eləyibsə, yığılanlar heyran qalıb.
Rayon, şəhər sovetinə deputat olduğu vaxtlar, Sərdar İmrəliyevlə birgə Ali Sovetə deputat olduğu anlar, 1962-ci ildə Bakıda keçirilən Yeni il şənliyində Sevil televiziya aparıcısı kimi Nizami Məmmədovla birgə. Yanında Roza Tağıyeva, Cabir Novruz, Söhrab Tahir, Südabə Şəfa... Rəflərin birində isə ona verilən mükafatlar - təltiflər, ordenlər, 1965-ci ildə adına təsil olunan priz, Keçici Bayraq, Qırmızı Əmək Bayrağı Ordeni... Haqqında yazılan poema ("Günəşin bacısı" - Nəbi Xəzri), oçerk, məqalələrlə bəzədilib. Bütün bunlar 23 yaşında əmək qəhrəmanı kimi məşhurlaşan, elə əməyə də qurban gedən şəhid Sevilin ölməzliyini deyir.
Burda bir məktub da var: "Hörmətli Sevil... Gözəl arzularla yanan gənclərə mən kömək etməyə həmişə hazıram. Şerlərini də gətir gəl, oxuyum. Məsləhətləşək. Ünvanım belədir: Hüsü Hacıyev küçəsi, ev N1, blok 4, kvartira 35. Hörmətlə Mirvarid Dilbazi. 18-III/1961".
Sevilin evini 1986-cı ildən muzey eləyiblər. Muzeyin direktoru Ofeliya Hacıyeva da deyir ki, Sevil onun bacısı Tərlanla yaxın rəfiqə olub, sonra da bu yaxınlıq ailəvi dostluğa çevrilib. Elə muzey də yaranandan Sona xanım (Sevilin bacısı. O bir müddət Beyləqanda ikinci katib işləyib - M.N.) bu açarları ona etibar eləyib. Sevil ilk ixtisaslı kadr kimi sovxoza gələndə (1960-63) əvvəl çətinliyi çox olub. Briqadirlər onu sahəyə buraxmırmışlar. Səbəb: "Qız hara, kombayn hara?"
Sevil bu fikrə düşəndə ona dedim ki, axı sən heç pambıq nədi bilmirsən, görməmisən. Dedi, niyə bilmirəm, pambıqçı Manya Kərimova haqda hekayə oxuyanda 3-cü sinifdəydim. O qızları Mərkəzi Komitənin kəndli-gənclər şöbəsinin müdiri Sahib Sailovun yanına apardığım heç yadımdan çıxmaz. Qızların Tursunoy kimi mexanizator olmaq istəyinə Sayılov necə sevinmişdi. İki əlini göyə qaldırıb deyirdi ki, sizi Allah yetirib. "Biz belə qızlar axtarırıq." Demə, yuxarıdan belə göstəriş verilibmiş. Yanvarın 3-də "Molodyoj Azerbaydjana" və "Azərbaycan gəncləri" qəzetində bu qızların (Diləfruzdan başqa. O Leninqrada idman yarışına getmişdi) 3-nün də şəkli getdi. "Tursunoy, biz səninləyik" adlı məqalə yazıldı. Bundan sonra... Hər şey elə ani, elə sürətlə oldu, Bir də ayıldım ki, onun sorağı xaricə də çatıb. Elə bir mötəbər yığıncaq, məclis olmazdı ki, Sevil çağırılmasın. Ofeliya xanımın sözləri düzdür. Sevili əvvəlcə sahəyə buraxmırdılar. Ta Solmaz Cəfərova onu sahəsinə dəvət eləyənə qədər. Həmən il Solmaz xanım planı birinci doldurdu deyə, Sevilin işləri düzəldi. Sevil günlə-ayla yox, saatbasaat şöhrət qazanırdı. Təsəvvür eləyin, dalbadal mükafatlar aldı, pambıq yığa-yığa Azərbaycan Ali Sovetinə deputat seçildi (1963). Onun hörmətinə baxın ki, Ali Sovetin Sessiyasını açmağı ona həvalə eləmişdilər. Olduqca səlis nitqi vardı, alovlu çıxışları olurdu...
Sevil Sərdar İmrəliyevlə yarışırdı. Hər ikisi maşınla pambıq yığmaq ustası və respublikanın əməkdar mexanizatoru adını almışdı. Onlar birgə kompleks pambıqçılıq briqadası yaratmışdılar. Pambığı özləri əkir, becərir, özləri də yığırdılar.
Çingiz müəllimin Sevillə tanışlığı da təsadüfi olub. Deyir ki, Montin qəsəbəsində yerləşən peşə məktəbinə Diləfruz Ocaqquliyevanı görməyə gedibmiş:
- Diləfruz uşaq evində böyümüşdü, kimsəsi yoxuydu. Ona görə də həmişə o qıza baş çəkirdim. Sənət məktəbində oxuyanda da yanına getmişdim. Məni hündürboy, sarışın, iti baxışlı bir qızla tanış elədi. Diləfruzla Sevili heç vaxt ayrı bilməmişəi. Onlar iki dost, iki bacı, iki həmdəm idilər. Beyləqana da qoşa getdilər. Sovxozda qızlara hər cür şərait yaradıldı. Az sonra Sevilə mənzil verdilər, onu iki il dalbadal mexanizatorların biriqadiri seçdilər. Bu qız, od parçasıydı. Hansı işi başlayır-başlasın, axıra çatdırmalıydı.
O vaxtlar Sevillə Sərdar İmrəliyevin pambığın maya dəyərini aşağı salmaq haqqında müraciətləri də yaxşı qarşılandı. Həyatı boyu pambıq görməyən bir qızın elədikləri doğrudan möcüzəydi. Təşəbbüsü-təşəbbüs dalınca verirdi. "Hər ilin əvvəlində yeni bir təklifin olmasa adamları arxanca apara bilməzsən"- bu onun deviziydi. Sevil də bu sovxoza elə bağlanmışdı ki... Ata-anasını da köçürüb yanına gətirdi.
Sevil ictimaiyyətçiydi. Sovxoz həyatında da inqlab eləmişdi. Qızlar klubu açmışdı, gənc qızları özfəaliyyət dərnəyinə toplamışdı. Onun təşəbbüsüylə dram dərnəyi yaradılmışdı. "Qaynana"da Afəti, "Sevil"də Sevili oynamışdı.
O həm də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsində qiyabi təhsil alırdı. Mən də o vaxtlar həmin institutun zootexnik fakültəsində qiyabi oxuyurdum. Onda da o qızın qabiliyyətinə mat qaldım. Müəllimlər etiraf eləyirdilər ki, Sevil əyani oxuyan tələbələrdən də hazırlıqlıdı. O qədər işlə, o qədər hərəkətlə bu adam imtahanlara necə hazırlaşırdı? 1962-ci ildə keçirilən qurultay da Sevilçün uğurlu oldu. O, Kremldə düzəldilən hökumət qəbulunda ölkənin kəndli-gəncləri adından çıxış elədi (rusca da yaxşı danışırdı). Özbəkistanda keçirilən müşavirə də maraqlıydı. Gözəl səsi vardı. Daşkəndə uçarkən (1962) Sevillə Diləfruzun səs-səsə verib "Qarabağ şikəstəsi" oxumaqlarını unutmaqmı olar? 1963-cü ilin əvvələrində onu Qırmızı Əmək Bayrağı Ordeniylə təltif elədilər. Komsomolun XIV qurultayından qayıdandan sonra Sevilə "Moskviç" maşını hədiyyə elədilər.
Tərlan deyirdi ki, o qədər məşhurlaşsa da bizə münasibəti dəyişmədi. Çox xoşxasiyyət olub. Heç qəlbə dəyməyi sevməzmiş. Bacım deyirdi ki, haçan sahədə oturardıq, o bizdən qabaq toz-torpağın içində oturardı. Ailələrini də o saxlayırdı.
Sevil cavanıydı. Ətrafa işıq salırdı. Neçə-neçə cavanın ürəyinə köz salmışdı. Ona qəlbini açan, məhəbbətini izhar eləyən günü-gündən artırdı. Amma Sevil könlünü İsrafilə vermişdi. O İsrafilə ki, Gəncədə Kənd Təsərrüfatı İnstitutunda görmüşdü, sevmişdi, əhdi-peyman eləmişdi. İsrafil də kim olsa yaxşıdı? Tanınmış rejissorumuz Ağakişi Kazımovun qardaşı.
Qardaşım İsrafil bunu mənə deyəndə çaşdım. Çünki o vaxtlar Sevil bütün ölkədə tanınırdı, çox məşhurlaşmışdı. Sonra gördüm ki, doğrudan da onların münasibətləri çox ciddidi. Qardaşıma dedim, haçan ayağınız şəhərə düşsə bizə də gəlin. Bir yerdə işləyirdilər axı. Az sonra Sevil bacısıyla bizə gəldi. Mən də təzə evlənmişdim. Hələ uşaq-filan da yoxuydu. Balaca bir evim vardı. Oturduq söhbət elədik, o qədər düşüncəli, məntiqliydi ki... Desəm ki, belə gözəliydi, elə gözəliydi, yox, amma içində qəribə bir işıq vardı, onu nura boyamışdı. O nur Sevilə təkrarsız cazibə verirdi. Adam nə qədər təmkinli, nə qədər ağıllı olarmış... Tanışlıq mənə ləzzət elədi. İsrafil yanıma gələn kimi, dedim, qardaş, get toya hazırlaş. Bu söhbət Sevilin ölümündən 3 ay qabaq oldu. Bir gün də adətim üzrə radioya qulaq asırdım. Bu faciəni eşitdim. İnanın, dünya başıma fırlandı. Biz toy tədarükündə, xonçalar hazırlanır... Qardaşım bu faciənin acısını ölənə kimi daşıdı. Sonralar evlənsə də elə hey Sevil deyib dururdu. O da çox yaşamadı.
Sevilin ölümü haqda çox şeylər dedilər, çox hekayələr, rəvayətlər danışıldı. Amma İsrafil deyirdi ki, faciədən xəbər tutan kimi hadisə yerinə gedib. Çox dəhşətli mənzərəymiş. Kimsəni onun cənazəsinə baxmağa qoymayıblar. Nə bilim... bu qız sovet hökumətinin yolunda bir meteroid kimi uçdu, yandı və söndü. Qismət beləymiş...
Qismət başqa şeydi qardaş! Görünür, Sevilə QİSMƏT yazan belə yazıb - 1963-CÜ İLDƏ, 23 YAŞINDA, SENTYABIRIN 23-DƏ hər gün darayıb qoşa hördüyü saçıyla, əzizlədiyi, qürurla o baş- bu başa sürdüyü kombayın ona qəsd eləsin.
O gün Sevil növbəti mükafat - Keçici Bayraq almışdı. Bu münasibətlə də ölkənin sayılıb seçilən adamları, o cümlədən Mərkəzi Komitənin birinci katibi Vəli Axundov da Sevili təbrik eləməkçün düz onun işlədiyi sahəyə gəlmişdilər.
Ofeliya xanım danışır ki, təmtəraqlı təqdimetmə elə tarlada olub. O gün qonaqlara xörəyi də onun anası hazırlayıb. Axşam çağı, hardasa saat 19 radələrində sahələrdən dəstə-dəstə qayıdan pambıqçılardan yarışdığı adamın ondan bir bunker çox pambıq yığdığını öyrənən Sevil anasına deyib ki, bir dəfə sahəni o baş-bu başa gedib qayıdıram. Gedib, amma...
Hadisənin şahidi Çingiz Fərəcov deyir ki, saat 10-a işləmişdi, Sevilin maşını tarlanın ortasında dayanıb. "Haya gedən Qənimət (Sevilin köməkçisi) gəldi ki, "Sevil ölüb". Bütün kənd tarlaya axışdı, bir hay-haray, vay-şivən qopdu. Biz ora çatanda Sevil hələ ölməmişdi. Dizi üstə maşının qarşısında əyilmişdi. Maşın onun başının dərisini tamam parçalamışdı. Yəqin maşının şpindellərini təmizləmək üçün əyilibmiş. Amma matoru söndürməyi unudub. Sonra da çarxlara dolaşan saçı onu ölümə sürükləyib. Həkimlər dedilər ki, bu xəsarətdən ölə bilməzdi. Qorxudan ürəyi partlayıb. Düz deyirdilər, o vaxt Cəbrayıllı bir qadın da eynən Sevil kimi olmuşdu, hələ sağdı. İndi zaman dəyişib. Sevil də unudulub, o dövrdə əməyə can qoyan insanlar da. Bu biganəliyin acısı məni dünyaya küsdürüb. O qızların hər biri qəhrəman idi. Sevilsə canını zəhmətə qurban verən şəhid.
Kimi bu işin xüsusi sifariş, kimi qəsd olduğunu dedi. Böyük təntənə ilə mükafat verməyə gələn Mərkəzi Komitənin sükutu da az müəmma doğurmadı. Sevilə kim, niyə qəsd eləyə bilərdi, deyə bilmərəm, amma görüntü beləydi- QATİL HÖRÜKLƏRDİ, bir də dəqiqədə min dəfə dövr eləyən ŞPİNDELLƏR. Onlar cəzalarını aldılar. O il qız gəlinlərin əksəriyyəti uzun hörüklərini kəsib yerə atdı, o maşına da "yeddi il türmə kəsildi". Yeddi il iş kəsilən bu maşına isə heç on yeddi il sonra da yaxın duran olmadı. Ötən iləcən bir küncündə paslanan bu maşını sürüyüb harasa aparıblar. Bəs ölüm haqda Ofeliya xanım nə bilir? - Sevilin ölümü haqda mən də çox sözlər eşitmişəm. Dəfələrlə bu cür yazılar da oxumuşam ki, onu öldürüblər. Nə deyim... Sevil ömrünə səyahətə muzeydən başlamışdım. Muzeylə də yekunlaşdırmaq istəyirəm.
Sən demə, muzey də başıbəlalıymış. Bura göz dikən də varmış, əl uzadan da . 1993-cü ildə muzeyi yağmalayıblar da. Belə hallar bizə yad olmasa da təəccübləndim. "Burda tamah salası nə var?" Amma varmış:
- Bəzi əşyaları, o cümlədən xalçaları (6 xalça), Sevilin səsi yazılan lenti, ona verilən hədiyyələri aparmışdılar. O vaxt rayon prokuroru işə qarışmasaydı, bunları tapmaqmı olardı? Oğurlanan əşyaları bilirsiz hara atmışdılar? - Kanala. Suyun içindən yığıb gətirdilər. Hadisə mənə elə ağır təsir eləmişdi ki, onsuz da o qızın faciəsi ağırdı. Daha ruhunu incitmək nəyə lazımıydı? Hələ də xalçaları bura gətirmirəm, evə qoymuşam. 1997-ci ildə yenidən qayıtdım bura.
Muzey direktorunun bir problemi də odur ki, muzeyi itirib-axtaran yoxdu. 1997-ci ildən maaşı da kəsilib. Bu haqda lazımi yerlərə müraciət eləsə də cavabsızdı:
- Elə- belə, dostluğumuzun xatirinə bu qapını açıq qoyuram. Sona xanımı gözləyirəm, gəlsin, əmanətini qaytaracam. Bu laqeydlik rayonla, əldən-ayaqdan uzaq olan bir kəndlə Mədəniyyət Nazirliyinin məsafəli olmasıdımı? Paytaxta dönəndə Mədəniyyət Nazirliyiylə əlaqə saxladım. Nazirlikdən bildirdilər ki, muzey ictimai əsaslarla yaradılıb. Dövlət muzeyi olmadığından cavabdehlik onlara aid deyil. Bakıxanov küçəsində Sevilə qoyulan heykəl də baxımsızdı. Deyəcəksiniz, nə olsun? Sovetlər də gedib, əmək bahadırları da. Olsun! Amma gəlin yaxın tarixi yaşatmaq naminə bu abidələrə diqqət yetirək!
Mənsurə NOVRUZQIZI
XƏBƏR LENTİ
Beyonsun heykəli hazırlandı-FOTO
Ledi Qaqa yenə geyimi ilə təəccübləndirdi-FOTO
Maaşın nə günahı?
Fitoterapiya nədir?
Mikellanın Səsverməsinə bu qədər xərclədilər
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Rusiya növbəti təyyarələrini İrəvana göndərdi
Ziyafət geyimləri
"iPone-7" üçün 23 gün küçədə yaşadı
Bu günün hava proqnozu
Pərdə - plyonka "sezonu" bitir
Dəvə sümüyündən velosiped -FOTO
Qızarmış ciyər (foto-resept)
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Qış aylarında dəri baxımı
Şərqdə ilk opera bəstələyən azərbaycanlı xanımın doğum günüdür
Qadın siyasəti
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Beyazın yeni işi TƏƏCCÜBLƏNDİRDİ
Lotereyada 20 min uddu biletini yandırdı-SƏBƏB/VİDEO
Qızıl və gümüş ucuzlaşıb
Paşinyanın gizləndiyi yer məlum oldu
Təlqinlə bədəni gücləndirin
Hamiləlikdə dəri dəyişkənliyi
Sabah məktəblərdə ilk dərs nəyə həsr olunacaq?
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Koronavirusla bağlı bildiyimiz HƏR ŞEY YANLIŞ İMİŞ-16 fakt
Növbəti əfv siyahısı hazırlanır
Balıq yedikdən sonra süd içmək olarmı?
"İşğal olunmuş torpaqların geri qaytarılmasına ümidlər artıb"
İlin adamı seçildi
Bakının kənar küçələri də "sevinəcək"
Azərbaycanda zəlzələ oldu
Hava haqqında
Astroloq 2020-ci illə bağlı proqnoz verdi
Cins şalvarlar
Armud şirəsinin faydaları
Günün qoroskopu: özünüzə vaxt ayırın
Hisə verilmiş ətdən salat (foto resept)
İki məşhur sevgili oldu
Körpə ilə tətilə çıxmaq
Pendirli qızartma (foto-resept)
Messidən möhtəşəm dönüş
İndoneziya qorxuya düşdü
Nepalda yenidən güclü zəlzələ oldu
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
Nazim Hikmətin şeirindən ilhamlanan kolleksiya
Qoyun ili üçün "Quzu tortu"(foto resept)
Evdə limon bitkisinin becərilməsi qaydaları
İlham Əliyevlə Serj Sarkisyanın görüşü gözlənilir
- ŞƏRHLƏR